“Əl çalın, əl çalın, bəylə gəlin oynasın”

(xalq mahnımızdan)

Hərdən xəbər lentində “Nazir gizlədilən cinayətlərə görə istefa verdi”, “Prezident parlamenti buraxdı”, nə bilim, “Milyarder 400 tələbənin təhsil xərcini ödədi” kimi başlıqlara rast gəlirsən və sevinirsən ki, nə yaxşı bunların hamısı xaricdə baş verir. Çünki belə şeylər dövlətçiliyin zəifliyindən, daxili qeyri-sabitlikdən xəbər verən əlamətlərdir. Nazirin ağzı nədir istefa versin? Özbaşınalıqdır? Rəhbərlik haçan lazım bilər, o zaman işdən çıxardar. Əslində xaricdə olan o “hökumət formalaşdırmaq”, “koalisiya qurmaq”-zad kimi söhbətlərdən də bizdə yoxdur, buna lap sevinirik. Biz İsveçrə deyilik, bizim öz milli dəyərlərimiz var. O dəyərlərdən biri də hökumətdir, bir dəfə formalaşdırırıq, qurtarır gedir. Koalisiya nədir, sən canın? Yox bir, koala (kloaka da yazmaq istədim, mənəviyyatım yol vermədi).

Tələbəni oxutdurmaq, milyarderin təhsilə vəsait ayırması kimi şeylər də həmçinin, zəif dövlətdə olur. Bizdə, əksinə, hər il ödənişsiz təhsilin faizi azaldılır. Pulumuz çoxdur axı. Mən özüm son vaxtlar dükanların kassalarında 5 qəpik qalıq üstündə davaya qalxan xeyli vətəndaş görmüşəm. İqtisadi dirçəlişə görədir. Dostumuz Seymur Baycan demişkən, qulağıma şirinçay qaşığının səsi gəlməyə başlayıbdır. Seymur bəy bu günlərdə mənə növbəti dəfə acıq vermək istəyirdi, köçüb getdiyi Gürcüstan elindən bir xəbərin linkini poçtuma yollamışdı. Orda deyilirdi ki, Gürcüstanda bir xəstəxananın həkimi binanın təmirinin gecikməyinə görə həyətdə çadır qurub piketə, etiraz aksiyasına başlayıbdır. Şübhəsi varmış birdən nazirlik xəstəxana binasının yerini biznesmenlərə, göydələn tikmək üçün satar. Mən ona cavab yazdım: “Bizdə səhiyyə naziri dövlət çevrilişi üstündə tutulmuşdu, sən kimə yanıq verirsən?” Cavab verə bilmədi. Çünki nəinki Qafqaz regionunda, bütün dünyada kimsənin ixtiyarı yoxdur bizə təcrübə nümayiş elətdirsin, ağıl versin, nə bilim, dərs keçsin. Biz özümüz lazım gəlsə hamıya dərs keçərik. Biz bu saqqalı dəyirmanda ağartmışıq.

Öyrətmək demişkən, universitetlərimizin birində elmi yarışma qayırıblar, birinci yeri isə… ən çox alqış qazanan tələbə tutubdur. Çəpiklərin desibelini ölçərək bu qərarı veriblər. Doğrudur, dünya təcrübəsində belə əyləncəli qiymətləndirmə üsulları vardır, ancaq bunu da bizdən əxz ediblər! Keçmiş Sovetlər Birliyində rəhbərliyə çapan çalmaq dəbdə idi, ən çox əl vuranlar isə bizim Azərbaycanda olurdu. Rəhmətlik Brejnev Bakıya gələndə bəzən günlərlə əl çalırdıq, “şap-şap” səsi kainata yayılırdı, rəhbər məmnun olurdu, deyirdi “Şiroko şaqayet Azerbaydjan”, yəni Azərbaycan analoqu olmayan şəkildə inkişaf edir. Elə adam var idi iclasda əl çala-çala ölmüşdü, aparıb dəfn eləmişdilər, səhər görmüşdülər qəbiristanlıqdan çapan səsi gəlir. (Sözgəlişi, bu hərəkətin dilimizdə əsl adı “çəpik” kimidir, “çapan” isə Qarabağ dialektindədir. Ancaq mənə elə gəlir ümumişlək “çapan” olsa yaxşıdır, çünki “çəpik” nəsə nərmənazik, zəif sözdür. Sanki çəpiş mələməsindən söhbət dedir. “Çapan” deyəndə isə dağlar çapılır, göylər guruldayır. Bizdə çalınan məhz çapandır). Bir qohumumuz var, SSRİ-nin dağılmasından da xəbəri yoxdur, 1977-ci ildən bəri dayanmadan çapan çalır.

İndi düşünürəm bu təcrübəni niyə yaşatmayaq? Qoy seçkilərdə də ən çox çapan qazanan qalib elan olunsun. Bu arada, yaxşı yadıma düşdü, beynəlxalq olimpiadalarda medal qazanan yoldaşların universitetlərə imtahansız qəbulunu zor-xoş qanuna saldılar. Məncə aşkar ədalətsizlik, korrupsiya mənbəyidir. Ədalətsizdir ona görə ki, hamının eyni, bərabər təhsil hüququna malik olmasına əngəl yaradır. Korrupsiyadır ona görə ki, kim, necə öyrənəcək ki, Mamed və ya Gülbadam xaricdəki olimpiadada medalı hansı yolla alıbdır? Bəlkə Məleykə xanım, başqa hüquq-mühafizə orqanlarımız xaricdə olimpiada keçirilən binalara nəzarətçi, polis, qoruqçu göndərəcəklər? Sualları xaricdə də bunkerdə hazırlayacaqlar? Gülməlidir. Gurultulu, sürəkli alqışlar, hamı ayağa qalxsın.

Загрузка...