“Çox zaman həyatda belə olur ki, ömründə bir dəfə yalan danışmamış adam nəyin doğru, nəyin yalan olduğunu mühakimə eləmək fikrinə düşür”

(Mark Tven)

Bir neçə qalmaqallardan sonra Feysbuk-un qurucusu Mark müəllim sosial şəbəkənin quruluşunda inqilabi yeniliklər eləmək qərarına gəlibdir. Misal üçün, mavi rəngi azaldıb ağ rəngi çoxaldacaqdır. Təslim olur. Çünki bəşəriyyəti bir yerə yığıb onlar arasında ünsiyyət qurmaq asan iş deyildir. Yalan xəbərlər, saxta profillər, biabırçılıqlar, terrorçular, seçki oğruları – bunlar bəşəriyyətin virtual sosial şəbəkələrdən istifadəsinin son illərdəki əsas gündəmidir. O üzdən, yeni Feysbuk əslində geri çəkilməkdir, çünki elan edilənə görə xəbər xətti (“nyus-feed”) dizaynda arxa plana keçəcək. Önə qruplar, yaxın dost-tanışla əlaqələr çıxacaqdır. Loru dildə desək, camaat harda idisə ora da qayıdacaqdır. “Bəyin oğurlanması” filmində deyilən kimi: “Elə bizi Liviya səhrasında görməsələr yaxşıdır”. (Doğrusu mən özüm, bir az da təvazökarlıq çıxmasın, Feysbuk-un bu vəziyyətə gəlməsindən hardasa iki-üç il qabaq tam iyrənib sosial şəbəkəni tərk eləmişdim və dəyişmələr heç vecimə deyildir).

Ancaq saxtakarlıq əslində yeni bir şey deyildir. Bu günlərdə “Qaçaq Nəbi” dastanını oxuyurdum. Dastan 19-cu əsrdə yaşamış el qəhrəmanına aiddir. Yeri gəlmişkən, sovet dövründə, 1985-ci ildə Qaçaq Nəbi haqda çəkilən, “Qanlı zəmi” və “Atları yəhərləyin” adları ilə tanınan filmin bu qəhrəmanın obrazını əməllicə təhrif elədiyini yazmalıyam. Qaçaq Nəbi haqsızlığa, ədalətsizliyə qarşı vuruşması, cəsurluğu, mərdliyi, ağılı, yumoru və başqa göstəricilərinə görə qat-qat səviyyəli bir filmə layiq qəhrəmandır. Dastanda onun həyatıyla bağlı elə epizodlar var ki, bu saat ssenarisini yaz, ver Hollivuda, Netflixə, sənin üçün gözəl bir drama, vestern üslubunda serial yaratsınlar, iki göz, ya da 3D ekran istəsin tamaşa eləməyə. Burada dastanı yada salmaqda məqsədim isə ayrıdır. Mən orda indiki dövrümüzlə az qala dejavyu yaşadacaq qədər üst-üstə düşən əhvalatlar gördüm. Misal üçün, Qaçaq Nəbini hər yerdə 2 tip adamlar izləyir. Bunlardan biri xalqın xoşniyyətli xəbərçiləridir. Çar ordusu, zalım bəylər və mülkədarlar Nəbinin hansı dağda olduğunu bilib ora yürüyərkən camaatdan kimsə qaçaraq, çaparaq özünü yetirir, deyir üstünə qoşun gəlir, hazırlaş, ya aradan çıx və sairə. Bu, necə deyərlər, xalqımızın kişi adamlarının təsviridir. Bəlkə əlli yerdə bu cür xəbərçilər haqda oxuyuruq. Ancaq namərd xəbərçilər də var, bunlar dastanda “çuğulçular” adıyla keçir. Onların məqsədi Nəbinin olduğu yerlər, gizləndiyi məkanlar haqda hökumət qoşunlarına, “naçalnik”lərə xəbər aparmaq, ənam almaq, vəzifə qazanmaqdır. Düzü mən saymadım, indi fikirləşirəm gərək dəqiq sayardım, ancaq çuğulçular dastanda nədənsə mənə daha çox göründülər. Bu cür çuğulçuluq, indiki terminlə desək, “s…lıq” və “işverənlik” 19-cu əsrdən qalırmış.

Dastanın bir yerində isə lap tragikomik obrazla rastlaşırıq, onun adı… Qara Nəbi-dir! Bəli, bu, 19-cu əsrin “feyk-profili”, troludur. Çar hökuməti və bəylər Qara Nəbi adlı bir qulduru Qaçaq Nəbiyə əks olaraq özləri yaradır, hər cür dəstək, maddi yardım göstərirlər. Qara Nəbinin vəzifəsi isə kəndliləri, yoxsulları soymaq, incitmək, bununla Qaçaq Nəbini sosial dayaqlarından məhrum etmək imiş. Ad oxşarlığı camaatı müəyyən qədər çaşdırır, hökumət istədiyinə hardasa nail olur da. Hətta Qaçaq Nəbi bir müddət əsas işini (oxu: oliqarx və korrupsionerlərlə mübarizə) atıb Qara Nəbinin dalıyca düşür, onu izləyir ki, tutub öldürsün.

Sonda qeyd edim ki, yalan və saxtakarlıqla mübarizəyə asan iş kimi baxmaq çaşdırıcıdır. Bu, çox ağır vəzifədir. Çox zaman sonunda məğlubiyyət durur – təəssüflə qeyd etməliyik. Feysbuk-dan bir misal da yazım, qışda oxumuşdum. Mark Zukerberq son illərin qalmaqalları, cərimələr, məhkəmələr üzündən feyk-profillər, yalan xəbərlərlə (feyk-nyus) mübarizə işinə daha ciddi yanaşmalı olmuşdu. Bir ara orada saxta xəbərlərlə mübarizəyə cəlb edilən işçi sayı 7 min nəfəri ötmüşdü. O işlə məşğul olanların isə sonda özlərinin psixikası pozulurmuş. Örnək üçün, bəzi moderatorlar yəhuqilərin faşist düşərgələrində məhv edilməsinin uydurma xəbər olmasını o qədər oxuyub silirmişlər ki, axırda özləri də həmin “Xolokost” hadisəsinə şübhə ilə yanaşırmış. Göbbelsin məhşur metodu işə düşürmüş: yalanı çoxlu deyəndə, ona inanırlar.

Загрузка...