Afət Fərmanqızı: “Qurandan ehtiyat edirəm” – MÜSAHİBƏ

Kulis.az “Tanınmışlarla kitab söhbəti” layihəsindən müğənni Afət Fərmanqızı ilə müsahibəni təqdim edir.

– Uşaqlıqdan oxuduğunuz kitablar hansılar olub? Nələr qalıb yadınızda?

– Uşaq vaxtı, lap balaca olanda “Şəngülüm-şüngülüm” tipli kitablar oxuyurdum. Orta məktəbi çox yaxşı oxumuşam. Bütün fənlərdən yüksək qiymət almışam. Orta məktəbin əvvəlləri “Kapitan Qrantın uşaqları”nı xatırlayıram. Sevgi mövzularında diqqətimi çəkən Əlibala Hacızadənin əsərləri idi. Ümumiyyətlə, kəndimizin kitabxanasında kitab qoymamışdım, təmiz oxumuşdum. Sonra Tovuz rayonunun kitabxanasına getdim. Oranın da kitabxanasını iki dəfə oxudum. O vaxt yadıma düşənləri deyim: Əlibala Hacızadənin “İtkin gəlin”i, sonra “Küləklə sovrulanlar”, Rəşad Nuri Güntəkinin əsərləri… Ən çox xarici ədəbiyyat oxumuşam.

– Bəs indi nə oxuyursunuz?

– İndilərdə Lev Tolstoyun “Anne Karenina”sını oxuyuram. Filminə də baxmışam. Əslində, bu əsəri o vaxtlar oxumuşdum, sadəcə təkrar qayıtdım və filminə baxmağa qərar verdim. Gecələr yatmazdan əvvəl yarım saat, bir saat mütaliə edirəm. İndi ən çox şeirlər, qəzəllər oxuyuram.

– Heç kitab oğurladınızmı?

– Yox. Heç vaxt.

– Şəxsi kitabxananız varmı?

– Kitabxanam kənddəki evimizdə var.

– Hazırda masanızda hansı kitab var? Və o kitab oxunmağını gözləyir…

– Masamın üzərində Vüqar Əhmədin şeir kitabı var. Onun şeirlərini oxuyuram. Yeni bir mahnı da gələcək, Vüqar Əhmədin sözlərinə. Heç özünün xəbəri də yoxdur. Düzü, mənim elə də vaxtım yoxdur kitab oxumağa. Təyyarədə uçanda, yayda istirahət edəndə kitab oxumağı sevirəm. Mən də, oğlum da plyajda vaxtımızı kitab oxumaqla keçiririk.

– Günün hansı saatları, harda, hansı şəraitdə oxuya bilirsiniz?

– Günün istənilən vaxtı olur. Onun fərqi yoxdur. Bir də görürsən, yemək bişirdiyim yerdə qazın altını söndürürəm, maraqlı kitab düşür əlimə, oxuyuram. Yaxud da internetdən nəsə çıxır qabağıma, göz gəzdirirəm.

– Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?

– Universitet və məktəb kitablarım təəssüf ki, durmur.

– Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

– Mən birinci sinfə getməzdən əvvəl yazı yazmağı öyrənmişdim. Əmimgil, yaşlılar kitab oxuyanda da mən onlara baxırdım. Elə bil kəllə-mayallaq oxuyurdum o kitabları (gülür). Sonra orta məktəbə gedəndə o xasiyyətimi tərgitdim. Sinifdə yazıb-oxumağı sevirdim, təkcə yazmağı, ya da oxumağı yox.

– Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

– Kitabın küncünü qatlayıram.

– Şeir əzbərləyirsiniz?

– Şeir indi də əzbərləyirəm. Orta məktəbdən əvvəl əzbər bilirdim çox şeiri. “Quzu”nu, “Keçi”ni… Həm toylara lazım olur, həm də mahnı yazdırmağa.

– İlk oxuduğunuz kitab yadınızdadır?

– İlk oxuduğum kitabı dəqiq deyə bilmərəm. Bilsəydim ki, bir gün bu sualı mənə verəcəklər uşaq vaxtı oxuduğum o kitabı yadımda saxlayardım.

– Kitab olmasın, şeir olsun. Yadınızda qalan nə var?

– Hə. Lap uşaq olanda, hələ dilim təzə açılanda “Ay havada uçan durna, bizi qoyub qaçan durna” şeirini xatırlayıram, ilk oxuduqlarım bunlar idi və mən bu şeiri əzbər bilirdim. Bax o kəllə-mayallaq oxumaq deyirdim e… Bu həmin kəllə-mayallaq oxuduqlarımdan idi.

– Kitab bağışlamısınızmı?

– Təəssüf ki, bağışlamamışam. Çünki hədiyyə alıb verən vaxtlarımda kitab oxumağa maraq azalmışdı. Söhbət öz nəslimizdən gedir. Amma mənə bu yaxınlarda dostum çox qiymətli bir kitab hədiyyə edib.

– Hansı kitabdır o?

– Ömər Xəyyamın şeirləridir, nəfis tərtibatda. Çox maraqlı kitabdır.

– Axırıncı dəfə nə zaman kitab oxumusunuz və nəyi?

– Nəsiminin bir şeirini oxumuşam. Mahnı olacaq o da. Bu da konkret özgüvəndi, başdan-ayağa. Birincidə olduğu kimi “mənəm-mənəm”. Camaatı qıcıqlandıran da “mənəm-mənəm”i mənim deməyim oldu. İkinci mahnıda özgüvəndi. Demirəm adını, oğurlayarlar. Az qalıb. Bir həftəyə çıxacaq. Bu elə olacaq ki, birinci oxuduğum “Pəncü-şeş” geridə qalacaq. Hə, bu cür qəzəlləri tapmaq üçün oxuyuram. İşimə uyğun olduğu üçün şeirləri, qəzəlləri, klassikləri oxumağı sevirəm.

– Yazırsınızmı nəsə? Həvəs üçün də olsa… Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes…

– Hə, yazıram. Mənə yaxın olan adamların pisliklərindən yazıram. Qəribə xasiyyətim var. Yaxşılıq avtomatik yadımda qalır, pislik isə yox. Bu da mənə sonradan çox pis təsir edir. Qarşı tərəfin mənə elədiyi pislik yadımdan çıxır axı. O düşmənə ikinci, üçüncü şansı verirəm və görürəm ki, məni yenə kürəyimdən vurdu. Ona görə də pislikləri yazıram. “Tumbuçka”mın üstündə dəftərim var. Mən ora planlarımı və mənə doğma adamın elədiyi pislikləri yazıram. Şeir də yazmışam. 11 yaşım olardı, 20 Yanvar hadisələri olanda iki bənd şeir yazmışdım. 11 yaşlı uşaq nə yaza bilər ki? Axı hadisələr 19 yanvarın gecəsi başlamışdı. Yazmışdım:

19 yanvar gecəsi,
küçələrdən güllə səsi,
anaların ah naləsi,
eşidildi Bakımızdan…

Belə bir şeir idi. İkinci bənd təəssüf ki, yadımdan çıxıb. Hətta özüm mahnı da yazmışam: “Gəl, barışaq”. Sözü də, musiqisi də mənə aiddir. Hərdən yazıram. Boş olanda. Beş-altı il heç nə oxuya bilmədim. Vaxtımı belə cızma-qara eləməklə keçirirdim. Amma bu yazdıqlarım elə də uğurlu deyildi. Sadəcə ürəyimi boşaldırdım.

Tez-tez status yazıram. Ən sevdiyim statusum isə budur: “Kiməsə yalvarmaq əvəzinə itirməyi seçirəm. Belə bir xasiyyətim var”.

– Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

– Çingiz Abdullayevi oxumuşam müasirlərdən.

– Səmavi kitablardan hansıları oxumusunuz?

– Səmavi deyəndə dini deyirsiniz? Belə başa düşdüm.

– Quran, İncil, Tövrat…

– Mənə Quran kitabını bağışlayıblar. O da evimdə ən hündür, ən hörmətli yerdədir. Məndə ərəbcə Quran da var, ancaq təbii ki, onu oxuya bilmərəm. Tərcüməsi olan Quranı oxuyuram. Bir az da ehtiyat edirəm.

– Nə mənada ehtiyat edirsiniz?

– Çünki mən hazır deyiləm şərtləri yerinə yetirməyə. Özümü hazır hiss eləmirəm. Həm işimdən dolayı, həm də mənən. Gərək insan özünü hazırlasın buna. Amma oxuyuram. Ən azından “Kəlmeyi-şəhadəti”mi bilirəm. Sonra Həmd surəsini… Mən həm də kimya-biologiya müəlliməsi olmuşam axı. Bu uzun söhbətdi. Qısaca deyim ki, atomla bağlı Quranda bir nüans var, onu indilərdə tapıblar. Dağın əmələ gəlməsi-filan indi-indi kəşf olunur, Quranda isə bu çoxdan yazılıbmış.

– Həyatda olan, yaxud olmayan hansı yazarla tanış olmaq istəyərdiniz?

– Deyəcəm, yenə mənə güləcəklər. Mən Nəsiminin dövrünə düşmək istəyərdim, onu tanımaq istəyərdim. Bu gün bir daha kəşf eləmişəm onu. Nə böyük şəxsiyyət olub o insan. Xarakterlərimiz də üst-üstə düşür. Yazdığı şeirlər də mənim xarakterimdi. “Mənəm-mənəm” eləmək özündən razılıq yox, özgüvəndir. Özgüvənim o qədər yüksəkdir ki.

İnanırsınız, bu sual bu gün ağlımdan keçmişdi. Hətta köməkçimə demişdim ki, kaş Nəsimi bizim dövrümüzə düşəydi, ya da mən onun dövrünə düşəydim. Nə onda belə üstümə düşərdilər, nə məni belə qınayan olardı. Özü deyərdi ki, əcəb eləmisən, oxu Afət. Hər bir insan ona sevgi bəsləyən, onun yaradıcılığını sevən birinə hörmət edərdi. Mən də bu xalqın müğənnisiyəm, Nəsimi də bu xalqın yazarıdı. Bu xalqın müğənnisi bu xalqın yazarından bir şeir niyə oxumasın ki?

– Sonda… Ən bəyəndiyiniz müəlliflər kimlərdir?

– Ən sevdiyim şair Bəxtiyar Vahabzadədir. Məmməd Səid Ordubadini oxuyuram, sevirəm onu. Nisbətən müasirlərdən Əlibala Hacızadə, türklərdən Rəşad Nuri Güntəkini çox bəyənmişəm.

Загрузка...