Avropa Liqasının 2018/19 mövsümünün final oyununun iştirakçıları müəyyənləşib.

ONA-nın məlumatına görə, Bakıda keçiriləcək həlledici görüşdə İngiltərənin “Arsenal” klubu ilə üz-üzə gələcək komandanın adı bəlli olub.

İngiltərənin digər klubu “Çelsi” ilə Almaniya təmsilçisi “Ayntraxt”in duelinin taleyinə penaltilər seriyasında aydınlıq gəlib. İlk görüşdə olduğu kimi bu dəfə matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. “Çelsi” ilk yarıda hesabı açsa da, Frankfurt təmsilçisi hesabda tarazlıq yaradıb.

Əlavə vaxtda komandalar qol vura bilmədiyindən Bakıdakı finala vəsiqənin sahibi “lotereya”da bəlli olub. Daha dəqiq olan “Çelsi” qələbə qazanıb.

Beləliklə, finalda İngiltərə klublarının dueli baş tutacaq. Kubokun sahibi “Çelsi” və “Arsenal”ın matçında bəlli olacaq.

“Çelsi” bununla da klub tarixində ikinci dəfə turnirin finalına yüksəlib. 2012/13 mövsümündə kuboku başı üzərinə qaldıran komanda 6 ildən sonra yenidən həlledici görüşdə oynayacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) – 1:1, pen. 4:3
Qollar: Loftus-Çik, 28 – Yoviç, 49
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
London. “Stemford Bric” stadionu
İlk oyun – 1:1

Загрузка...