Siyasət dünyasında belə fenomenlər – siyasi fiqur kimi tanınmayan şəxslərin qısa müddətdə və sürətlə inkişaf edərək ölkə prezidenti və ya baş nazir seçilməsi halları barmaqla sayılacaq qədərdir.
Belə hadisələrdən biri günümüzdə yaşandı. Ukraynada sənətçi kimliyi ilə tanınan 42 yaşlı şəxs 4 ayın içində prezident seçildi. 4 ay öncə Vladimir Zelenskini yalnız Ukrayna xalqı tanıyırdı, bu gün bütün dünya tanıyır. 4 ay öncə Ukrayna xalqı onu şoumen ünvanı ilə bilirdi, bu gün bütün dünya onu böyük səs üstünlüyü ilə Ukrayna prezidenti seçilmiş siyasətçi kimi qəbul edir.
Hazırda Zelenskinin karyerasındakı paradoksallığı göstərmək üçün onu “keçmiş aktyor” adlandırırlar. Amma o, təkcə şoumen və komediya aktyoru olmayıb, eyni zamanda rejissor, ssenarist, məşhur telekanalın baş prodüsseri kimi vəzifələr də daşıyıb.
Zelenskini komik aktyor kimi qələmə vermək, adamın rejissorluğunu, ssenaristliyini və prodüsserliyini gözardı etmək deməkdir. Bir vaxtlar ABŞ prezidenti Ronald Reyqanın da gəncliyində filmlərə çəkildiyini əsas götürərək, onu “aktyor-prezident” adlandırırdılar. Ancaq o, ABŞ prezidenti seçilməzdən öncə Kaliforniya ştatının qubernatoru olmuşdu. Kaliforniya ştatı isə ayrıca dövlət kimi fəaliyyət göstərsəydi, iqtisadi qüdrətinə görə dünyanın 9-cu dövləti olardı.
Bu baxımdan Zelenskinin aktyor keçmişini dönə-dönə vurğulamaq onu aşağılamaq səciyyəsi daşıyır.
Vladimir Aleksandroviç Zelenski 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində yəhudi ailəsində doğulub. Onun bu qədər fərasətli, istedadlı, intellektual və ambisiyalı olmasının qaynağını ailə amili ilə bağlamaq olar.
Zelenskinin atası da, anası da mühəndis olublar. Atası Aleksandr Semyonoviç texnika elmləri doktoru, universitet professordur. O, 20 il Monqolustanda yaşayıb-işləyib və 3 yaşlı Vladimir ta ikinci sinfə gedənə qədər Çingiz xanın vətənində, Erdenet şəhərində yaşayıb. Görünür, uşaq vaxtından fərqli ölkələr görməsi Vladimiri daha erudisiyalı edib.
Elə ailəsi də onun “tin uşağı” kimi böyüməsinə imkan verməyib. Vladimiri müxtəlif idman oyunlarına, güləşə, ağır atletikaya yönəldiblər, ingilis dili kursuna yollayıblar, piano, gitara məşğələsinə cəlb ediblər, bal rəqsləri öyrədiblər və s. Yeniyetmə Vladimirin günü bir məşğələdən çıxıb digərinə yollanmaqdan ibarət olub. Beləcə, ailəsi onu hərtərəfli şəxsiyyət kimi formalaşdırmağa, daxilindəki bütün istedadların üzə çıxmasına yardımçı olub.
Buna görə də Zelenski 1995-ci ildə orta məktəbi bitirəndə attestatında cəmi iki dörd olub.
Əlbəttə, o, bu istedadla mahir diplomat da ola bilərdi. Fəqət Zelenski Beynəlxalq Münasibətlər İnstitutuna yox, İqtisadiyyat Universitetinə daxil olub, hüquq təhsili alıb. Ancaq sonradan həyatının axarı başqa istiqamətdə inkişaf edib və o, ixtisası üzrə işləməyib, azad sənətkar olmağa çalışıb.
Bəlkə də Zelenski siyasətə hüquqşünas olaraq girsəydi, hansısa partiyanın siyahısı ilə deputat olardı, ancaq o, həmin partiyanın siyasəti ilə kirləndiyindən bu gün önə çıxıb prezident ola bilməzdi.
Zelenskinin Ukrayna siyasətçilərindən fərqli olaraq şoumenliklə topladığı reytinq bu gün ona görə işə yaradı ki, rəqiblərinin məşhurluğu bədnam məşhurluq idi, o isə illər ərzində xalqın sevimlisi olmuşdu, adı siyasi qalmaqallarda, korrupsiyada hallanmamışdı. Ona görə də Ukrayna xalqı öz iradəsini təmiz, ağ vərəqdə yazdı.
İndi bu tamam başqa söhbətdir ki, hakimiyyətə xalqın sevimlisi olaraq gələn Zelenski onun etimadını necə doğruldacaq.
Düzdür, o siyasətdə çox təcrübəsizdir, amma yəqin ki, Zelenski təcrübəli kadrlardan ibarət komanda formalaşdıracaq və özü də siyasət qazanında bir buğum qaynayandan sonra nəyi harada necə etmək, hansı qərarlar vermək lazım olduğunu biləcək.
Zelenski öz addımlarında ardıcıl və qətiyyətli olsa, özünə yaxşı komanda formalaşdırsa və onların korrupsiyaya uğramasının qarşısına vaxtında alaraq, günahkarları cəzalandırsa, işi iş bilənə versə, təbii ki, uğurlu prezident olacaq. Onun özündən əvvəlki prezidentlərin – Leonid Kuçmanın, Viktor Yuşşenkonun, Viktor Yanukovuçin və Pyotr Poroşenkonun səhvlərini təkrarlamaması üçün əlinin altında zəngin irs var.