Mxitaryan tozanağı və Qarabağda “çempionat” hazırlığı

Ermənilər indi də başlayıblar ki, ay haray, qoymayın, Azərbaycan “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın ölkəyə girişinə icazə vermir! Məsələ burasındadır ki, mayın 29-da Avropa Liqasının finalında “Çelsi”- “Arsenal” qarşıdurması məhz Bakı Olimpiya Stadionunda baş tutacaq.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Mxitaryanın gəlişinə heç bir əngəl yoxdur. Nəinki onun… Azərbaycanda çoxlu mühüm idman tədbirləri keçirilib və onlarda erməni idmançılar da iştirak ediblər. Hətta erməni deputatlar, nazir müavinləri dəfələrlə Bakıda olub, birinin burnu qanamayıb. Ancaq kimə deyirsən? Ermənilər yenə kirimir. Ötən ilin payızında “Arsenal” Bakıda “Qarabağ”la qarşılaşanda da eyni tozanaq qoparmışdılar.

Sadəcə, Mxitaryan 2011-ci ildə işğaldakı torpaqlarımız səfər etdiyi üçün XİN onun ölkəmizə girişinə qadağa qoymuşdu. Bu səbəbdən onun Bakıdakı qarşılaşmada oynaması mümkün sayılmırdı. Lakin sonradan yenə də erməni futbolçuya “yaşıl işıq” yandırıldı. Bununla belə, gəlmədi, bəhanə etdi ki, təhlükəsizliyinə təminat yoxdur.

İndi yenə eyni “hava”nı çalırlar. Rəsmi Bakı son bir ayda ikinci dəfə bəyan edib ki, təhlükəsizliklə bağlı heç bir problem yoxdur.

Bu arada hətta UEFA da Mxitaryanın taleyindən narahat görünür. Azərbaycan XİN bir daha bəyan edib ki, idman siyasətdən kənardır. Gənclər və İdman Nazirliyi də Mxitaryanın təhlükəsizliyinə təminatın verilməməsi ilə bağlı iddiaları təkzib edib.

Bu tərəfdən də Britaniya XİN vətəndaşlarına çağırış edib ki, Bakıda sizi qarət edərlər, ehtiyatlı olun! Absurda baxın, bütün dünya ingilis azarkeşlərin əlindən bezar olub, bunlar da bizi qaralayır. Hər halda, Londonun çağırışı da Mxitaryanın soydaşlarının ürəyincədir.

Axı, nə baş verir? Fakt budur ki, 2018-ci ildə Bakı dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb. Elə isə ermənilər niyə bu qədər hay-küy salıb?

Azərbaycanı gözdən salmaq niyyəti bəllidir. Ancaq burada başqa bir məqsəd də var. 1-9 iyun tarixlərində Azərbaycanın işğal altındakı torpaqlarındakı qondarma separatçı-terrorçu rejim separatçı “dövlət”lərin “CONİFA” – (Müstəqil Futbol Assosasiyası Konfederasiyası) futbol üzrə “Avropa çempionatı”nı keçirməyə hazırlaşır.

Separatçılar hətta “çempionat”ın himnini də yayıblar, Xankəndi, Şuşa, Cıdır düzü, Kəlbəcərdəki məşhur Xudavənd məbədinin əks olunması fonunda…

Əslində bu gün Azərbaycan XİN Ermənistanın və Qarabağ separatçılarının bu həyasızlığına diqqət yetirməli, həmsədrlərdən bu oyunbazlığa son qoymağı tələb etməlidir. Nə olsun ki, bu “çempionat” UEFA və FİFA tanımır. Addımlar atırlarsa, cavabı adekvat olmalıdır. Bu, ərazilərimizin ilhaqı istiqamətində növbəti gedişdir.

Ermənilər daim bu taktikadan istifadə edib: Azərbaycanı günahlandırıb, işğal ediblər, bizi soyqırımda günahlandırıb, özləri soyqırım ediblər. İndi də keçirəcəkləri futbol yarışından diqqəti yayındırmaq üçün Azərbaycanı suçlu çıxartmaq istəyirlər.

Əslində Bakı birmənalı bəyan etməliydi ki, Mxitaryanın ölkəmizə girişi mümkünsüzdür. Qoy öncə o, Azərbaycan dövlətindən və xalqından üzr istəsin, Qarabağda olmuş digər əcnəbilər kimi! Lapşindən böyük qəbahət edib bu dığa! Nə olsun futbol ulduzudur…Terroru dəstəkləyib! Fakt? Buyurun: vaxtilə Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyan yazmışıdı ki, Mxitaryan 2009-2012-ci illərdə hələ Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Xankəndiyə dəfələrlə gedib, xeyriyyə tədbirləri keçirib. Deməli, Qarabağdakı “futbol çempionatı” da onun adı ilə bağlıdır. Özü Bakıda oynayacaq, yetirmələri də Ağdərədə!!!

Hətta Bako Saakyan futbola dəstəyinə və xeyriyyə aksiyasına görə Mxitaryana “xalq müdafiəçisi” ordenini verib. Bütün bunlardan sonra o, nə üzlə Bakıya gəlmək istəyir?! Digər tərəfdən, Qarabağda separatçıların “çempionat” keçirməsinə susan UEFA nə haqla Azərbaycandan öhdəliklərinə əməl etməyi tələb edir?..

İşğalçı bizimlə bəhsə girməyə çalışır. Biz Cocuq Mərcanlıda ağac əkirik, onlar da Cəbrayılda… Biz futbola ev sahibliyi edirik, onlar da oyuncaq “çempionat” keçirir.

Ermənilərin Qarabağda çempionat keçirmək istədiyi Ağdərə stadionunu isə mərmilərlə şumlamaq pis olmazdı. Heç olmasa XİN və Müdafiə Nazirliyi oyunlara qatılmaq istəyənləri xəbərdar etsin…

Загрузка...