Ukraynada son prezident seçkiləri yada Uinston Çörçillin məşhur ifadəsini saldı: “Demokratiya mükəmməl idarəçilik sistemi deyil, amma bəşəriyyət hələ ki bundan yaxşısını fikirləşib tapmayıb”. Demək, tapmadıqca demokratiyanın sürprizləri də davam edəcək. Ukraynadakı kimi. Söhbət nədən gedir?
Pyotr Poroşenkonun seçki yolu ilə hakimiyyətə gəlib, seçki ilə də getməsi şəksiz ki, Ukraynanın üstünlüyüdür. Çünki “demokratiyada çarə tükənməz”. Ötə yandan, müasir standartlara görə, hakimiyyətin heç olmasa, bir dəfə azad seçkilərlə dəyişmədiyi ölkə demokratik sayılmır və belə ənənənin olmadığı məmləkətlərdə üsyan, inqilab riski böyük olur. Ən təzə nümunə – qonşu Ermənistan.
Yəni komik Vova Zelenskinin 73%-lik parlaq qələbəsi hələ onun parlaq və uğurlu prezident olacağı anlamına gəlmir. Məclis idarə eləmək başqa, ölkə idarə eləmək başqa. Özü də Ukrayna kimi ağır problemlər girdabında olan, işğalla üzləşmiş, əhalisinin yarıdan çoxu yoxsul olan ölkə. Zelenski isə nə yazıq ki, böyük siyasətdən bixəbərdir. Təxminən Donald Tramp kimi.
Baxın, ABŞ-da sanki prezident yox kimidir. Trampdan prezident qismində daha çox istifadə edirlər, nəinki o, kimdənsə istifadə edir. Ancaq ABŞ-da digər dövlət institutları və strukturları mükəmməl fəaliyyət göstərdiyi, oturuşduğu üçün Trampın “yoxluğu” elə də hiss olunmur. Ukrayna isə dövlət dayaqları bərkiməmiş, müstəqillik və suverenlik problemi yaşayan gənc dövlətdir. Necə olacaq onda?
Məsələ də budur ki, gərək hər kəs öz iddiası ilə imkanlarını düzgün hesablaya. Biz əlbəttə ki, Zelenskiyə uğurlar, dost Ukrayna xalqına seçimində yanılmamasını arzu edirik. Amma və lakin…
Sübhəsiz, təzə dövlət başçısı özünə güclü komanda qura, istəsə, xaricdən təcrübəli məsləhətçilər də gətirə bilər. Ancaq dövlət həyatı, milli maraqlarla bağlı elə kritik məqamlar olur ki, – Ukrayna timsalında bunlar mütləq olacaq, – strateji seçimi yalnız prezident, ali baş komandan edə bilər. Ən betəri isə ölkə rəhbərinin hansısa dairənin, hətta xaricdəki çevrənin siyasi oyuncağına çevrilməsidir. “Sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq”. Belə bir deyim də var.
Daha bir zəruri detal. Zelenski kimi Poroşenko da qərbyönlü idi. Əfsus ki, 5 ildə o, ölkədə zəruri islahatlar apara, kriminal oliqarxiyanın, korrupsiyanın kökünü kəsə bilmədi. Halbuki bu işlər üçün ABŞ, Avropa Birliyi ona hər cür dəstək verir, böyük maliyyələr ayırırdı. Poroşenko bir sıra müsbət işlərinə rəğmən, xalqın ondan gözlədiyi əsas işləri görüb onun sevimlisinə çevrilə bilmədi.
Sonuc bəlli. Çox doğru qənaətdir ki, xalq əslində Zelenskini dəstəkləməkdən daha çox, Poroşenkonun əleyhinə səs verib. Bir politoloqun vurğuladığı kimi, əgər Poroşenkonun rəqibi stul da olsaydı, stul qalib gələcəkdi. Bu, yeni prezidentə də aydın mesajdır ki, işləyə bilməsə, onu da biabırçı faizlə yola salacaqlar…
Maraqlıdır ki, Ukraynada son dövrlər prezident postu tutan şəxslər 1 müddətdən (5 il) artıq öz vəzifəsində qala bilməyiblər: Viktor Yuşşenko, Viktor Yanukoviç (devrilib) və Pyotr Poroşenko. Bu, şəksiz ki, ən əvvəl ölkədəki vəziyyətin qəlizliyindən qaynaqlanır. Eyni zamanda hakimiyyətdə vərəsəlik prinsipinin olmadığını göstərir.
Sözsüz ki, Zelenski mandatını azad seçkilərdə, halal yolla alıb. Ancaq Ukrayna hələ azad ölkə deyil. Ərazisinin mühüm bir hissəsini (Krım) Rusiya işğal edib, digər mühüm bir hissəsində (Donbasda) isə yenə Rusiyanın dəstəyi ilə separatçı rejimlər yaradılıb. Zelinskinin ən böyük problemi də sələfi kimi, Donbasla, ərazi bütövlüyü ilə bağlı olacaq. Paralel surətdə o, xalqın rifah halını yaxşılaşdırmalı, iqtisadiyyatı və milli valyutanı dirçəltməlidir. Bu problemlərin təkcə biri istənilən dövlət başçısı üçün çox ağır miras sayıla bilər.
Enerjili Zelenski hətta savadlı və peşəkar komanda qurub, öz ətrafına ən ağıllı köməkçiləri toplasa belə, onların həlli asan olmayacaq. Həm də o səbəbə ki, qonşu və yırtıcı Rusiya güclü, müstəqil Ukraynada maraqlı deyil. Təzə lider Moskvanın altdan-altdan onun işinə pəl vurmasına xüsusilə hazır olmalıdır. Bu yerdə “Ukraynanın yeni prezidentinə yazığım gəlir” deyən eks-prezident Leonid Kuçmanın sözlərini qəribçiliyə salmağa dəymir…
Müxtəsəri, Zelenskinin 100 günü çox şeyi bəlli edəcək. Hər halda, dəniz suyunun dadını bilmək üçün 1 damla da yetərli olur…