İrəvanda 1 mart 2008-ci il qanlı olayları ilə bağlı məhkəmə prosesi başlayıb. Ermənistanın sabiq prezidenti, hazırda həbsdə yatan Robert Köçəryanın adı işdə əsas fiqurant kimi keçir. Erməni qaynaqları yazıb ki, Qarabağdakı separatçı rejimin başçısı – “Moskvanın tulası” ayaması daşıyan Bako Saakyan və onun sələfi Arkadi Qukasyan Köçəryanın ev dustaqlığına buraxılması üçün məhkəməyə zəmanət məktubu göndəriblər.
Diqqət edin, Ermənistanın özündə heç kim Köçəryana zamin, daha dəqiqi, “yiyə” durmayıb. Onun zaminliyə buraxılması üçün məhz Qarabağ klanının odioz üzvləri hərəkətə keçib. Qarabağlı erməni quldur-başkəsənin, Xocalı canisinin qeydinə qarabağlı erməni bandit qalmasın da, kim qalsın ki?
Məntiqlidir. Bir az da gülməlidir. Ona görə ki, azad olmayan, Rusiyanın vassalı olan ölkədə – Ermənistanda nə fərqi ki, adam qapalı məhbəsdədir, yoxsa onun xaricində – açıq səma altındakı böyük məhbəsdə?..
Köçəryan Dağlıq Qarabağın birinci qanunsuz prezidenti, Ermənistanın isə 2-ci prezidenti olub. 10 il Ermənistanı fırladıb. Bu müddətdə babat para, var-dövlət yığıb. Uşaqlarına yaxşı gün ağlayıb. Ancaq Köçəryan Qarabağın “prezident”i olanda da, Ermənistan sükanı arxasında duranda da nə Dağlıq Qarabağ azad məkana, nə də Ermənistan azad ölkəyə çevrilə bilib. Eləcə də ondan sonrakıların dövründə.
Gerçək belədir ki, Ermənistan guya müstəqil olsa da, hazırda sovet dönəmindəkindən də güclü şəkildə mərkəzə – Moskvaya tabedir, ora bağlıdır. Ermənistan vətəndaşı indi Ermənistan SSR vətəndaşından da az özgürdür. Özü də ermənilərin ara-sıra Rusiya əleyhinə şivən qoparmasına baxmayın, bu qul taleyini onlar könüllü şəkildə seçiblər…
Qayıdaq Xocalı canisinin məhkəməsinə. Deyilə bilər ki, Köçəryan Putinin yaxın dostudur və necə olur, satellit Ermənistanın rəhbəri bu adamı aylardır həbsdə saxlamağa cürət edir? Tələsməyin. Nikol Paşinyan bunun bədələni ödəyəcək. Kreml əlverişli məqamı gözləyir. Yaxud Paşinyan Köçəryanı siyasi bazarlıq predmeti edib Putindən nəsə dəyərli bir şey qoparmağa çalışacaq. Moskva üçün belə şeylər adidir. Rusiya tarix boyu öz maraqları naminə dost-müttəfiqlərini zaman-zaman satıb. Təki Ermənistan Kremlin orbitində qalmaqda davam eləsin, uzağa getməsin.
Paşinyan da “uzağa getməyə” hazırlaşmır. Ola bilsin ürəyindən keçir, ancaq buna risk etməyə qorxur. Çünki Rusiya özünün hərbiyyəsi ilə Ermənistanın içindədir. Ötə yandan, inqilabçı baş nazir fərqindədir ki, Ermənistanın Rusiyadan uzaqlaşması, Qarabağdan da uzaqlaşması demək olacaq. Yəni Ermənistanın gerçək azadlığı və müstəqilliyi Dağlıq Qarabağın da azadlığına – öz halal sahibinə, Azərbaycana qayıdışına gətirəcək…
Məsələ də bundadır ki, bir ölkə azad deyilsə, onun rəhbəri, xalqı, dini, dini lideri də azad deyil. Bu, necə azad, müstəqil ölkədir ki, onun Türkiyə və İranla sərhədlərini başqa dövlətin – Rusiyanın hərbçiləri qoruyur, İrəvandakı mərkəzi hava limanına belə, rusiyalı sərhədçilər nəzarət edirlər? Postsovet ölkələri arasında ikinci belə nümunə yoxdur.
Bəs nədən ermənilər belə təhqiramiz yol seçiblər, alçaldıcı tale ilə barışıblar?
Səbəb, ən əvvəl türk, azərbaycanlı faktoru, uydurma türk xofudur. Bir də iki əsrdir ermənilərin başqa dövlətin əlində maşa rolu oynamaq istəməsidir. Bir politoloqun dəqiq ifadə etdiyi kimi, ermənilər əslində agent millətdir. Agent millətin dövlət nəyinə gərəkdir?
Bundan o yanası önəm kəsb eləməz, lap Paşinyan Şuşada yallı getsin. Adama deyərlər: hansı gününə oynayırsan, bədbəxt. Axı Şuşa bu dəqiqə bizim olmasa da, heç sizin də deyil. Yoxsa konflikt bunca uzanmazdı ki.
“Qalib” tərəfin miskin durumu da ortada. “Məğlub” Azərbaycan inkişafda, Ermənistan isə “tullantı” ölkə vəziyyətində. Çünki erməninin haqqında dəm vurduğu “qələbə” özününkü yox, rusundu. Bizim işimiz də Moskva ilədir. Erməni Qarabağ məsələsində söz sahibi deyilsə, Qarabağ necə ermənin ola bilər?
Sualların sualı da bizim üçün budur. Çünki sabah torpaqları güc yolu ilə azad eləməyə, onu öz halal sahibinə qaytarmağa başlasaq, qarşımızda agent ermənilərlə yanaşı, onların 200 illik ağasını – rusu görə bilərik. Odur ki, gizli xristian təəssübkeşliyini də nəzərə almaqla çox tədbirli davranmamız gərəkir. Yanlış yapmaq lüksümüz qalmayıb…