Cəmiyyət olaraq minuslarımızdan biri də kəmfürsətlikdir.
Mətləbə keçməzdən öncə deyim ki, kimsə durub minuslarımızın miqdarına dair monitorinq aparsa, bişəkk, ortaya biabırçı nəticələr çıxar, amma şükür ki, xeyli plyuslarımız da var. Ona görə də gərək minuslarımızdan çəkinmədən bəhs edək və çalışaq ki, o minusları plyus edək. Əslində çətin deyil, – işarəsinin üstündən özü boyda şaquli xətt çəkirsən, olur +.
Xüləs, ölkəmizdə çoxlu kəmfürsət adamlar var və onlar daima əllərinə düşən fürsətlərdən sui-istifadə edirlər. Məsələn, qar yağanda bir sıra taksi sürücüləri gediş haqqını 3-5 qat arıtırı 5-3 manat irəli düşmək istəyirlər ha, kəfürsətlikdir; əlinə babat vəzifə düşən adam dərhal özünün və nəsl nəcabətinin sərvət toplaması üçün maxinasiyalar başlayır – kəmfürsətlikdir; biri vəzifəsini itirən kimi onun əlində-ovcundakını almaq üçün müxtəlif torbalar tikirlər – kəmfürsətlikdir; yüksək vəzifəyə təyin olunan birinin gözünə, eləcə də kabinetinə girmək üçün əldən-ayaqdan gedənlər olur – kəmfürsətlikdir; canındakı mərəzdən qorxan xəstənin pullu adam olduğunu görəndə onu daha qorxudub paralarını əlindən alırlar – kəmfürsətlikdir və s. və i.a.
Olur ki, millətin balalarının önündə nəsə bir qapı və ya pəncərə açılır, birinci ordan içəri kim dürtülür? Birmənalı olaraq, kəmfürsətlər. Onlarda rusların “çutyo”, bizim isə “fəhm” dediyimiz bir şey var, intuitiv olaraq hiss edirlər ki, fürsət bu fürsətdir və yararlanmaq lazımdır. Bəzi ağırtaxtalı müdriklər düşünüb-daşınıb qərar verənəcən, kəmfürsət qardaşlar atı minib Sınıq körpünü, Yalamanı keçirlər.
Milli kəmfürsətlərin ən böyük qəbahəti odur ki, bu istedadlarından xudbin niyyətlərlə istifadə edirlər, yalnız öz nəflərinə çalışırlar, prinsipləri “cümlə-cahan batsa da, batsındır”. Onların çoxunun əlindən hər cür mərdiməzarlıqlar da gəlir, hansısa kampaniyadan öz mənafeləri üçün qəşəng yararlanırlar.
Uzun illər öncəydi, gənc məzun olaraq təyinat yerində çalışırdım. Müəssisənin rəhbər şəxsləri ilə tanış olan zaman aydın oldu ki, vəzifəcə 3-cü pillədə duran adam iki-üç il öncə adlı-sanlı kombinat direktoruymuş, heç nə üstində onun “torbasını tikiblər”, vurub atıblar bura. Adam özü “vurulma” səbəbini belə izah edirdi: “Bir qruşka pivəyə görə”.
Heç demə, hadisə SSRİ-də alkoqolizmə qarşı mübarizə elan edilən vaxt baş verib. Əslində Qorbaçov o “mübarizə”ni sırf səhər, günorta, axşam, bir də gecəyarısı sovet sənayesinin istehsal etdiyi spirtli içkilərdən içən ruslar, beloruslar, ukraynalılar üçün icad eləmişdi, amma nəyə görəsə biz də “alkoqolizm”ə qarşı mübarizəyə qoşumuşduq və toyda-nişanda içdiyimiz iki qurtum araqdan, yayda sərinləmək üçün hortlatdığımız pivədən imtina eləməli olmuşduq. Bu kampaniyanı fürsət bilən bəzi mərdiməzarlar kombinat direktorunun axşamüstü harada sərin pivə içdiyini bilirmişlər deyə, işi düzüb-qoşublar, “alkoqlizmə qarşı mübarizə aparan yoldaşları” işə cəlb ediblər, yazıq kişini bir axşam yolqırağı pavilyonun salxım söyüdlərinin altında əlindəki pivə parçıyla tutdurublar. Beləcə, ağsaqqal “bir qruşka pivə”nin zibilinə düşərək vəzifəsini itirmişdi və kəmfürsətlərdən yana-yana danışırdı. Tərs kimi, “alkoqolizmə qarşı mübarizə kampaniyası” külək kimi əsib keçmiş, film kimi sona çatıb bitmişdi və keçmiş direktorun torbasını tikənlər, demək olar ki, hər gün Siyəzən balığı ilə Xaçmaz pivəsi içir, Moskva arağı vururdular.
İndi bir yeni durum var. Bildiyiniz kimi, Bakıda 162 saylı məktəbdə faciəvi hadisə baş verib, məktəbli qız intihar edib və bu məsələ ölkədə ajiotaj doğurduğundan səlahiyyətli orqanların, aidiyyatı qurumların, o cümlədən dövlət rəhbərliyinin nəzarəti altındadır. Hazırda bundan yararlanmağa çalışan bəzi kəmfürsətlər məktəb direktorlarını bezar ediblər, guya ki, tələbkardırlar, mətkəblilərin kütləvi intiharının qarşısını alacaqlar. Məqsəd isə heç də o deyil, öz umacaqlarını əldə etmək üçün ələ düşən fürsətdən yararlanmaqdır.
Bu, aslanların şikardan doyub çəkiləcəyini gözləyən, ətrafda vurnuxub leşə cummaq üçün fürsət axtaran giena (Anadolu türkləri o heyvana sırtlan, biz isə goreşən deyirik) xislətidir.
Niyyətiniz batsın, fürsətiniz kəm olsun, bəsdirin, sizin üzünüzdən millətin minuslarının sayı artır.