Bakıda oğlan keçmiş sevgilisini vəhşicəsinə öldürdü

2017-ci ilin yayında Yasamal rayonu “Sovetski” məhəlləsində keçmiş sevgilisini amansızlıqla öldürən, onun kirayə yaşadığı evin sahibi ilə oğlunu isə bıçaqlayan 1991-ci il təvəllüdlü Sənan Məmmədov Ali Məhkəməyə müraciət edib.

Medianews.az “news24.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 19 il həbs qərarı verdiyi S.Məmmədov Apelyasiya Məhkəməsində tələbinin rədd edilməsindən sonra kassasiya şikayəti verib.

O, işə düzgün baxılmasını tələb edib. İşə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Məmmədov Sənan Qara oğlu Cinayət Məcəlləsinin 120.2.6-cı, yəni başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə maddəsi ilə məhkum edilib.

Hadisə isə Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) baş verib.

Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib.

Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb, digərləri sağ qalıb.

Ev sahibəsi M.Həsənova məhkəmədə ifadəsində bildirib ki, S.Məmmədovla qonşu olub: “Hadisədən əvvəl mərhum Mahirə Əliyeva bizə gəldi. Dedi ki, evdə pul var idi, yoxa çıxıb. Çox qorxmuşdu. Bildirirdi ki, Sənan onu öldürəcək.

Mahirə tez-tez bizə gəlirdi. Bir müddət keçəndən sonra Sənan oradan köçüb getdi. Mahirə də mənim evimə köçdü. Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi.

Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu”.

M.Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub, onun səsinə qapının yanına gəlib: “Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bir-neçə dəfə bıçaqladı”.

Zərərçəkmiş söyləyib ki, hadisədən əvvəl mərhum Mahirə Əliyeva S.Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

S.Məmmədov qeyd edib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: “Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Sonra mənim yoldaşım Mahirəni rayona toya apardıqlarını dedilər. Polisdə məlum oldu ki, pulu Laçın Həsənovla birgə aparıblar”.

M.Həsənova bildirib ki, hadisədən sonra S.Məmmədov müstəntiqə deyib ki, gərək bunların hamısını “biçərdim”.

Загрузка...