Dəfələrlə aldanmağın, yanılmağın, umsuq olmağın bir xeyri var ki, daha nağıllara, tovlamalara, vədlərə, diplomatik riyakarlıqlara inanmırsan. Hər şeyə doğru-dürüst, real qiymət verməyə çalışırsan.
Heç aldanmamaq mümkün olan şey deyil, bir dəfə aldandıqdan sonra ayılmaq mümkün və ağıllı işdir, dəfələrlə aldanaraq, hələ də deyilənlərə inam bəsləmək isə axmaqlıqdır.
ABŞ-ın, qüdrətli Avropa dövlətlərinin yeritdiyi dünya siyasətində gizli bir “xristian təəssübkeşliyi”nin olduğunu, hətta ört-basdır edilə bilinməyəcək dərəcədə özünü büruzə verdiyini əvvəllər də yazmışıq. Hər dəfə elə hadisələr baş verir ki, istər-istəməz bu qənaət möhkəmlənir.
Zatən, Qarabağ probleminin 30 ildən bəri həll olunmamasının başlıca sirri buradadır. Bu münaqişənin beynəlxalq qabubkara uyğun ədalətli həlli var və o, xrstian Ermənistana sərf etmir deyə, qüdrətli Avropa ölkələri – “xrsitian klubu” bu münaqişənin həllinə imkan vermir.
Bu məsələdə bir-birinə yağı kəsilmiş ABŞ, Fransa, Rusiya kimi dövlətlərin üçünün də mövqeyini üst-üstə düşür – yalnız bu məsələdə, başqa heç nədə.
Nəzəri olaraq tərs variantını düşünək. Hesab edək ki, aqressor bizik, hücum edib Ermənistanın ərazisinin 3-5 faizini ələ keçirmişik, başda ABŞ, böyürdə Rusiya olmaqla “xrsitian klubu”na daxil olan digər ölkələr bizim o ərazinin əlimizdə 30 il də yox, 30 həftə saxlamağımıza təhəmmül edərdilərmi?
Əsla etməzdilər. Burdan-bura öz əzəli torpağımızı azad etmək üçün hərbi əməliyyat başladanda gecəylə Avropadan notalar, ultimatumlar, bəyanatlar, hədələr üstümüzə “Qrad” mərmisi kimi yağır.
Əksinə olsa, Ermənistan hücum edib daha bir rayonumuzu işğal etsə, daha təmkinli davranar, “tərəfləri zorakılıqdan imtina etməyə, münaqişəni danışıqlar yolu ilə tənzimləməyə” çağırarlar.
Bəşər Əsəd və İŞİD-in gündə azı 500 müsəlman öldürdüyü illərdə qüdrətli Avropa ölkələri məsələyə gendən-genə qarışırdılar, əsasən müşahidə edirdilər, mediada dəhşətli, piar xarakterli reportajlar verirdilər, beynəlxalq rəy yaradırdılar. Ancaq elə ki, zorakılıq və qırğın dalğası xrsitian yezuitlərə toxundu, aləm bir-birinə dəydi, qüdrətli dövlətlər onları xilas etmək üçün bir neçə günün içində səfərbər oldular, hava bombardmanından tutumuş diplomatik kanallarla danışıqlara qədər hər yola əl atdılar və öz din qardaşlarını qırğından, əsirlikdən xilas etdilər.
Yaxın Şərqin bədbəxt müsəlmanları isə eyni tempdə qırğınlara məruz qalmaqda, didərgin düşməkdə davam etdi.
Ən azı 45 illik tarixi olan Kipr münaqişəsini götürək. Bildiyiniz kimi, Türkiyə ordusu müdaxilə edənə qədər xristian yunanlar adanın türk əhalisinə qarşı əsl soyqırım siyasəti yeridirdi, məqsəd türklərin bir qismini qırıb-çatmaq, yerdə qalanını da adadan qovmaq idi. Dünya birliyi susurdu. Bülənt Ecevit hökuməti, türk generaliteti seyrçi qalmadı, adaya hərbi intervensiya etdi, Kipr türklərinin yaşadığı şəhərlər və kəndlər mühafizə altına alındı. ABŞ-da, Avropada, Türkiyənin üzvü olduğu NATO-da tənqidi donquldanmalar uzun illər davam etdi. “Xristian klubu” Türkiyənin bu hərəkətini həzm edə bilmirdi. Adanın şimalında türk dövləti quruldu, daha bir beynəlxalq narazılıq yarandı. Dünya birliyi bu dövləti tanımadı.
Nəhayət, 15 il öncə BMT-nin o vaxtkı baş katibi Kofi Annanın təşəbbüsü ilə bu münaqişəyə son qoymaq üçün adada fəaliyyət göstərən iki dövləti bir federasiyada birləşdirmək planı işlənib hazırlandı. Kiprin həm yunan, həm türk tərəfində referendum keçirildi. Türk tərəfinə verilən sual beləydi: “Yunanlarla bir dövlətdə yaşamağa razısınızmı?” Bənzər sual yunanlara da verilmişdi: “Türklərlə bir dövlətdə yaşamağa razısınızmı?”
Qüdrətli dövlətlər gözləyirdilər ki, türklərin cavabı “yox”, yunanlarınkı “hə” olacaq. Gözləntilər bu cür idi. Bu halda türklər haqsız duruma düşəcəkdilər. Əks təqdirdə, türklər birlik, yunanlar ayrılıq tərəfdarı olsaydılar, Şimali Kipr Türk Respublikasının suverenliyini tanımaq lazım gələcəkdi. Bəzi dövlətlər belə eyhamlar da etmişdilər.
Ancaq gözləntilər doğrulmadı. Kipr türkləri ayıq-sayıq tərpənərək yunanlarla birlikdə yaşamağa razı olduqları halda, yunanlar türklərlə birlikdə yaşamağa razı olmadıqlarını bildirdilər. Bu, o demək idi ki, Kipr yunanları türklərin adadan ellikcə deportasiyasını istəyirlər. Qüdrətli dövlətlər naqolay durumda qaldılar. Çünki bir dövlətin tərkibində muxtariyyətə razılaşmış başqa bir dövlətə müstəqillik verməkdən və onu tanımaqdan başqa yol qalmırdı. Ancaq referendumdan qabaq verilən vədlər unuduldu. ŞKTR-in müstəqilliyi yenə də tanınmadı.
Bəs əksinə olsaydı, necə olardı? Kipr türklərinin başına oyun açardılar.
Bütün bunları biləndən, düşünəndən sonra qüdrətli xrsitian dövlətlərindən ədalət, obyektivlik gözləmək əbəs işdir. Onlarda zaman-zaman din qardaşlığı təəssübkeşliyi qabarır və olduqca ədalətsiz qərarlara imza qoyurlar. Elə bir faktor olmasaydı, Türkiyə çoxdan Avropa Birliyinə üzv qəbul edilərdi. Çünki mədəniyyətinə, iqtisadiyyatına, inkişafına görə Yunanıstandan zəif deyil ki, güclüdür.
Avroliqa çərçivəsində “Arsenal”-“Çelsi” matçının Bakıda keçirilməsi xüsusunda Böyük Britaniyada qoparılmış fırtınanın bir səbəbi də budur. Bizi – bir müsəlman ölkəsini xor görürlər, Avropaya yaraşdırmırlar.