Bu günlərdə Dənizkənarı Bulvarda bayram ab-havası hökm sürür. Şəhərimizin bu gözəl məkanında UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb. Şənbə günü uşaqlarla birgə bu ünvana getdim və yüksək zövq aldım. Belə qənaətə gəldim ki, biz bacarırıq!
Doğrudan da hər şey yerli-yerində, yüksək səviyyədə hazırlanıb. Festivalın keçirildiyi xüsusi məkanda azarkeşlərə lazımi elanların verilməsindən tutmuş, təhlükəsizlik tədbirlərinə qədər, hər şey nəzərə alınıb. Düzdür, açılış törəninə gecikdiyimizdən festivalın ulduz qonaqlarını – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonu şəxsən görə bilmədik, ancaq burada futbol şousu göstərən gənc əcnəbilərin məharəti hər kəsi heyran etdi. Hələ bizim mühafizə xidməti, polis əməkdaşları, könüllü gənclər… O qədər səmimi, alicənabdırlar ki…
Bu balaca məkandakı atmosfer mənə dedi ki, biz lazım olanda bacarırıq! Hətta yüksək səviyyəli təşkilatçılığa görə Avropanın ən iddialı ölkəsi ilə də rəqabətə girməyə qadirik! Ürəyimdən o da keçdi ki, kaş bir-birimizə qarşı münasibət hər zaman belə ola, festivalın keçirildiyi məkandan 100 metr kənarda da, 5 gün, 5 ay sonra da! Bacarırıqsa, niyə daimi ənənəyə çevirməyək?!
Nə isə… Azarkeş Festivalındakı mənzərə Azərbaycanın düşmənlərinə kiçik bir dərs də sayıla bilər. Düzdür, qarşıda möhtəşəm final var, amma elə ilkin təəssüratlar da çox şeyi deyir.
Bu arada gənclər və idman naziri Azad Rəhimov əla deyib və mxitaryansevərlərə dərs verib. Sitat: “Bəlkə Mxitaryanın dalınca iki F-16 Fighting Falcons qırıcısının müşayiəti ilə özəl təyyarə yollayaq?”
Ədalət naminə qeyd edək ki, UEFA prezidenti Aleksandr Çeferin “Arsenal” klubunun erməni hücumçusu ətrafında Avropa mediasında qaldırılan süni ajiotaja tutarlı reaksiya verib. Çeferin “Spiegel”ə deyib: “Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir. Azərbaycan oyunçunun təhlükəsizliyinə təminat vermişdi”.
Bundan sonra “qurbağa gölünə daş atıldı”mı? Daş atıldı, amma çətin ki, qurbağaların səs-küyü kəsilsin. Hələ davam edəcəklər, mövzu ikrah doğurana qədər dartışacaqlar ermənilər və erməni xislətlilər. Necə ki, saxta “soyqırım” iddiasını bir əsrdən çoxdur sürüyürlər, çürüdürlər. Necə ki, “Sumqayıt hadisələri”ni 30 ildən çoxdur sərsəm iddialarla bəzəyib dünyaya yayırlar.
Təəssüf ki, Avropadakı ayrı-ayrı media orqanları da erməni felinə uyur, yaxud erməni maliyyəsi qarşılığında tab gətirə bilməyib əraziləri erməni işğalında olan, minlərlə insanı qətlə yetirilən, girovluqda qalan Azərbaycana qarşı iftiraları tirajlayırlar. Britaniyanın “The Independent” qəzeti kimi… Utanmazcasına “Bakıda və Sumqayıtda ermənilərə divan tutulub, erməniləri diri-diri yandırıblar” kimi sərsəmləmələrə yer ayrılıb. Hətta iddia ediblər ki, Mxitaryanın ailəsi Azərbaycanın zorakılıqlarından (!) xilas olmaq üçün İrəvandan Fransaya köçüb. Absurdun son həddi!
Britaniya qəzeti həqiqəti yazmaq fikrinə düşsə, Bakıda bu gün də yaşayan 30 min ermənidən bəhs edərdi. Yazardı ki, 101 il əvvəl 1918-ci ilin 27 mayında, Azərbaycanın tarixi ərazilərində yaradılan, İrəvan xanlığının mərkəzi paytaxt olaraq ermənilərə verilən ölkənin ərazisindəki sonuncu 250 min azərbaycanlı qovulandan sonra Ermənistanda bircə azərbaycanlı yaşamır, Bakıdan fərqli olaraq! Amma onlara həqiqət lazım deyil, Azərbaycana təzyiq etmək üçün bəhanələr, saxta iddialar gərəkdir.
Ermənilərin, Mxitaryan tozanağı qoparıb Azərbaycanı gözdən salmaq istəyənlərin cavabını elə Bakıya gəlmiş erməni idmançılar verdi. Rusiya yığmasının tərkibində aerobika üzrə Avropa Çempionatında iştirak edən Qarsevan və Duhik Canazyan bacı-qardaşdırlar. Sitat: “Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub”.
Başqa ermənilər də ədalətli mövqe sərgiləyib. Erməni boks Federasiyasının mətbuat katibi Ervand Hakobyan yazıb: “Erməni idmançılar Bakıya hələ 2007-ci ildə keçirilən dünya çempionatında iştirak etmək üçün gediblər. Ardınca 2015-ci ildə Birinci Avropa Oyunlarına qatılmaq üçün də Bakıya yollandılar. Onlara qarşı hər hansı bir təhlükə, təzyiq müşahidə olunmadı”. Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimi Araks Marutyan da Mxitaryan şousuna qarşı çıxıb.
Bizim cavabımız bir yana. Məncə, Mxitaryan mövzusunda bədxahlarımıza ən gözəl cavab elə ermənilərin özündən gəldi. Ermənilər olsa, belə cavabları toplayıb kitab halında nəşr edərdi. Özü də dünya dillərində. Məncə, vaxt ayırmağa dəyər. Britaniyada da oxuyarlar, bəlkə utandılar…