Yəqin ki, hamınız Mel Gibsonun çəkdiyi “Apokalpsis” filminə baxmısınız. Yox, əgər bu sətirləri oxuyanlar arasında o filmə baxmayanlar varsa, bir zəhmət, əl saxlasın, o filmə baxsın, yazını sonra oxuyar.
“Apokalipsis” dəhşətli filmdir, qəbilə cahilliyinin, qəddarlığının, eyni zamanda insanın yaşamaq ehtirasının ən son hədlərini göstərir.
Bir tayfa başqa bir tayfanın kişilərini necə əsir edir, öz inancı üzündən necə qəddarcasına hamısını öldürür – dəhşətli kadrlardır.
Bu gün dünya əhlinin təfəkkürü o filmdəki qəddar qəbilənin başbilənlərinin daşıdığı düşüncədən çox da uzağa getməyib, biləsiniz. Sadəcə, indi qəddar qəbilələrin, “fateh millətlər”in, “döyüşkən xalqlar”ın, “ali irq”lərin öz qəddarlıqlarını, pis niyyətlərini həyata keçirməsinin qarşısını alan müxtəlif baryerlər, hərbi bloklar, ittifaqlar, dəhşətli silahlar var.
Bizim Qarabağ boyda olan İsrailin güclü ordusu, yaxşı silahı, atom bombası, ABŞ kimi daydayı olmasaydı, onun o bölgədə, ərəblərin əhatəsində yaşaması mümkün olardımı? 2000 il əvvəlki kimi silib-süpürərdilər.
Dediyim odur ki, millət olaraq dünya üzərində başını salamat saxlamaq istəyirsənsə, güclü, mütəşəkkil, uzaqgörən, ağıllı olmalısan. İti caynağın, güclü pəncən, yeri gələndə qıcanan dişlərin olmalıdır. Yoxsa səni bu meşədə salamat qoymazlar. Düzdür, dovşan kimi koldan-kola sığınmaq da var, amma Allah kəssin elə mövcudluğu ki, ayının da şikarı olur, canavarın da, aslanın da, çaqqalın da, hələ göydə uçan qartalın, quzğunun da.
İndi gələk vaxtilə bizi 500 min azərbaycanlını Gürcüstandan qovacağı ilə hədələmiş, guya bu sayədə istəyinə çatmış sabiq gürcü nazirin dediklərinə, onun adı İrakli Okruaşvilidir. Bir zamanlar o, çox gənc yaşında Mixail Saakaşvilinin komandasında iki ay baş prokuror, iki ay daxili işlər naziri, iki il də müdafiə naziri işləyib. Sonra adamı o vəzifədən götürüb, iqtisadi inkişaf naziri qoyublar. Daha sonra prezident Saakaşvili onu öz postundan iti qovan kimi qovub. Bu sözdə şişirtmə-filan yoxdur ha, gerçəkdən də elə olub. 2007-ci ilin sentyabrında onu yol verdiyi nöqsanlara, yekəbaşlıqlara, cinayətlərə görə çidarlayıb türməyə basıblar, oktyabrda “yediklərinin hamısını” boynuna alıb, Saakaşviliyə qarşı etdiyi çıxışlardan imtina edib. Yəni Okruaşvilini türmədən məcazi mənada sınıq-sınıq, çilik-çilik edəndən, bəzi versiyalara görə, sözün əsl mənasında pazlayandan sonra buraxıblar. Ondan sonra onu Gürcüstanda o qədər də ciddiyə alan yoxdur, oturub-durub özü üçün danışır.
Amma bu o demək deyil ki, biz adamın soyadının bir-iki hərfini dəyişərək ona “Oğraşvili” deməliyik (belə deyənləri, yaxud da demək istəyənləri çəkinməyə çağırıram). O, bu adı haqq etsə də.
Xalqlar arasında köhnə düşmənçiliklərin yada salınmasına gəlincə isə, kəndimizlə 15-16 kilometr aralıda olan bir kəndin arasında keçmiş bir düşmənçilik epizodunu xatırlayıram. Ötən əsrin 80-ci illərində bizim kənddən bir oğlan 15-16 km o tərəfdəki kənddən bir qızı sevir. Elçilik məqamında qız tərəfin ağsaqqalı sayılan 80-85 yaşlı kişi başı əsə-əsə hadisə yerinə gəlir. Ağsaqqal çatan kimi soruşur ki, oğlan hansı kənddəndir, kimlərdəndir. Deyirlər. Kəndimizin adı çəkilən kimi ağsaqqal deyir, bu iş olmaz, bəs 50 il qabaq o kənddən filankəslərin şikayəti əsasında Mircəfər Bagirov (Bağırov) bizim kənddən xeyli adamı güllələtdirib xəndəyə tökdü. İncəvara, bizim kəndin elçi heyətinə başçılıq edən ağsaqqal da bu hadisənin məğzini bilirmiş. O da deyib ki, ağsaqqal, bəs sizin kəndin o cavanları bizim kəndin zəhmətkeş adamlarının mal-heyvanını gecəylə oğurlayıb aparanda, südəmər uşaqları və buzovları ac, mələr qoyanda şikayətçi olmayaydılarmı?
Bu sözdən sonra 50 il əvvəlin davasını aparan ağsaqqal durub məclisdən gedəsi olub. Amma nə olsun? O gün bir məclisdə yenə də o söhbət düşdü. 11-12 ildən sonra o hadisənin 100 ili tamam olacaq, amma hələ də danışılır. Yeganə ümidverici detal odur ki, Bağırovun güllələtdiyi çapovulçulardan birinin bacısı nəvəsi etiraf etdi ki, Bağırov düz eləyib, yoxsa sabitlik yaratmaq olmazdı, quldurluq baş alıb gedərdi.
Uzun sözün kəsəsi, köhnə düşmənçilikləri təkrar-təkrar gündəmə gətirmək düzgün deyil, sadəcə, unutmamaq, yadda saxlamaq bəsdir. Bir də zəif olmamalısan ki, kiminsə mərhəmətinə, şəfqətinə möhtac olasan. Güclü ol, çomağını əlində saxla, amma hər yetənə də bir daş atma…