Söz Ermənistanın prezidenti Armen Sarkisyana veriləndə bizdən bir cərgə arxadakı adamdan qəribə bir çığırtı çıxdı, sırf etika naminə səslənən seyrək çəpik sədalarının içində “uuuuuu, Armeniya” ulartısı zalın hər tərəfində eşidildi və hamı kimi biz də dönüb baxdıq ki, görək bu adam kimdir.
Yersiz bağırtıydı. Belə hayqırığı idman yarışlarında-filanda, idmançını ruhlandırmaq üçün edərlər. İndi burda nə olmuşdu ki? 16-cı Avrasiya mediaforumunun çərçivəsində Ermənistanın düz-əməlli səlahiyyəti olmayan qoyulqa prezidentinə söz vermişdilər.
Biz təbii ki, bu gülünc hərəkətə ironik reaksiya göstərdik, öz aramızda “görməmişin oğlu oldu” məsəlini xatırladıq. Təxminən 20 saniyədən sonra məlum oldu ki, həmin o “uuuuuu, Armeniya” deyə ulayan adam yerini dəyişib. Görünür, bizi tanıyıb qorxmuş və aradan çıxmışdı.
Bu arada isə Ermənistan prezidenti tribunada ölkələrarası dostluğa, regional əməkdaşlığın iqtisadi faydalarına, beynəlxalq layihələrə dair olduqca mənasız bir çıxış edirdi. Özü təcrübəli diplomat olsa da, rus və ingilis dillərində sərbəst çıxış etsə də, aydınca görünürdü ki, Sarkisyan öz ölkəsində dövlət işlərindən xeyli kənarda tutulduğu üçün eləcə mövzu ətrafında danışır.
Ancaq belə göründü ki, Ermənistan prezidenti maraqlı və məzmunlu danışsaydı da, heç bir qüvvə rusiyalı məşhur jurnalist Maksim Şevçenkonu zalda saxlaya bilməyəcəkdi. Sarkisyana söz verilən kimi, ön cərgələrdə oturmuş Maksim nümayişkaranə şəkildə ayağa qalxdı və başını bulaya-bulaya foyeyə çıxdı. Az sonra biz də ona qoşulduq və bir masa ətrafında dayanaraq söhbətə başladıq.
Öncə Maksim Şevçenkodan zaldan Sarkisyana görə çıxıb-çıxmadığını soruşduq. Jurnalist həmkarımız dedi ki, bunların bu cür riyakar çıxışlarına qulaq asmağa təhəmmül edə bilmir. Çünki daima saxta danışırlar və mövzu nə olur-olsun, Ermənistanı ortaya soxurlar. Maksim fikrini belə açdı: “Məsələn, tutaq ki, astrofiziklər yığışıb kosmik fəzada qara dəlikdən danışırlar. Erməni astrofizik mütləq məsələyə Ermənistanın prizmasından yanaşacaq, qara dəliyin Ermənistana xüsusi təsirini qabardacaq. Xasiyyətləri budur”.
Bəs belə maksimalist və eqoist tərəflə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar effekt verə bilərmi?
Maksim Şevçenko suala konkret cavab verdi: “Heç bir danışıq bu münaqişəni həll etməyəcək. Siz torpaqlarınızı Ermənistanın işğalından yalnız müharibə yolu ilə qurtara biləcəksiniz. Birmənalı”.
Bəs Rusiya faktoru var axı… o necə olsun?
Maksim bu suala belə cavab verdi: “Rusiya faktorundan çox Rusiyada yaşayan erməni milyarderlər faktoruna baxmaq lazımdır. Onlar Ermənistanın bütün siyasi addımlarını, avantüralarını yüksək səviyyədə dəstəkləyir və maliyyələşdirirlər”.
Əslində azərbaycanlıların dostu kimi tanınan jurnalist söz arasında məşhur azərbaycanlı alim Heydər Camalın Almatıdakı məzarını ziyarət etdiyini bildirdi, məzarlığın ünvanını bizə dedi, mərhum alimin oğlu Orxan Camalla çox yaxın dost olduğunu bildirdi və hazırda Rusiyada başı cəncəldə olan jurnalist Fuad Abbasovdan danışdı: “Fuada görə çox narahatam. O, prinsipial, döyüşkən adamdır və əsl azərbaycanlıdır”.
Maksim Şevçenkoya Ukraynada hakimiyyətə gəlmiş Vladimir Zelenski haqqında da sual verdik. O, Zelenskiyə rəğbət bəslədiyini, onun çox xarizmatik, pozitiv, intellektual, təmiz adam olduğunu bildirdi.
Bəs bütün bu üstün keyfiyyətlər onun yaxşı prezident olmasına səbəb olacaqmı?
Jurnalist həmkarımız buna ümid etdiyini, Zelenskinin, prinsipcə, bütün postsovet məkanı ölkələri üçün nümunə olduğunu, yeni bir Ukrayna qurmağa çalışacağını söylədi.
Bizimlə söhbət etdiyi əsnada bir neçə çəkiliş qrupu Şevçenkoya yaxınlaşaraq müsahibə götürmək istədiklərini bildirdilər. Maksim nəzakətli şəkildə onlara azərbaycanlı dostlarla söhbət etdiyini, bir qədər gözləmələrini tövsiyə etdi və ondan sonra Suriya, ABŞ, İran, Rusiya, Liviya mövzusunda şərhlər verdi.
O, sözünün sonunda bildirdi ki, əslində ABŞ hazırda Ermənistanla ona görə yaxınlaşmağa, əlaqələr qurmağa çalışır ki, ondan plasdarm kimi istifadə edərək İranı vura bilsin. Şevçenkonun bu xüsusdakı proqnozu isə pessimist oldu: “Regionda müharibə olacaq”.