Qaz limiti məsələsi: soyuq bucaqdan istixanalara baxış

Bəri başdan deyim ki, bu yazıda əhaliyə verilən qaz limitinin artırılmasını mədh etmək niyyətim yoxdur. Əslində bu limit lap əvvəldən düzgün müəyyənləşdirilməliydi.

İkincisi, qeyd edim ki, mən və bir çox qonşularım il ərzində müntəzəm şəkildə qazdan istifadə etməyimizə baxmayaraq, limiti keçməmişik, təxminən 1400 kubmetr qaz işlətmişik.

Bunun bir neçə səbəbi var. Biri və birincisi odur ki, bu qış sərt keçmədi, şaxta olmadı və təbii ki, evlərin isidilməsi üçün lazımi avadanlıqların qaz sərfiyyatı artmadı. İkinci səbəb də odur ki, çoxmərtəbəli bina evlərində yerləşən mənzillərlə həyət evlərinin qızdırılması eyni deyil.

Birincidə mənzillər asan və tez qızır, çünki dörd tərəfdəki divarlar, altdakı döşəmə və üstdəki panel qonşuların istilik avadanlıqları tərəfindən qızdırılır.

Həyət evlərində isə bütün divarlar, dam və döşəmə açıq və soyuq havayla təmasdadır. Ona görə də həyət evlərinin normal qızdırlması üçün qaz sərfiyyatı artır və onlar istəsələr də, istəməsələr də, təyin olunmuş limiti aşmalı olurlar. Heç kəs 50, 100, 200 manata görə övladlarının xəstə düşməsini, ahıllarının əziyyət çəkməsini istəməz, boğazından kəsməklə olsa da, evinin istiliyini, daimi isti suyunu təmin edəcək.

Bu baxımdan qaz limitinin artırılması həyət evlərində yaşayanlar üçün çox vacib idi.

Ancaq hazırda belə tələblər var ki, qaz limiti tamamilə ləğv olunmalıydı. İlk baxışdan haqlı tələbdir. Karbohidrogen ehtiyatları ilə zəngin ölkənin əhalisi nədən mavi yanacağı limitlə alsın?

Belə etmək, limiti ləğv etmək olarmı? Əlbəttə, olar. Nəticəsi necə olar? Ona da nəzər yetirək.

Tətbiq edilən hər bir limit israfçılığın və möhtəkirliyin qarşısını almaq üçündür. Müharibə illərində, ondan sonrakı 4-5 ildə, lap elə sovet rejiminin son illərində (1980-89-cu illərdə) bir sıra ərzaq (ət, yağ, şəkər) məhsullarının satışında talon sistemi tətbiq edilirdi. Niyə? Çünki bu ərzaqlar bol deyildi, hər kəsə güclə yetəcək qədər idi. Kimsə möhtəkirlik edərdisə, gündəlik tələbatından artıq məhsul alardısa (ya sonradan satmaq, ya da israfçılıq etmək niyyəti ilə), mütləq kimlərəsə ərzaq çatmayacaqdı. Ona görə də talon sistemi tətbiq edirdilər ki, heç kəs ehtiyacı olduğundan artıq qida məhsulu ala bilməsin. Hər şeyin bol olduğu dönəmlərdə belə mədudiyyətlərə ehtiyac yoxdur. Ölkənin ticarət və iaşə sektorunda qida korluğu, qıtlıq yoxdursa, israfçılar nə qədər istəyirlər qida məhsulu alsınlar, özləri bilər. Möhtəkirlər isə bu müstəvidə pul qazana bilməzlər – onlar üçün əlverişli mühit çatışmazlıq, qıtlıq, böhranlı durumlardır.

Bu məsələnin qaz limitinə nə dəxli var? O dəxli var ki, qaz yerin təkindən çıxsa da, havayı başa gəlmir, tükənən sərvətdir və onu israf etmək olmaz. Limitsiz qazı israf etmək istəyənlər isə çoxdur. Ölkə başdan-başa istixanalardır. Onlar il on iki ay məhsul istehsal edir, böyük pullar qazanırlar. Bu cür sahibkarlar istəyirlər ki, ucuz qaz yandırsanlar, daha çox qazanc əldə etsinlər. Onlar hazırkı illik limiti cəmi bir ayın içində israf edə bilərlər. Hər sahibkarın sərəncamındakı istixana kompleksi bir qəsəbənin yandırdığından çox qaz yandırır. Əslində qaza tətbiq olunan limit əsasən əhali üçün deyil, ucu-bucağı görünməyən istixanalarda bahalı məhsul yetişdirib çoxlu pul qazanan sahibkarlar üçündür.

Bəs hazırda onlar öz istixanalarında hansı yanacaqdan istifadə edirlər? Limiti aşdıqlarında qaz üstlərinə baha çıxır deyə, qənaət rejimi tətbiq edirlər, bir də alternativ yanacaqlardan yararlanırlar. Məsələn, ölkənin elə bir yağdəyişmə sexi yoxdur ki, orada işlənmiş motor yağlarının yığılması üçün dəmir çəlləklər olmasın. Yağdəyişən ustalar işlənmiş motor yağlarını bu çəlləklərə yığır, dəyər-dəyməzinə istixana sahiblərinə satırlar və onlar qazla yanaşı, maya dəyəri olduqca aşağı olan yanacaq növündən istifadə edirlər.

Qaz limiti ləğv olunsa, sahibkarlar sex-sex dolaşaraq dəmir çəlləklərdəki işlənmiş yağı almayacaqlar, qaza güc verəcəklər.

Bunun da nəticəsində intəhasız istixanalar bola-bol qaz israf edəcəklər, əhali isə qazsız qalacaq. Çünki sahibkarlar öz işlərinin rəvan getməsi üçün qazı haradan, kimdən almağı yaxşı bilirlər.

Məsələ budur. Ona görə də qaz limitinin ləğvi məsələsini çox qabartmayaq. Birdən götürüb edərlər, sonra gərək bir il də yazaq ki, qaza limit qoyulsun.

Загрузка...