“Ötən həftənin son iş günündə ABŞ prezidenti Donald Trampın Səudiyyəyə telefon zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu”.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, Trampın zəngi neftin qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb:

“Qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub. Mart ayında Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Trampın telefon zəngi ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon dollar azaldıb”.

Ekspert qeyd edib ki, bu, mənfəət gəliri deyil, xərclər, Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir:

“Göründüyü kimi, Ağ Evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı. Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir.

Əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə, deməli neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu həmçinin, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələrlə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.

Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da belə, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Загрузка...