Ölkəmizin ictimai-siyasi gündəminə baxıram və ağlım gedir əvvəlcə Minsk və Moskvaya, sonra Kişinyov və Buxarestə, ondan sonra Dublin, London, Kanberra, Vaşinqton və Ottavaya, oralardan ötür Qahirə və Bağdada, lap axırda Lissabon və Rio-de Janeyroya…
Yəqin ki, çox adam bu şəhərlər arasında lazımi əlaqə qurdu. Çox gendən götürməyimə baxmayaraq. Amma məsələ belədir: bu adları çəkilən şəhərlər qardaş dövlətlərin paytaxtlarıdır. Məsələn, Belarusla Rusiya, Moldovayla Rumıniya qardaş dövlətlərdir (o birilər də eləcə – məsələn, Portuqaliya-Braziliya), bizim təbirimizcə desək, bir millət-iki dövlətdirlər.
Əslində dünyada bir millət-yeddi dövlət (ingilisdillilər), bir millət – on beş dövlət (ispandillilər), hətta bir millət – iyirmi dövlət (ərəbdillilər) büsatları da var. Tam əksi də mövcuddur, “yüz millət-bir dövlət”lər (ABŞ, Çin, Rusiya, Hindistan və s.) də az deyil.
İndi fikirləşirəm ki, görəsən, o qardaş dövlətlərdən birində, məsələn, böyük qardaşlardan olan Rusiyada, Rumıniyada seçki olanda kiçik qardaşların – Belarusun, Moldovanın əhalisi kütləvi həyəcan yaşayırmı? Eləcə də o birilərində. Bunu gərək o dövlətlərdə yaşayan həmvətənlərimizdən soruşaq, necə olmasa da, illərdir oralarda yaşayırlar, bilmiş olarlar.
Amma bizdə belədir, biz öz qardaş ölkəmizin siyasi prosesləri ilə, ictimai-siyasi gündəmiylə, türkün sözü, hər türlü seçimləri ilə dərindən maraqlanırıq, həyəcanlanırıq, uzun-uzadı müzakirələr aparırıq. Hətta İstanbulun hansısa rayonunda bələdiyyə başqanının kim olacağı üstündə burada öz kəndçilərimizlə dalaşırıq.
İllərdir ki, beləyik. Doğrusu, bunun haradan qaynaqlandığına dair müəyyən təxminlərim var, amma çox da açıb-ağardılası deyil. Futbolda da eyni cür hərəkət edirik və aşağı-yuxarı, səbəb eynidir.
Əgər bizdə də “Real” və “Barselona” (yaxud “Çelsi” və “Liverpul”, “Yuventus” və “Milan”) kimi güclü futbol klubları olsa, onlar kimi böyük oyunçulara sahib olsaq və o oyunçular dünyanın futbol azarkeşlərinin diqqətini Bakıya cəm edə bilsələr, biz heç vaxt başqa ölkələrin futboluna azarkeşlik etmərik, deyərik, özümüzünkünə nə gəlib.
Siyasət məsələsində də belədir. Bizdə də o cür maraqlı seçkilər olsa, qardaş ölkənin bələdiyyə başqanlarının kimliyi bizi maraqlandırmaz, deyərik, Qarsda kim mer olur-olsun, nə işimizə qalıb, biz baxaq görək, Zərdabın bələdiyyə sədri kim olacaq, Qusarda seçkini kim udacaq və s.
Uzun sözün kəsəsi, harda babat yarışma var, bizim diqqətimiz ora yönəlir. ABŞ-da da vaxtaşırı yaxşı yarışmalar olur. O vaxt Trampın seçkisində bizim camaatın təmsilçiləri gecəylə ABŞ səfirliyinə yığışmamışdılarmı? Hətta insanlarımız iki tirəyə bölünmüşdülər. Çoxluq Hillari Klintonun tərəfindəydi, di gəl, azlığın tutduğu “qoç” – Tramp qalib gəldi.
Bəs kim deyər, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda axırıncı dəfə seçki nə vaxt olub və kim qalib gəlib?
Hər halda bu yazının müəllifini o cür bilgilərdən xəbərsizdir. Bəlkə də heç ər-Riyadda seçki keçirilmir, kral öz şahzadələrindən birini təyin edir ki, adam paytaxt meri olsun. Yəni orada mer seçkisi və müvafiq yarışma olsaydı, biz əl-əlbət bilərdik.
Mer demişkən, indi bir xəbər var ki, gecəylə kəsilmiş 130 ağacın yerləşdiyi meşə zolağının yerini 2013-cü ildə bir sahibkara şəhərin o vaxtkı rəhbəri Abutalıbov Hacıbala İbrahim oğlu veribmiş. Burada müəllif “satıbmış” yazmaqdan bilərəkdən çəkindi, ancaq güman ki, sahənin sahibkarın sərəncamına verilməsi müftə-müsəlləm başa gəlməyib, rüsum-filan da alınıb. Ancaq bunun yuxarıdakı söhbətə dəxli yoxdur.
Əsas məsələ odur ki, İstanbul seçkiləri yenidən ölkəmizin gündəminə oturub. Ehtiraslar yenidən qızışıb. Heyf ki, bizim səsvermə hüququmuz yoxdur, yoxsa biz bakılılar qardaş İstanbulu mersiz qoymazdıq, toplaşıb ellikcə kiməsə səs verərdik, məsələ bitərdi.
İndi bu yerdə kimsə çıxıb deyəcək ki, belə elliklə səs verənsinizsə, öz Bakınıza mer seçin də…
Ağlına və dilinə bu fikir gələnlərin hamısı haqlıdır. Amma gerçəklik budur ki, bizdə mer institutu yoxdur. Heç yarışma da yoxdur. Bax, elə o səbəbdən “Zirə” ilə “Sabah”ın oyununa heç kəs baxmır.