Dünən həbs xəbəri yayılan Bakupress.az saytının rəhbəri Şəfəq Ağacan öz işçisi tərəfindən şərləndiyini deyir.
BAKU.WS xəbər verir ki, Ş.Ağacan bu gün səhər saatlarında “Facebook” səhifəsində paylaşdığı statusda bu barədə yazıb:
“Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs neçə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir işçimin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm.
Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və mənə dəstək olmanızı istəyirəm. Hazırda üzərimə oynanan möhtəşəm ssenarinin qurbanı olmaq istəmirəm.
Mən həmişə narkomaniya bəlasına qarşı olan biri olmuşam.
Bu gün – 03.05.2019 tarixində saat 10:00-da məhkəməm olacaq. Məni tanıyan hər kəsdən istəyim və xahişim budur, məni tək qoymayın. Tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir anayam”.
Qeyd edək ki, dünən qafqazinfo-da verilən məlumatda bildirilir ki, Bakupress.az saytının rəhbəri Şəfəq Ağacan aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.
Xatırladaq ki, Ş.Ağacan 2016-cı ilin may ayında intihara cəhd edib və xeyli sayda dərman qəbul etmişdi. O zaman Nicat adlı şəxs tərəfindən şantaj oldunduğu üçün özünü öldürmək istədiyi haqda məlumatlar yayılmışdı.