Srağagün Azərbaycan və Avropa İttifaqı arasında sazişin mayın 13-də imzalanacağı barədə xəbər təkzib olundu.
Ardınca məlumat yayıldı ki, sazişin imzalanması ilin payıza dönən vaxtlarına keçirilib.
İlk baxışdan bu xəbərlə Ermənistanın baş naziri Paşinyanın yeni seçilmiş Ukrayna prezidenti Zelenskiyə Putinlə “düz dolanmaq” tövsiyəsi verməsi arasında birbaşa əlaqə yoxdur.
Ancaq bu, ilk baxışdan belədir. Diqqət edəndə görürsən ki, yenə də açar söz Rusiyadır, başlıca məsələ Rusiya ilə “düz dolanmaq, səmimi olmaq”dır.
Ötən ilin bu vaxtları Paşinyan çox ötkəm idi, ermənilər arada Rusiyaya diş qıcayırdılar, bəzən sözünün qabağında əl yelləyirdilər, “sən kimsən” tövrü sərgiləyirdilər. Bu gün hiss olunur ki, Paşinyan da, komandası da ağıllanıb, hətta o dərəcədə ki, Zelenskiyə ağıl verirlər.
“Dovşanı arabayla tutan” Kreml artıq ona dünyanın neçə bucaq olduğunu başa salıb. Belə anlaşılır ki, Ermənistan Qərb qarşısındakı reverensları, Moskvaya qarşı yeritdiyi şantaj siyasəti başa çatıb.
Ortada olan gerçəklik budur: Kreml postsovet məkanını yiyəsiz buraxmaq fikrində deyil. Hətta Litva, Latviya, Estoniya kimi heç vaxt Rusiyaya rəğbətli olmamış, SSRİ-yə hamıdan sonra qoşulmuş və hamıdan tez ayrılmış ölkələr də başları üstündə rus ayısının heybətli pəncəsinin kölgəsini daima hiss edirlər.
Rusiyadan qurtuluş yoxdur. Öz mənafeyi olan yerdə o dövlət baxmaz ki, bu, etnik kökəncə qardaş ölkədir (Ukrayna), bu din qardaşıdır (Gürcüstan, Moldova), bu heç nə ilə fərqlənməyən xas slavyanlardır (Belorus).
Moskvanın bu kimi duyğusal ovqata qapılmaqla işi yoxdur. Ukrayna Avropaya, Qərbə inteqrasiya edirsə, Moskvaya arxa çevirirsə, demək, parçalanmalıdır, Belorus aldığı borcu qaytarmağı ləngidirsə, demək, qaz krantı kəsilməlidir, Gürcüstan demokratik seçki keçirmək, gerçək və tam müstəqilliyə qovuşmaq istəyirsə, onun yolu bağlanmalıdır, “Borjomi”si, şərabları, sitrus meyvələri əlində qalmalıdır və s.
Biz illərdir Rusiya faktorunu göz önündə tutan və Moskvanın iradəsinə qarşı getməməyi üstün tutan gənc və kiçik dövlətik.
Bizim ağlımız başımıza ermənilər və ruslar 366 tanka minib Beyləqan civarına yaxınlaşanda gəldi. Ermənilər 1991-ci ildə Çaykənddə vertolyotlara minib İcevana gedəndə ağıllanmışdılar. Aradan uzun vaxt keçdiyinə görə ermənilər bir qədər sayıqlığı əldən vermişdilər, üç il öncə həmin bu aprel ayında Qalada yatmışdılar, top atıldı, oyandılar.
İndi ermənilər yel dəyirmanlarını Avropadan, Amerikadan əsən küləklərlə işlətmək istəmirlər, yenə Rusiya və İran arasında var-gəl edir, bu iki dövlətin yardımından bəhrələnərək ayaq üstə qalmağa çalışırlar. Bu günlərdə “Vaşinqton Tayms” qəzetində dərc olunan məqalənin ruhundan anlaşılır ki, ABŞ-da Ermənistanın Rusiyanın vassalı olduğu faktıyla artıq barışıblar.
Bütün bunların fonunda Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlaması təşəbbüsünə son dərəcə ehtiyatlı yanaşmaq lazımdır.
Birincisi, onu deyək ki, bu saziş olduqca faydalıdır. Azərbaycan coğrafi və siyasi baxımdan Avropa ailəsinə üzv qəbul edilibsə, “qoca qitə”nin siyasi təşkilatlarının, eləcə də mədəniyyət və idman (UEFA-dan tutumuş vütün başqa federasiyalara qədər) qurumlarının üzvüdürsə, demək, Avropayla qaynayıb-qarışmalıdır. Bu sayədə Azərbaycan zamanla bərabərhüquqlu və bərabər səviyyəli Avropa dövləti ola bilər.
Ancaq reallıq budur ki, ərazisinin böyük hissəsi Asiya qitəsində yerləşən, dövlətin idarə edilməsi sferasında Asiya üsullarını üstün tutan, bütün varlığı ilə Avropaya qarşı olan Rusiya “arxa bağçası” saydığı dövlətlərin heç birinin Avropaya inteqrasiyasını, yaxınlaşmasını istəmir.
Kreml bu kimi təşəbbüslərin qarşısını almaq üçün tam qətiyyətlidir və istənilən təxribata qol qoya bilər. Yuxarıda Ukraynanın, Gürcüstanın başına gətirilən oyunlardan ötəri bəhs etdik. Elə Ermənistanın da son aylarda yumşalması ondan xəbər verir ki, Kreml bəzi kanallarla Paşinyanı Avropaya çox da bel bağlamamağa dəvət edib.
Durum budur. Bizim dövlət və millət olaraq tam və gerçək müstəqillik uğrunda mübarizəmiz başa çatmayıb. Bu xüsusda Ermənistandan bir addım qabaqda, Gürcüstandan bir addım arxadayıq. Hazırda əsas məsələ isə mövcudluğu, ərazi bütövlüyünü qorumaqdır.