İllərdir işimizin bir tərəfi də şikayətçiləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır.
Yekə çıxmasın, indiyədək çox işlər aşırmışıq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Ta işi düzələnlərdən kimsə sonradan bir qutu tort və ya 1 kilo şokolad gətiribsə, bu heç, ona görə and içəsi deyiləm. Nadir hallarda elə şeylər də olur.
Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəlirdi. Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürlər, amma xeyli dərəcədə də başağrısı idi ki, şikayətçilər bu fikirdədir.
Çünki əlində girli-fərli səlahiyyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətçilər isə bəzən son cümləni belə qururlar: “Xahiş edirik problemimizi həll edəsiniz”. “Problemimizin həllinə köməklik göstərəsiniz” yox ha, birbaşa “həll edəsiniz”. Sanki “birbaşa həll” bizim əlimizdədir.
Əlimizdə isə nə real güc var, nə də problemin həllinin icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valın o biri üzünü çevirib, “yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin” gönüqalınlığı edəndə şikayət-yazı-problemin həlli zənciri qırılır. Məcbursan atı sürəsən daşlığa…
Budur, o xanədən daha bir şikayət gəlib. Hiss olunur ki, real şikayətdir, insanlara kömək lazımdır. İntəhası, məsələnin bir neçə “intəhası”sı var.
Şikayət edənlər adlarının çəkilməsini istəmirlər, hətta bizdən tələb edirlər ki, onlardan əlavə informasiya almaq üçün telefon nömrəsi istəməyək.
Bəs problem nədir? Problem isə budur: “Azenko” şirkətində maaş problemi var, ya gecikdirilir, ya da iki-üç aydır verilmir, bir də ixtisar gözlənilir. Adamları işdən çıxaracaqlar və onlar işsiz qalacaqlar. İndi biz bu problemi həll etməliyik. Belə yazıblar. Yazıblar ki, xahiş edirik bizim problemimizi həll edin.
Əlbəttə, şəxsən mənim elə bir səlahiyyətim olsaydı, telefonu götürər, həmin şirkətin prezidentinə zəng vurar, deyərdim ki, bir iş günü vaxtın var, insanların maaşını ləngitmə, ixtisar söhbətini birdəfəlik bağla.
Təəssüf ki, əlimdə elə bir səlahiyyət yoxdur (hərçənd olsaydı, pis olmazdı). Ona görə də bu barədə yerli-yataqlı, müfəssəl şəkildə yazmaqdan başqa əldən bir iş gəlmir.
Ancaq bu imkan da şikayətçilərin özləri tərəfindən bloklanıb. Onlar maaşlarını gecikdirənlərlə, onları ixtisara salıb işsiz-gücsüz qoyacaq adamlarla üz-göz olmaq istəmirlər. Çünki bilirlər ki, ilk ixtisara salınanlar məhz qabağa düşən, adı qəzetdə şikayətçi kimi çəkilənlər olacaq. Tülkü kimi marığa yatıb fürsət gözləyənlərin işi düzələcək, maaşlarını da alacaqlar, ixtisara da düşməyəcəklər, amma “el üçün ağlayan adamlar” işsiz, aşsız qalacaqlar.
Ona görə də “adlarının çəkilməsini istəməyən mötəbər mənbə”lərin durumunu anlayışla qarşılayıram. Başa düşürəm ki, variantları yoxdur. Amma bəs biz nə edək? Anonim şəkildə yazı yazmaq olmaz axı. Problemi olan kişi kimi şikayətini etməli və arxasında durmalıdır. Qəzet, sayt anonim şikayət əsasında yazı yazanda onu məhkəməyə verib cərimələdirlər.
Hətta şikayət dərc edən hər bir qəzetin, saytın başına mütləq gəlib, şikayətçilərin işi düzələndən sonra çıxıb təkzib verməyə çalışıblar, yığışıb redaksiyaya gəliblər ki, bizim demədiyimiz şeyləri yazmısınız, təkzib verin. Biz də əsəbiləşmişik, “yaxşılıq elə, evinə salamat getmə” moduna girərək, şikayətçilərin lent yazısını tapmışıq və sübut etmişik ki, əslində siz çox şey demişdiniz, biz onların bir hissəsini yazmışıq. Belə olandan sonra adamlar ümumilikdə jurnalistləri (belə yerdə şikayət dərc etməyənlərin günahı nədir, bilinmir) söyə-söyə çıxıb gedir və şikayət yazıb problem həll edən, əvəzində yağlı olmasa da, yavan bir “sağ ol” gözləyən müxbiri peşman edirlər. Bəzi əməkdaşlar hətta emosiyaya qapılıb “bir də şikayətçi dinləsəm, belə olum” tipli mənasız bəyanatlar da verir (iki gündən sonra görürsən, həmin müxbir redaksiyanın elçi daşının üstündə oturmuş növbəti şikayətçini dinləyir).
Bəli, vəziyyət bu cürdür. Əslində bu yazı özü də şikayət və giley-güzardır, amma gördüyünüz kimi, heç olmasa, bu yolla “Azenko” şirkətindəki durumdan yazmaq mümkün oldu. Son olaraq onu da deyim ki, ey şirkət yiyələri, elə fəaliyyət göstərin ki, işçilər şikayətçi olmasın, olanda da adlarının çəkilməsindən çəkinməsinlər. Myanma rejimi-zad qurmusuz orada?