Ötən gün Tovuzda yaşlı bir kişinin əlində tüfənglə bazarda gəzişdiyi və küçə itlərini güllələdiyilə bağlı xəbər vermişdik.

BAKU.WS olaraq həmin şəxsin kimliyini araşdırmaq üçün ilk növbədə Tövuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Tovuz Rayon İcra Hakimiyyətinin başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Yaşar İbrahimov BAKU.WS-ə bildirdi ki, həmin hadisədən xəbərləri var. Bu barədə polisə də məlumat verilib.

“O, naməlum insandır. O, bizim şəhər sakini də deyil. Nə Tovuz rayon İcra Hakimiyyətinin, nə də icra nümayəndəliyinin əməkdaşı deyil. Tovuzda heç sahibsiz itlər də yoxdur. Həmin adamı tanımırıq, bilmirik kimdir”, – deyə Yaşar İbrahimov bildirib.

Daha sonra məsələ ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalovla əlaqə saxladıq. Rəşad müəllim isə məsələ barədə açıqlama almaq istəyimizi rədd etdi və heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından isə BAKU.WS-ə bildirdi ki, həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılacaq.

“Heç kimin ixtiyarı yoxdur ki, bazarda, camaatın yanında itləri güllələsin. Bu qanun pozuntusudur. Məlumat daxil olan kimi araşdırmalara başlanılıb.

Həmin şəxsin kimliyi müəyyən ediləcək və o, müvafiq polis bölməsinə dəvət ediləcək. Onunla danışıqlar aparılacaq. Tüfəngin sənədinin olub-olmadığı araşdırılacaq.

Günün günorta çağı, bazarda, camaatın gözü qarşısında iti güllələmək olmaz. Bəlkə heyvanın əvəzinə güllə kiməsə dəydi? Bazar ictimai yerdir. Orada odlu silahdan istifadə etmək olmaz. Birmənalı şəkildə polis bu işi araşdıracaq.

Sahibsiz itlərlə bağlı müvafiq qurum qərar qəbul etməlidir. Kimsə əlinə silah alıb, küçədə atəş açmamalıdır. Bu ictimai təhlükəsizliyin pozulması deməkdir”.

Загрузка...