Avtomatik qaralama

“Ey kirli Rusiya, əlvida artıq!

Əlvida! Ağalar, qullar ölkəsi”

(Lermontov)

Yenə nəsə olub, Rusiyadan soyuq küləklər əsir. Kremlin əsas təbliğat ruporlarından olan, azğın yalanları, şər-böhtanı ilə dünyada tanınan və buna görə haqlı “Propaqan..n” ləqəbi almış Vladimir Solovyovun mərkəzi Rusiya televiziyasında Qarabağı erməni torpağı elan etməsi, eyni zamanda faktiki Rusiyada qalmış axırıncı fəal həmyerlimiz, jurnalist Fuad bəyin həbsi, döyülməsi, deportasiyasına hazırlığın getməsi məyusedicidir. Halbuki həmin “bülbül” 2 il qabaq Bakıda rəsmi şəxslərin qonağı olanda ayrı hava oxuyurdu. Bunu xarici siyasətimizin növbəti uğuru saymaq lazımdır. Görünür, iki ildir Solovyovun ağzının şirəsi axırmış, Bakıda doldurduğu torbası artıq boşalıbmış. Çağırın, yenə ənam verin, bəlkə üç aylığa fikrini dəyişdi.

Əlbəttə, bu təzə siyasət deyil. Heç Elmar Məmmədyarovun Fransa səfəri, Azərbaycanın Avropaya yaxınlaşmaq cəhdləri, «Şərq Tərəfdaşlığı» Proqramında iştirakımızın alayarımçıq 10 illik mərasimlərinə Putinin qəzəbini də səbəb kimi görmürəm. Rusiya imperiyadır, 200 ildir bizə özünün vassalı kimi baxır, bizi xalq olaraq parça-parça eləyibdir və bu siyasət heç vaxt dəyişməyəcəkdir, Hacıbala müəllim demişkən, əmin olun. Bütün qonşuları o üzdən Rusiyadan qaçmağa çalışır. Gürcüstanla da belə olub, Ukrayna ilə də, Polşa, Qazaxıstan, Baltikyanı ölkələri ilə də. Bizim üçün də gec-tez belə olacaq. Sadəcə, adama pis gəlir ki, Rusiyanın bizə münasibətində heç bir qarşılıq yoxdur. Nə desələr edirik, yenə erməniləri seçirlər. Məşədi İbadın sözü olmasın, papağı nə cür qoyaq ki, qarşıdakı “bülbüllərin” xoşuna gəlsin? O zaman bu siyasəti davam etdirməyin mənası varmı?

Əlbəttə, ritorik sual idi, oxucular məni bağışlasın. Necə deyərlər, söhbətdir eləyirik. Solovyov üçün Ukraynadan, Qarabağdan qırıldatmaq necə asandırsa, bizim üçün də Solovyovun qarasınca deyinmək o qədər rahatdır. Yenə şükür olsun, dünən yayılan bir xəbər yalan çıxdı. Yazmışdılar futbol finalı üçün Bakıya çoxlu turist gələcəyindən şəhər rəhbərliyi paytaxtın Nizami küçəsinə girişi yerli əhalinin üzünə bağlayacaqdır. Bir həftəlik. Maraqlı yanaşma idi. O mənada ki, mən elə bilirdim Nizami küçəsi ərəblər, turistlər və başqa oliqarx-məmurlarımız üçündür. Sən demə, bizə də açıq imiş! Bəs bunu niyə indiyə qədər deməyiblər, gedək gəzək, ləzzət alaq, özümüzü xaricdəki kimi hiss edək? Düz eləmirlər. Xalqı fikirləşməyən belə məmurlara ar olsun, görüm onları xalq artistlərinin və xalq yazıçılarının qəzəbinə gəlsin, ilahi, amin!

Ancaq şəhər rəhbərliyi xəbəri yalanladı, deyildi ki, heç kim Torqovını bağlamır, həmişə açıq olacaqdır. Ümid edək, camaat da bu cür azadlıq, demokratiya, plüralizm, multikulturalizm imkanlarından sui-istifadə etməyəcək, mərkəzi küçələrdə cüt-cüt gəzməyəcəkdir. Çıxın, amma az-az çıxın. O saqqallı lətifədə deyilən kimi, “aşağıdan uçun”.

Bir şey də var ki, Torqovı haqda açıqlamanı oxuyub dəqiqləşdirdik, lakin İstiqlaliyyət, Füzuli, Hacıbəyov, Neftçilər, Azadlıq, Demokratiya, canım sənə desin, Biləcəridəki Lələtəpə, Əhmədlidəki Qaçaq Nəbi küçələrindən keçmək azaddırmı, bunu bilmədik. Hər küçə üçün ayrıca açıqlama vacibdir. Vətəndaşların əlində yol xəritəsi olmalıdır. Yoxsa azarıq. Pis yerlərə gedib çıxarıq. Dövlət bunun hamısı üçün məsuliyyət daşıyır.

Bəlkə bu baxımdan mən dünən “Qarabağa Qayıdış” qeyri-hökumət təşkilatının qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə verməsi xəbərini təəccüblə qarşıladım. 3 ildən çoxdur biz Qarabağı geri almışıq, bunlar hələ indi qayıdış təşkilatı qururlar. Təklif edirəm, nazirlik təşkilatı qeydə alsın, ancaq yüngül düzəlişlə. Adını “Qarabağdan Qayıdış” qoyma şərti ilə.

Загрузка...