Limitsiz dəyişikliklər

“Küləklər istiqamətini dəyişəndə bəziləri divar tikir, bəziləri isə yel dəyirmanı”

(Çin ata sözü)

Ta qazın limiti də artırıldı, uca millətimizin qazının qabağını almaq olmayacaqdır. Dünən keçmiş bayramlarını ürəklərində qeyd edən zəhmətkeşlərimiz başa düşüblər ki, doğrudan da dünyada ağlamayana məmə yoxdur. (Ya da pəpə – dəqiq bilmirəm. Kimə hansı lazımdırsa, onu oxusun). Biz ağlaşırıq, hökumət tədbir görür. Ağlayıb soğanı da ucuzlatdıq, halbuki soğan özü bütün dünyada adamları ağlatmağı ilə tanınır. Nəyə görə ucuz oldu? Çünki hökumət soğanı xaricə çıxartmağa bir növ embarqo qoymuşdu.

Zəhmətkeşləri yadımıza salmışkən, bir vaxtlar 1 may bayramını doğrudan çox təntənəli keçirərdik. Parad, şənlik, mahnı-filan… Bu bayramın tarixi, deyilənə görə, 19-cu əsrdə 8 saatlıq iş günü uğrunda fəhlələrin mübarizəsindən yaranmışdır. İndi isə bizdə nə fəhlə sinfi qalıb, nə iş günü, nə mübarizə. Hətta camaat gündə 10-15 saat işləməyə hazırdır, təki iş tapa bilsin. Tək bizdə belə deyil. İbrahim müəllim demişkən, götürək elə qonşumuz Yaponiyanı. Orada camaat iş saatından artıq işləmək uğrunda mübarizə aparır. Bir azdan robotlar hamımızı əvəz eləyəndə lap komediya qopacaqdır. Ucundan-qulağından bizə eyham vurublar: Sofiya xanım adlı robotu göstəriblər. O cümlədən rəqs eləyən, kabab çəkən, mollalıq eləyən, dərs deyən, yük daşıyan, qəzet yazan robotlar vardır. Dünən xəbər gördüm: süni ət də çıxıb. Daha dana saxlamaq, qoyun otarmaq kimə lazımdır? Çoban da işləyə bilməyəcəyik. Axırımız çatıb, qardaşlar. Gəlin həm də buna görə bir-birimizi qırmayaq, mehriban olaq, Azərbaycanımızı sevək, dünyada tanıdaq!

Qayıdıram qaz temasına, çünki yazımız əsas enerjisini oradan almaqdadır. Zarafat deyil, hökumət hər birimizə ildə faktiki 50 manat yardım eləmişdir. Özümüzü yaxşı aparsaq, hovuza su da buraxacaqlar. Əlamətlərə görə yaxşı aparırıq. Dünən Nazirlər Kabineti yanında adqoyma idarəsinin müdiri açıqlama vermişdi, deyir, camaat bu il uşaqlarına 10 yeni ad qoymuşdur. Onlardan biri Human adı idi. Bunun mənası latınca “insan” deməkdir. Demək, humanizm, insanpərvərlik nə cür çoxalıbsa, xalq bunu uşaqlarının adında yaşatmağa qərar vermişdir. Ümid edirəm, İslahat oğlan adı, Dinamika qız adı da eşidəcəyik. Bəlkə var, biz bilmirik. Elə idarənin açıqlamasında mənə təəccüblü gələn bir neçə ad vardı: Aytər, Elyar, İmanə və sairə. Təəccübümün səbəbi isə idarənin bunları yeni, ilk dəfə qoyduğumuz uşaq adları sayması idi. Halbuki sadəcə Google-də bu adları yazsan, neçə yaşlı-başlı vətəndaşımızın adı çıxacaqdır. Bəs niyə nazirlik bunları yeni ad sayır? Görünür, köhnə aytərlər və elyarlarımız hamısı xaricə gedibdir. Yeniləmək lazım gəlibdir.

Analoqu olmayan insanpərvərlik və istiqanlılığımızın başqa əlaməti Bakının bir qəsəbəsində tapılmışdı. Orada, yaddaşım məni aldatmırsa, Zığ qəsəbəsində, 3 ayrı binanın sakinlərinin eyni ünvanı var idi. Çox ləzzətli əhvalatdır, təsəvvür elə, oturmusan evində, səninlə eyni evdə həm də başqa iki ailə “yaşayır”. Bir qadın dedi ki, getmişəm ASAN-xidmətdən arayış alım, mənə deyirlər sənin 4 oğlun, 6 qızın, 2 ərin, 3 qayınanan var. Halbuki qadının cəmi 1 uşağı varmış. Əsl Xoşqədəm xanımın verilişinə layiq ünvan idi. Bəs bunların hərəsinə başqa ünvanlar vermək olmazmı? Təbii, olar. Ancaq o zaman həyatın nə gözəlliyi qaldı? Elə dövlət idarəsi də bir adresi 3 fərqli evə verməklərini izah edə bilmədi, yalnız onu dedi ki, üzərində işləyirik, gələcəkdə ola bilsin hərənin ayrı adresi olsun. Heyf. O cür ekzotika, o cür qaynayıb-qarışma aradan qalxacaqdır.

Qərara aldım, yazını da burada azaldım, limiti keçməsin.

Загрузка...