Küçədə qadını döyməkdə ittiham olunan qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova musavat.com-a hadisə ilə bağlı açıqlama verib.

O, yaşananların Günay Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını açıqlayıb: “Mənim belə işlərlə məşğul olmağa vaxtım yoxdur. O insanla konflikt aparmağa vaxtım yoxdur. Günay xanım hadisəni tamamilə dəyişdirərək çatdırıb, yaşananlar şişirdilib. O hər şeyin xeyrinə olması üçün belə danışıb. Orada böyük söz-söhbət olmayıb. O qadın mənə əl qaldırıb, nalayiq söyüşlər söyüb, insanların qarşısında ailəmi çox ağır təhqir edib. Bu da xoş deyil.  Birinci o maşından düşüb qışqırmağa başladı, mən də onu sakitləşdirmək üçün avtomobildən endim. Çünki yanımdakı kişi ilə dalaşmağını istəmirdim. Mən onu döyməmişəm, boksçuyam, ona əl qaldırsam, xəstəxanalıq olar. Əslində o, mənə əl qaldırdı. Aramızda böyük dava olmayıb. Ona görə də bu haqda çox danışmaq istəmirəm”.

M.Cəbrayılova barışıq addımı atdığını da vurğulayıb: “Xanımın təhqirlərinə baxmayaraq, mən yaşca balaca xanım kimi məsələni sülh yolu ilə həll etməyə çalışıram. İkimiz də qadınıq, mübahisə yaşamağımız yaxşı hal deyil. Bu hadisənin yayılması ikimizə də minusdur. O, açıqlaması ilə ikimizə də ziyan vurur”.

Boksçu xanım G.Zeynalovanın 10 min avroluq saatını itirməsi ilə bağlı sözlərinə də aydınlıq gətirib: “Bu haqda danışmaq istəmirəm. Mənim də qızıl boyunbağım itib. Amma polisin həll edəcəyi məsələ olduğu üçün geniş danışmaq istəmirəm”.

M.Cəbrayılova yaşanan hadisənin onun məşqlərinə təsir etmədiyini də açıqlayıb: “Psixoloji olaraq tam normalam, məşqlərimi edirəm. Avropa Oyunlarına hazırlaşıram. İnşallah hər şey yaxşı olacaq. Düşünürəm ki, bu hadisə ilə bağlı proses mənim üçün asan keçəcək”.

Qeyd edək ki, Günay Zeynalova musavat.com-a açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M. Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G. Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm ona hücum edib. Pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta, yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

G.Zeynalova bir çox məşhur müğənninin klipində rol alıb.

Küçədə qadını döydüyü iddia edilən boksçu: “Mənə əl qaldırıb, söyüş söydü” – FOTOLAR

Загрузка...