Hər hansı bir hadisəyə münasibətdə yekdil fikrə gəlməyimiz yoxdur. Bu, artıq mübahisə mövzusu deyil. Nə baş verir-versin, biz onu öz arşınımızla ölçürük və heç bir halda arşınımızın ədalətli ölçü meyarı olub-olmamasına önəm vermirik.
Tanınmış şəxslərə, ictimai-siyasi personalara münasibətdə də eləyik. Ömrünü xalqın yolunda puç edən fədakar, dünya malında gözü olmayan, zahidanə həyat tərzi yaşayan adamlara belə kütləvi şəkildə ağız büzmə, bəyənməmə qabiliyyətinə malikik. Hətta nadir ələ düşən belə adamlara nisbətdə 50:50-yə bölünə bilərik.
Bir müddət belə gedəcək, amma gün gələcək, cəmiyyət “yaxşı nədir, pis nədir” sualına cavab verərkən ədalətli olmağı öyrənəcək. Belə getməz.
Bu günlərdə isə ictimai-siyasi fəallarımızın bir xeylisi jurnalist Fuad Abbasovun personasına münasibətdə bənzər şəkildə çaş-baş qalmış durumdadır. Adamı var gücü öyənlər də var, ürəkdən söyənlər də.
Bu üzdəndir ki, sosial şəbəkənin Azərbaycan seqmentinin fəalları Fuad Abbasova dair əsasən iki səpkili məlumat alır. Bir tərəf onu “ermənilərlə mübarizədə qanını qaşığa qoyan cəfakeş” adlandırır, başqa tərəf jurnalistin əslində “dələduz, artist biri” olduğunu iddia edir.
Başqa sözlə, onun tərəfdarları və əleyhdarları hazırda aktiv şəkildə piar aparmaqla məşğuldurlar və işin içərisində olmayan, Rusiyada yaşayan azərbaycanlıların problemini gendən-genə bilən, Fuad Abbasovla şəxsi tanışlığı olmayan yüz minlərlə adam çaşqın qalıb: kim düz deyir?
Aydın olan isə budur: İki tərəfdən biri yalan söyləyir. Heç ola bilməz ki, ikisi də düz desin. Yalnız o ola bilər ki, tərəflərin ikisinin də dediyi həqiqətin bir yarısıdır, digər yarısı yalandan ibarətdir.
Anormal olan isə “ermənilərlə mübarizə”nin bir şəxsin personası üzərində fokuslanmasıdır. İndi elə çıxır ki, Fuad Abbasov Rusiyadan deportasiya olunsa, “ermənilərlə mübarizə işi” yarımçıq qalacaq və biz bu cəbhədə vuruşmaq üçün ikinci bir jurnalist və ya politoloq tapıb ortaya çıxara bilməyəcəyik.
Eyni zamanda aydın olur ki, bir çox həmvətənlərimiz bir balaca şöhrətlənib, parlayıb önə çıxan, liderə çevrilmək istəyən şəxsin ayağından dartmaq, başından basmaq məsələsində çox pərgardırlar və həmin şəxsi xərcləməyin tərəfdarıdırlar.
Məsələnin başqa bir tərəfi isə bir neçə uğurlu televiziya çıxışından, parlaq müsahibədən sonra adı qulağına dəyən adamda həddindən artıq böyük ambisiyalar əmələ gəlməsi və bu iddiaların onu uçuruma aparmasıdır.
Uzun illərdir ki, xaricdə yaşayan həmvətənlərimiz bu cür, öz daxillərində qaynaya-qaynaya vaxt keçirir, bütün enerjilərini bir-birilə mübarizəyə sərf edir, sonucda nə özləri bir tərəfə çıxa bilirlər, nə də ölkənin, onun mühacir vətəndaşlarının problemlərinin həll istiqamətində effektiv iş görürlər.
Adam şübhələnir ki, bütün bu qovğa-mərəkələr heç də hamı üçün eyni dərəcədə əziz olan vətəninin mənafeyindən ötrü deyil, ortada şəxsi mənsəb və mənfəət davası var. Azərbaycanın marağı olan yerdə bir addım geriyə çəkilmək, öz şəxsi iddialarından vaz keçmək çətin olmamalıydı. Görürsən, vəziyyət gərgindir, konflikt dərinləşir, bir addım geri çəkilirsən, meydanı başqasına buraxırsan, o, uğurlu olursa, davam edir, o da uğur qazana bilmirsə, başqası gəlir. Bu cür davam edilərsə, sonda daha uğurlu, daha səriştəli komanda iş başına gələcək.
Fuad Abbasovla bağlı yaranmış məsələnin isə çox sadə həlli var. Bir adamın öz vətəninə qayıtması, deportasiya edilməsi faciə deyil. O qayıdar, öz ölkəmizdə bir işin qulpundan yapışar. Rusiyada sayı iki milyonu aşmış Azərbaycan diasporu isə öz içində yeni fuadlar yetişdirib ortaya çıxara bilər.
Bu işə hədər yerə bu qədər enerji, emosiya xərcləməyə dəyməz. “Ermənilərlə mübarizə” hələ uzun illər davam edəcəksə (belə görünür), demək, meydana yeni, daha güclü qladiatorlar çıxarmaq lazımdır. Onsuz da bu döyüşə amfiteatrda oturub tamaşa edənlər həmişə çox olub, yenə də çox olacaqlar.
Səslənən sərt ittihamlar isə ya sübut olunmalıdır, ya da dilə gətirilməməlidir.