Bu gün Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib.
Türkiyənin ATV kanalının məlumatına görə, müxalifət lideri hücumu Türkiyənin birliyinə vurulan zərbə kimi qiymətləndirib və geri addım atmayacağını dilə gətirib.
“Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, – deyə partiya sədri bildirib.