Uğurlu azərbaycanlı

“Əgər tarlanın ortasında camışlar otlayırsa, tarlanın qırağındakı çəpişləri qovmaq mənasızdır”

(Avar ata sözü)

****

Bir jurnalist qardaşımız var, son çağlar maraqlı bir proje başlayıbdır: dünyanın hər yerinə səpələnmiş azərbaycanlıları axtarıb tapır, onlardan yazır. Etiraf edim, hansı saytda qabağıma çıxsa mütləq oxuyuram. Nəyə görə? Birincisi, adətən çox qısa yazır, uzunçuluq eləmir. İkincisi, cəlbedici başlıqlar qoyur. Misal üçün, bu tipdə: “Niderlandı silkələyən azərbaycanlı”, “Avstraliyada balinanın qarnından tapılan kürdəmirli”, nə bilim, “Salyan sakini Hindistanda inəyi necə kəsdi” və sairə. Nəticədə bizim xaricdə yaranan lobbimizlə virtual əlaqələrimiz, ünsiyyətimiz pöhrələyir, çiçəklənir. Ola bilsin bu projeyə Lobbi Nazirliyimiz də hansısa dəstək verir, imanımı yandırmayım, dəqiq bilmirəm.

Bayaq başlıqdan söz açdım, bu məsələdə milli mediamızın hazırda xarüqələr yaratdığını da yeri gəlmişkən, qeyd eləməliyəm. Görürsən belə başlıqlar qoyulur: “Müğənni filankəsin anasını…”, yaxud “Siyasətçi dedi onu tutsam…”. Cəlbedicidir, elə deyilmi? Üç nöqtələrdən sonrakı gümanlar oxucunu dəhşət maraqlandırır. Düzdür, sonra xəbəri açanda görür ki, müğənninin anasını ad günü münasibətiylə təbrik ediblər, siyasətçi isə partiyalar arasında futbol yarışında qapıda durubmuş və orada onun top buraxmağından bəhs edilir, ancaq əsas məsələ izləmə sayını artırmaqdır.

90-cı illərdə bizim mediada bir də məşhur adamların adaşı olan kiminsə başına hansısa iş gəlməsini başlığa qoymaq xəstəliyi var idi, görürdün yazıblar: “Etibar Məmmədov nohurda batdı”, “İlhamə Quliyeva qəzaya düşdü”, “Anar Rzayevi timsah uddu” və sairə. Nədənsə jurnalistlərimiz bu metodu daha işlətmirlər. Nahaq yerə. Milli mətbuat ənənələrimizi gərək unutmayaq. Zərdabi irsinə layiq olaq!

Qayıdaq mövzumuza. Yəni o xaricdə uğur qazanan həmvətənlərimiz haqda silsilə məqalələr yazan yoldaşın əhvalatına. Əhvalat isə bu idi ki, dünən mən yenə bu dostumuzun bir yazısına rast gəldim, başlığı belə qoymuşdu: “Uğurun Kaliforniyada seçdiyi azərbaycanlı”. Gəlin etiraf edək, yetərincə səs-küylü, adamı yalan olmasın, elə San-Fransiskodan yapışıb özünə çəkən başlıq idi. Çünki Kaliforniya hətta ABŞ-ın özündə belə lider ştatdır. Bunun Los-Ancelesi var, San-Diyeqosu var, nə bilim, Silikon vadisi, Hollivudu, Yosemiti milli parkı var… Kaliforniya iqtisadiyyatı bütün Rusiyanın iqtisadiyyatından böyükdür. Həm də bu mənada fikirləşirsən, görəsən, həmyerlimizi uğur ilahəsi Fortuna xanım orada hansı münasibətlə basmarlayıbdır. Açıb oxuyuruq: sən demə qardaşımız Kaliforniyada limuzinləri icarəyə verən bir balaca şirkət qurmuşdur. Bundan hansı nəticə çıxır? O çıxır ki, biz yazıq azərbaycanlılar üçün artıq “Gənclik” metrosunun yaxınlığında toy eləyənlərə limuzin arendaya vermək də mümkün deyildir. Belə bir fantastik uğur üçün gərək neçə min kilometr yol qət edib Kaliforniyaya gedəsən. Əla uğurdur. Başqa nə deyə bilərik? Hətta paxıllığımız tutur. O gedib, biz isə qalmışıq.

İndi yadıma düşür ki, jurnalist qardaşımızın xaricdə tapdığı başqa bir uğurlu azərbaycanlı hansısa qəsəbədə diş həkimi işləyirdi. Bir ayrı soydaşımız paxlava bişirirdi. Güman edə bilərik ki, növbədə Texasda soğan əkən (Aqil Abbasın acığına), Polşada hörgü hörən (Hadı müəllimdən təsirlənərək), canım sənə desin, Niderlandda gül becərən, Burundidə qəzet çıxardan, İslandiyada dondurma satan azərbaycanlıların möhtəşəm uğuru haqda məqalələr olacaqdır. Çün, bu saat bunların heç birinə öz yurdumuzda şərait yoxdur.

Elə hansısa məktəbli, abituriyent xaricdə universitetə girəndə niyə toy-bayram edirik, bir ay qəzetlər bundan yazır? Çünki uşaq xaricə çıxmaqla uğur əldə edibdir, ən azı canı-başı salamat olacaqdır, pəncərədən düşüb icra hakiminin müavininə intervü verməyəcəkdir.

Sonda bir heyrətimi də yazım, həmişə fikirləşirəm: bu qardaş həmin azərbaycanlıları nə cür axtarıb tapır? Yəqin uğurlarımız onları ulduz kimi nişan verir. Misal üçün, bütün Kaliforniya danışır ki, Mamedin limuzini əladır, ona minin. Yaxud Alyaskadan Havay adalarına qədər bütün amerikalılar həmin həkimin yanına qaçıb dişlərini Hollivud təbəssümüylə ağardırlar. Ayrı nə cür ola bilər?

Загрузка...