Nikol Paşinyan yəqin ki, həyatı boyu bu qədər rəzil vəziyyətə düşməmişdi. Dmitri Medvedyev tərəfindən, elə İrəvandaca ələ salındı, Avrasiya İttifaqı Hökumətlərarası Şurasına üzv ölkələrin “gözü” qarşısındaca. Təsəvvür edin, quruma ev sahibliyi və üstəlik, sədrlik edən ölkənin baş naziri bir anda hamının gülüş obyektinə çevrilir…
Hadisə belə olub. Sədrlik etdiyi iclasın sonlarında Paşinyan “əgər heç bir sual yoxdursa, dostlar, biz artıq keçə bilərik…” – deyərək, əcaib “erməni budaq cümləsi” işlədib və bundan sonra müticəsinə Medvedyevin üzünə baxaraq susub. Cavabında isə Medvedyev “yox” deyib, ardınca da “bəs hara keçək”, soruşub. Medvedyevin reaksiyasına “fransız qalan” Nikol isə vəziyyətdən çıxmağa çalışıb: “Bizim imzalanma proseduruna görə… imzalamaya keçək artıq”.
Lakin məsələ bununla bitməyib və Rusiya nümayəndə heyətinin üzvləri yerlərində qımışıblar, Medvedyev isə gülməkdən özünü saxlaya bilməyəndə digərləri də uğunub.
Ermənilərin tənə etdiyi Paşinyan məsələyə “aydınlıq” gətirməyə çalışıb, deyib yorulubmuşlar, kofe içmək üçün “ora” keçmək istəyirmiş. Amma məsələ başqadır…
Nikol belə reaksiyanı hər kəsdən gözləyərdi, Medvedyevdən savayı. Çünki baş nazir olduğu bir ilə yaxın müddətdə Ermənistanın təmsil olunduğu KTMT-də az qala hər kəslə kəllə-kəlləyə gəlməyə çalışmışdı, Nazarbayevdən, Lukaşenkoya qədər. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrov belə, ermənipərəst olmasına rəğmən özünü saxlaya bilmədi, onu yerini bilməyə çağırmışdı. Lavrovun “bizi həyacanlandıran budur ki, Ermənistanda situasiya hazırda qaynayır” – sözlərinə reaksiyasında Paşinyan “bəli, doğrudan da bu gün yaman isti idi”, deməklə onu ələ salmağa çalışmışdı.
Medvedyev Ermənistandakı tədbirdə Paşinyana atdığı əlcəklə sanki demək istədi ki, “adamı belə ələ salarlar, get, öyrən, gəl!” Söz yox ki, bu cavab Lavrovun da ürəyindən olub. İndi yəqin o da deyir “oralarda havalar çoxmu istidir, Nikol?!”
Belə getsə, Paşinyan uzağı “bildirçinin bəyliyi” ömrünü yaşayacaq. Necə ki, hələ baş nazirliyinin yüz günlüyü tamamlanmamış rus ekspertlər onu yola salmağa hazırlaşırdılar. Bu proqnozların əsası da var, Rusiya prezidenti həbsdə olan Robert Köçəryana iki dəfə – ad günü və yeni il münasibətilə – təbrik yollayıb, amma Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib.
Erməni baş nazir çox çalışsa da, Rusiyanın Ermənistana satdığı qazın qiymətinin endirilməsinə nail ola bilmədi, əksinə, qiymət bahalaşdı. İndi də başqa bir zərbə…
Ötən ilin bu vədələrində özünü “inqilab lideri” kimi aparan bu küçə qəhrəmanı baş nazir postunu tutmağa hazırlaşanda “burada mənəm, Bağdadda kor xəlifə” deyirdi. Ancaq çox keçmədi ki, qaşınan buynuzunu sındıran tapıldı…
İlk dəfə Nikol Paşinyan Azərbaycan rəhbərliyindən aldı cəzanı. Baş nazir seçiləndən bir gün sonra Şuşada peyda olan erməni baş nazir onda ayıldı ki, Azərbaycan Ordusu Naxçıvan istiqamətindən əməliyyat keçirib, Laçın dəhlizinə uzanan magistralı nəzarət altına alıb. Şokda olduğundanmı, ya utandığındanmı, bu əməliyyatı etiraf eləmədi. Yarım il keçəndən sonra dedi ki, bu hadisə Serj Sərkisyanın vaxtında olub. Sonra dedi Qarabağ danışıqlarında format dəyişdirilməlidir, əks təqdirdə, danışıqları davam etdirməyin mənası yoxdur. Bu dəfə də “buynuzu” qırıldı, danışıqlara – özü də eyni formatda – qaça-qaça getdi…
Paşinyan Medvedyevi hökumət evində yox, öz evində qəbul etmişdi. Görüşdə demişdi ki, öz evində “qiymətli qonaqları” qəbul edir. “Hazırda iki ölkə arasındakı münasibətlərdə ən vacib andır. Əminəm ki, bizim münasibətlərimiz yeni səviyyəyə çıxacaq” – deyən, Nikol yenə yanıldı. Nə Medvedyevi evində qonaq etməsindən, nə də arvadı Anna Akopyanın Rusiya baş naziri ilə səmimi söhbətindən bir fayda olmadı.
Medvedyevin səfəri ərəfəsində xəbər yayıldı ki, Robert Köçəryan və digərlərinin işi məhkəməyə çıxarılır. Kim bilir, bəlkə elə bununla Rusiyaya dirənişini nümayiş etdirmək istəyirdi. Putin dostunu həbsdən buraxmaq üçün Paşinyana mesaj vermişdi, lakin sözü yerə düşdü. Necə ki, KTMT-dəki nümayəndə Yuri Xaçaturovla bağlı geri addım atmadı. Bunların bədəlinin ağır olacağı deyilirdi. “Ev sahibi” statusunda çıxış etməyə cəhd edən Paşinyana Medvedyevin silləsi həm də bu demək idi ki, “sən uzağı bizim forpostumuzsan, özündən çıxma!”
Bəlkə də hələ “jurnal”dır. Çox maraqlı olacaq, izləməkdə davam edək…