Baxmış olarsınız, 48 il əvvəl “Azərbaycanfilm”də “Gün keçdi” adlı bir film çəkilib. Filmin ssenari müəllifi yazıçı Anar, quruluşçu rejissoru mərhum Arif Babayevdir.
O film İçərişəhərə aid kadrlarla başlayır. İş yoldaşları memar Oqtaydan rəy soruşurlar və o deyir: “İçərişəhər bizim misilsiz xəzinəmizdir. Biz onun hər bir daşını göz bəbəyimiz kimi qorumalıyıq. Bu, minillik Şərq arxitekturasının canlı muzeyidir”. Başqa bir memar ona etiraz edir: “Əcəb muzeydir. Bu əyri-üyrü, dar küçələr də muzeydir?… Əyri-üyrü küçələr nəyimizə lazımdır?” Oqtay ona cavab verir: “Düz və geniş küçələr Bakıda çoxdur. Gələcəkdə daha da çox olacaq. Amma bax, belə əyri və dar küçələrimiz daha olmayacaq”…
48-50 il əvvəlin söhbətidir bu… Biz hələ də oradayıq. Yarım əsrdir ki, İçərişəhərin o əyri və dar küçələrini, qədim tikililərini söküb-dağıtmaq, düzləmək eşqi ilə çarpışırıq. O vaxtdan bəri Bakı azı beş dəfə böyüyüb, uzana-uzana, enlənə-enlənə bir ucu gedib Pirəkəşkülə, o biri Mərdəkana dirənib, hələ də bir çoxlarının gözü İçərişəhərin bir ovuc torpağındadır.
Görünür, memar Oqtay çoxdan rəhmətə gedib və meydan “əyir-üyrü küçələr də muzeydirmi” sualı qoyan digər memarlara qalıb. Ya da iş başında o cür düşünən şəxslərin züryətləridir ki, “minillik Şərq arxitekturasının canlı muzeyi”nin içinə zibil qoyurlar və biz onun hər bir daşını göz bəbəyimiz kimi qoruya bilmirik.
O gün İçərişəhərin qala divarlarının bir hissəsinin sökülmüş daşlarını əks etdirən şəkil yayılmışdı. Sonra dəqiqləşdirmə apardılar, yazdılar ki, bu 7-8 il əvvəlin əklidir, hazırda qala divarını sökən yoxdur.
Amma nə fərqi var? 7-8 il əvvəl oranı sökən və yerində nəsə tikən olubmu? Əsas məsələ budur ki, İçərişəhəri içdən-içdən, yavaş-yavaş, sezdirmədən, həzin-həzin sökürlər. Orda “gecəqondu” üsulu ilə inşa edilən tikili olmasa da, “gecəsökdü” stili ilə iş görür, İçərişəhəri müasirləşdirirlər. Bir də görəcəyik, bay, İçərişəhər şəhərin ən müasir tikililərinin yer aldığı bir məkana çevrilib və tarixdən, “minillik arxitektura”dan əsər-əlamət qalmayıb.
Ötən həftə yazdığım bir yazıda millət olaraq kəmfürsətlik kimi bir minusumuzun, naqis cəhətimizin olduğundan bəhs etmişdim. Bu da o qrafaya girir, bu da kəmfürsətlik, tamahkarlıqdır. Eyni zamanda bu, öz xudbin məqsədləri üçün xalqın tarixini qurban vermək, keçmişinə xor baxmaq deməkdir.
Pul qazanmaq ehtirası insanlarımızın gözünü o qədər tutur ki, onlar nəinki bu günlərini və gələcəklərini, hətta keçmişlərini, tarixlərini belə satmağa hazırdırlar. Başqa bir yer yoxdurmu, yeni bir restoran və ya otel mütləq İçərişəhərdə inşa edilməlidirmi?
Biz iaşə xidməti göstərməyə niyə bu qədər meylliyik? Bizim genetik kodumuza nə kimi ədvalar vurulub ki, Vaşinqtonda nanotexnologiya mütəxəssisi kimi hörmət, bir az da pul-para qazanmış eloğlumuz Potomak çayının sahilində iaşə obyekti açmaq fikrinə düşür. Hətta vaxtilə Yaponiyaya məxsus olmuş, hazırda Rusiyanın əlində olan Kuril adalarında belə restoran işlədən həmvətənlərimiz var.
Doqquz il öncə bu vaxtlar (daha dəqiqi, mayın əvvəlində) 35-40 nəfər azərbaycanlı Vaşinqton aeroportunda təyyarədən düşmüşdük və böyük bir avtobusla şəhərin mərkəzindəki hotelə gedirdik. Həmyerlilərimiz yol kənarındakı gözəl mənzərələrə baxır və bu kimi rəylər verirdilər: “Pah, burada əcəb restoran açmaq olar”; “Hacıbalanın yeridir ey, buranı sot-sot sata, camaat da çayxanaları sıralaya”; “Burada babat motel açmaq olar, bağçası da hazırdır” və sair və ilaxır.
Bunu deyənlər əslində ironiya ilə deyirdilər, amma bu, bir azərbaycanlı qafasının bu cür mənzərələri gördükdə hansı fikirləri ifraz edə biləcəyinin nümunəsi idi.
Bəli, biz bu cür düşünürük, biz ətraf dünyaya, gözəl meşəliklərə, füsunkar göllərə, əzəmətli qayalara yalnız o gözlə baxırıq ki, onun üstündə, böyründə, içində restoran, çayxana, motel açaq, pul qazanaq və o gözəlliyin içinə… (müəllif “zibil qoyaq” sözünü bilə-bilə yazmır).
Bizim İçərişəhərə və ya başqa bir qədim məkana baxışımız, bax, bu cürdür, bundan artıq deyil.
Hələ İçərişəhər yaxşı dözüb-durub. 50 il bundan qabaq o yeri gözaltı edib, sökməyə, dağıtmağa çalışmışıqsa, deməli, buna mane olanlar olub. Yoxsa indiyə qalmazdı.
Dirən, İçərişəhər, dirən!