Millətləri, xalqları bir-birindən fərqləndirən başlıca faktor nə dərinin rəngi, nə burunun, çənənin forması, nə gözün ölçüsü, nə də almacıq sümüyüdür.
Bir regionda yaşayan xalqlar bir-birinə çox bənzəyir. Bir afrikalının, amerikalının erməniləri, gürcüləri və Azərbaycan türklərini bir-birindən ayıra bilməsi üçün azı 5-6 ay Qafqazda yaşaması lazımdır. Eləcə də biz qəvi düşmənlər olan hutularla tutsiləri bir-birindən heç cür fərqləndirə bilmərik.
Xalqları bir-birindən asanca fərqləndirən yeganə amil isə dildir. Bir millətin təmsilçisi ağzını açan kimi onun milli kimliyi bilinir.
Bu baxımdan dil milli sərvətdir. Dilini qoruyan, zənginləşdirən xalq özünü qoruyur, zənginləşdirir.
Təəssüf ki, ana dilimizlə bağlı ciddi problemlərimiz var və bunun qaynağı özümüzük, xüsusilə də bu dildə yazıb-yaradan ziyalılar. Ötən əsrin 40-50-60, hətta 70-ci illərində ana dilimizə töhfə verən ziyalıların etdiyinin yüzdə birini bu gün etmirik.
Geniş ictimaiyyətin də bu xüsusda öz məsuliyyət payı var. Biz toplum olaraq, qısa danışmağa, fikrimizi mümkün qədər az sözlə ifadə etməyə meylliyik. Məşhur “türkün sözü” ifadəsi bu xasiyyətimizdən doğur. Çünki biz nəyi haradan götürüb haraya qoymağı yeddi sözlə ifadə etməkdənsə, danışmağa ərinərək onu üç sözlə ifadə edirik: “Bunu qoy ora”. Sonra da bir “türkün sözü” artırırıq ki, guya ədəbli olsun.
Bir dəfə tanınmış filosoflardan biri demişdi ki, Azərbaycan jurnalistləri öz yazılarında cəmi 600 sözdən istifadə edirlər. Bir az araşdıranda onun sözünün nə dərəcədə həqiqət olduğu ortaya çıxırdı. Sonradan o rəqəm bir az da azaldı. Hazırda bəlkə də biz yazılarımızı cəmi 400 sözdən istifadə etməklə yazırıq.
Daha pisi də var. Tez-tez həm peşəkar mediada, həm də sosial şəbəkədə dilimizin ərəb-fars mənşəli sözlərdən arındırılmasına dair patriotik təşəbbüslər kükrəyir.
Birincisi, o sözlər ki, artıq dilimizdə vətəndaşlıq qazanıb və 80-100 ildir işlənir, yazılı ədəbiyyatımızda da yer alıb, onlardan niyə imtina edək?
İkincisi, imtina ediriksə, nəylə əvəz edək, yerinə hansı kəlməni qoyaq ki, söz-sözü gətirəndə uyğun ifadə tapmaq üçün hıqqanmayaq?
Üçüncüsü, bu cür yanaşsaq, onda gərək latın dilindən, rus və Avropa xalqlarının dilindən aldığımız sözlərdən də imtina edək və illərlə oturub düşünək ki, “traktor”, “televizor” kimi sözləri necə uğurlu milli kəlmələrlə əvəz edə bilərik.
Başqa xalqlar elə etmir. Harda yaxşı, ifadəli, qulağa xoş gələn əcnəbi söz var, götürürlər, işlədirlər, leksikonlarına, ədəbi mətnlərinə daxil edirlər və beləliklə, dilləri zənginləşir.
Guya ingilis dilindəki 100 mindən artıq sözün hamısı sırf ingilis kəlmələridir. Heç yarısının yarısı da deyil. Ona görə də ingilis dili həm dünyanın ən zəngin dillərindən biridir, həm də ən populyar, geniş arealda yayılmış dilidir. Bu dili BMT-nin üzvü olan 200-dən artıq dövlətdə tədris edir, öyrənirlər.
Ölkəmizdə dillə bağlı bir qəribə tendensiya da var. Danışığında çoxlu rus dilindən alınma kəlmələri (“uje”, “poçti”, “srazu”, “dıxanie”, “pererıv”, “zavtrak”, “obed”, “ujin”, “kaneçno” və yüzlərcə bu sayaq başqa sözlər) işlədənlər hansısa milli sözü eşidəndə dodaq büzürlər: “Bu, dialekt sözüdür, bəzi mahallara məxsusdur”.
Çox əcəb. Hansısa mahalda işlədilir, dialekt sözüdür, amma fikri, situasiyanı, müəyyən predmeti gözəl ifadə edir, götür, işlət, populyarlaşsın, ədəbi dilə daxil olsun, leksikonumuz zənginləşsin. Minlərlə bu cür söz var. Nə prinsipdir ki, biz onları israrla ədəbi dilimizə yaxın qoymuruq? Dilimizi eybəcərləşdirir? Qətiyyən.
Bəzi kitab redaktorları və korrektorları da bi yandan çoxişlək olmayan sözlərə qənim kəsiliblər. Onların arqumenti budur ki, son illərdə filan söz çox işlənmir, oxucu onları oxuyanda anlamır. Bu yaxınlarda biri “quldur və onun curları” ifadəsini dəyişərək, “quldur və onun tərəfdaşları” etmək istəyirdi.
Birincisi, oxucu başqa dilləri öyrəndiyi kimi, öz ana dilini də, onun bütün sözlərini də mükəmməl öyrənsin.
İkincisi, çoxişlək olmayan sözlərdən imtina etsək, sabah 50-100, 500-1000 il əvvələ dair kitab yazanda hansı sözlərdən istifadə edəcəyik?
Məsələn, tutaq ki, xalçaçılığa adi bir mətn yazırıq. Məcburuq mətndə “hana”, “kiriş”, “həvə”, “kirgit”, “dürgəh”, “yumaq”, “gəbə”, “çeşni” və sair bu kimi sözlər işlədək. Çoxişlək olmadığından müasir oxucu (400 sözlə kifayətlənənlər) bu sözləri anlamayacaq. Demək, hər sözə səhifənin aşağısında izah verməliyik? Əlbəttə ki, yox.
Çıxış yolu dilimizi öyrənmək və onu dialket sözləri ilə, müasir terminlərlə zənginləşdirməkdir. O zaman danışığımızda çoxlu sözlərdən istifadə edərək ifadəli danışmamığız asan olacaq.