Neçə vaxtdır naşir Şahbaz Xuduoğlu ayrı-ayrı orta ranqlı məmurların kitaba biganəliyinə, rəhbərlik etdikləri sahələrdə kitab yarmarkalarının təşkilinə rüsxət verməmələrinə dair statuslar yazır.
Bu giley-güzar, sitəm dolu qeydləri oxuyub, “feyziyab” oluruq. O gün ayaqüstü rastlaşdıq, istədim ona təsəlli verim, dedim ki, 100 il öncə də xalqı maarifləndirmək istəyən, adamlara kitab, qəzet, jurnal oxutmağa çalışan Sabirlər, Cəlillər, Əbdürrəhim bəylər, Zərdabilər də eyni çətinliyi yaşayırdılar, amma xalq onların qiymətini 30-40 ildən sonra olsa da, verdi, xidmətlərini dəyərləndirdi.
Şahbaz kədərli-kədərli köks ötürdü, dedi ki, yox, bu xalq yüz il əvvəl maarifçilik yolunda can qoyan o böyük maarifpərvərlərin əsl qiymətini hələ də bilmir, bilsəydi, onların kitab oxumaq, maariflənmək, cəhalətdən qurtulmaq haqqında çağırışlarına qulaq verərdi və bu gün biz yenidən insanlara kitab oxumağın faydalarından bəhs etməzdik.
Adam haqlıdır. Sovet-rus imperiyasından qurtulalı 27 il olub, biz bu 27 ildə kitab oxumaq, maariflənmək sahəsində yalnız geri getmişik və gedib-gedib 100 il əvvəlki yerimizdə durmuşuq, mirzələr dövrünə qayıtmışıq. Sözün birbaşa mənasında… İnanmayan gedib ASAN xidmət kontorlarında müşahidə aparsın. Hamının ərizəsini gənc könüllülər yazır. Ərizəsini özü yazmaq istəyənlər də mütləq çoxlu səhv buraxır, imdada yenə könüllülər çatır.
Kitabdan qaçaq olduğumuz, kitab oxumaq ərincəkliyimizin patoloji səviyyədə olduğu çoxdan məlumdur. Nə yazıq ki, bu gerçəyi dəyişdirəcək gücümüz də yoxdur. Kitab bizim üçün əyləncəli, maraqlı, sevimli deyil. Kitab oxumaq bizim üçün ağır işlərdən biridir. Çox adam üçün hətta işgəncədir. Adam var ki, 5 səhifə kitab oxumaq əvəzinə 70 kiloluq çuvalı hara desən, daşıyar. Çünki onun 70 kiloluq çuvalın öhdəsindən gəlmək üçün lazımi qədər əzələ kütləsi var, amma bir kitabın 5 səhifəsini oxuyub dərk etməyə bəs edəcək qədər beyin qırışı yoxdur, neynəsin…
Məmurların kitaba, kitab təbliğinə biganə münasibəti isə tamam başqadır. Allah qoymasa, guya bunlar cəmiyyəin oxumuş, avanqard, ziyalı təbəqəsinə aiddirlər, ağızlarını fəlsəfi cümlələrlə açmalıdırlar, çıxışlarında kitablardan sitat gətirməlidirlər, gənclərə oxumağı, maariflənməyi tövsiyə etməlidirlər. Amma harda? Çoxu əlinə babat vəzifə keçəndən sonra sözün bütün mənalarında kitabsız birinə çevrilir.
Nostaljiyə qapılmaq kimi çıxmasın, sovet dönəminin vəzifə adamları başqaydı. Nə minusları olsa da, kitaba, oxumağa münasibətdə pozitiv idilər, kitaba da hörmət qoyurdular, kitab yazanlara da.
İndi sizə nəql edəcəyim hadisəni uzun illər öncə bir dəfə də yazmışam. Bir daha yeri gəlib.
Ötən əsrin 80-ci illərinin ortalarında bizim həmkəndlimiz mərhum şair Vahid Əlifoğlu rayon mərkəzindəki tikinti idarələrindən birində mühəndis işləyrdi, şeirləri rayon qəzetində vaxtaşırı çap olunurdu, ara-sıra “Ulduz” jurnalında da çıxırdı. Bir gün o, tikinti idarəsinin həyətinə daxil olanda görür ki, idarənin rəisi, baş mühəndis və baş mühasib ağac kölgəsində oturub çay içirlər. Vahid onlara salam verib binaya daxil olmaq istəyəndə idarənin şeir-sənət xiridarı olan rəisi səslənir ki, şair, gəl, otur, bir stəkan çay iç.
Şair rəisin sözünü yerə salmır, masa arxasında oturanlara yaxınlaşır. Rəis yerindən qalxıb Vahidlə mehriban görüşür, ancaq baş mühəndis və baş mühasib yerlərindən qımzanmadan, bir-birilə söhbət edə-edə, şairə tərəf baxmadan əllərini uzadırlar. Şair bu iki eşşəklə bir masada çay içəcəyinə peşman olmaqdaykən rəis işçilərinin açıq qanacaqsızlığından əsəbiləşir, onlara səsini qaldırır: “Qalxın ayağa”.
Baş mühasib və baş mühəndis nə baş verdiyini kəsdirmədən ayağa dururlar. Rəis əmr edir: “Şairə baş əyin”.
Vahid istəyir ki, bir az əvvəl gönüqalınlıq eləmiş adamların alçaldılmasına imkan verməsin, deyir, rəis, lazım deyil. Ancaq rəis yumşalmır, deyir, bunlar şeirə, şairə hörmət qoymağı öyrənməlidirlər. “Dərhal baş əyin!” Əlacı kəsilmiş baş mühasib və baş mühəndis bir-birinə baxır və orta əsrlər padşahlarına baş əyən saray əyanları kimi şairin qarşısında təzim edirlər.
İndiki vəziyyət ona görə yaranıb ki, həmin o baş mühasib və baş mühəndis özləri vəzifədə irəli gediblər, rəis, İH başçısı, rektor olublar və şairə, sənətkara baş əymək istəmirlər. Ən yaxşı halda onlar qadın sənətkarlara villa, lüks avtomobil hədiyyə edirlər… Amma bu, başqa söhbətdir, kitaba, maarifçiliyə dəxli yoxdur.