İş adamı Sahib İbrahimov: “Övladlarımın, özümün 5 milyon dəyəri olan evlərimizi əlimizdən aldılar”

Tikdiyi binası sökülən iş adamı ölkə rəhbərliyindən yardım istədi: “Əminəm ki, cənab Prezidentin onun tapşırığının icra olunmamasından xəbəri yoxdur”

Bir neçə gün əvvəl məşhur iş adamı Sahib İbrahimovun ölkə rəhbərliyinə müraciət etməsi barədə məlumat vermişdik. Xatırladaq ki, müflis olduğunu bildirən S.İbrahimov ona məxsus olan və Səttar Bəhlulzadə 14 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının sökülməsi nəticəsində böyük zərərlə üzləşdiyini bildirir.

Hazırda barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar aparılan S.İbrahimovla görüşərək üzləşdiyi problemlər barədə danışdıq.

-Sahib bəy, o binanın sökülməsi barədə tapşırığı kimdən aldınız?

– O binada 135 ailə məskunlaşmışdı, birinci mərtəbəsində isə mağazalar fəaliyyət göstərirdi. 2008-ci ildə məni dəvət etdilər, dedilər ki, bina sökülməlidir, dövlət maraqları belə tələb edir. Dedim, dövlət marağıdırsa, heç bir sözümüz ola bilməz, siyahını verim insanları köçürün, yerlə təmin edin. Dedilər ki, yox, bunu özün et, biz pulunu ödəyəcəyik. O binanın sahəsi 21 min kvadratmetr idi. Hər kvadratmetrin qiyməti isə 2 min dollara yaxın – 1500 manat idi. Dedilər ki, bəs pulu sənə 1250 dollardan ödəyəcəyik. Yenə razılaşdım, dedim, qəbulumdur, bir qədər zərərə düşsək belə, dövlət maraqları olan yerdə gəlir barədə düşünmərik. Getdim Əmlak Komitəsinə, binanı adımdan çıxartdım. Başladım sakinləri və mağazaları köçürməyə. Köçürmə prosesində vəsaitin 40 faizə yaxınını ödədilər. Mən də arxayın oldum ki, cənab prezidentin göstərişi ilə başladılan işdir, burada başqa söhbət ola bilməz. Evlərimi, maşınlarımı girov qoyub banklardan kredit götürdüm, insanları başqa yerlərdə evlə təmin etdim. Camaat gəlirdi ofisimizə – xəstəsi olan kim, uşaqları ilə evsiz qalan kim. Hamı deyirdi ki, binanın hansı səbəbdən sökülməsinin bizə aidiyyəti yoxdur, biz ev almışıq, sökürsünüz, bizi başqa evlə təmin edin. İnsanlar haqlıydılar. Əgər biz onları vaxtında mənzillə təmin etməsək, yəqin ki, böyük etirazlar olacaqdı. Məhz cənab prezidentin adı olduğuna görə mən girovlu-girovsuz külli miqdarda borc-kredit götürüb heç bir narazılıq olmadan insanları köçürdüm. O vaxtdan 11 il keçir. Bu müddətdə məndə olan məlumata görə, cənab prezident 3 dəfə tapşırıb ki, bizim pulumuzu ödəsinlər, amma ödəməyiblər.

Ötən müddət ərzində pulumuzu vermədilər deyə, götürdüyümüz kreditləri də ödəyə bilmədik. Nəticədə 5 milyon dəyəri olan evimi 1milyon qiymətləndirib əlimdən aldılar. Övladlarımın, özümün evlərimizi aldılar. Hamımız bilirik ki, Azərbaycanda dəyəri 10 milyon manat olan əmlakı ən yaxşı halda 2-3 milyona qiymətləndirib girov kimi qəbul edirlər. Bizim də əmlaklarımızı elə qiymətləndirdilər, ödəniş etmədiyimizə görə əlimizdən aldılar. İndiyədək də bir neçə banka külli miqdarda borcum yığılıb, heç bilmirəm onu necə ödəyim…

-Ödəniş olmadıqda, pulunuzu istəmədinizmi?

-Bir neçə il gözlədim, gördüm səs-soraq çıxmır, özüm pulu istəməyə başladım. Onda dedilər ki, bəs sənə pul yox, eyni əraziyə uyğun yerdən torpaq sahəsi ayrılacaq ki, bina tikəsən. Getdim Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yanına. O dedi ki, bəs torpaq yox, sənə binanın pulunu verəcəklər, cənab prezidentin tapşırığı belədir. Sonra Əmlak Komitəsinə yönləndirdilər, 1-2 il də oraya gedib-gəldim, sonda yenə dedilər ki, sənin pulun ödənəcək.

Əslində mənim özüm də pulun verilməsinin tərəfdarıydım. Çünki tikdiyim bina söküləndən sonra mənə olan etibar da azalmışdı, kim gəlib məndən mənzil alardı ki? Bu prosesdə imicimə dəyən zərər maddi itkimdən daha böyükdür. Bir neçə nəfərin əməlinə görə mənim də barəmdə cinayət işinin qaldırılmasından sonra imicmi qalar?

Sökülən binada mənzillə təmin olunmamış bir neçə nəfər qalmışdı. Onları biz Əyləncə mərkəzinin yanında ortaqlı tikdiyimiz binaya yerləşdirmişdik. Orada isə ortağım götürüb mənzilləri başqa adamlara satıb. Buna görə onlara mən yenidən bir daha mənzil verməli oldum

-Sökülən binaya görə pul istəməyinizlə barənizdə qaldırılan cinayət işi arasında bir əlaqə varmı sizcə? Yəni kimlərəsə sizin pulunuzu istəməyiniz sərf etmir deyə, barənizdə cinayət işi qaldırılmış ola bilərmi?

– Bilirsiniz, o cinayət işində məndən şikayətçi olan yoxdur. Kimlər ki, zərər çəkmişdi, hamısının zərərini qarşılamışıq. Buna görə də proses zamanı kimsə məndən şikayətçi olduğunu demir. Məsələ burasındadır ki, bu iş üzrə zərərçəkən insanların bir qismi məhz həmin binadan köçürüləndir.

-İstintaq müddətində zərəri ödənilən 52 nəfər həmin şəxslərdir?

-Əslində 52 nəfər deyil, 20-22 nəfərdir. 52 rəqəmi belə alınıb ki, bunlar ortağımın Əyləncə mərkəzinin yanındakı binada mənzilləri satdığı adamlardır. Yəni bizim ora köçürdüyümüz adamlara verdiyimiz mənzilləri alanlardır. Hansı ki, hamısı indi həmin mənzillərdə yaşayırlar. Bu adamları da götürüb zərərçəkən kimi qeydə alıblar. Çoxu məhkəməyə gəlib, heç məni tanımırlar da. Deyirlər ki, biz ev almışıq, evimiz də özümüzdədir, heç kimdən də şikayətçi deyilik.
Əyləncə mərkəzinin yanındakı binada mənzilləri bir neçə nəfərə satan ortağımı həbs etdilər, məni də ona görə prosesə cəlb ediblər.

– Haqqında bəhs etdiyiniz bina sökülərkən hamı “Nazim İbrahimovun binası sökülür” deyirdi. Yəni sizin adınızı çəkən yox idi. İndi sizə qarşı haqsızlıq olunur deyirsiniz, bu, qardaşınızın vəzifədən çıxarılması ilə bağlı ola bilərmi?

– Xeyr, bu gün mənə qarşı olanların qardaşıma heç bir aidiyyəti yoxdur. Nazim İbrahimov öz əqidəsi, siyasi yolu olan, üzdə olan ictimai xadimdir. Bizdə belədir ki, aildə kim qabaqda gedirsə, olan hər şeyi onun adına yazırlar. Amma mənim biznes fəaliyyətimin ona hər hansı bağlılığı yoxdur, olmayıb da. O, heç vaxt mənim biznes işlərimə qarışmayıb, mən də onun siyasi fəaliyyətinə…

-Bəs Vergilər Nazirliyinin sizi cərimələməsinə səbəb nədir?

– İnanın ki, burada da məsələnin kökündə sökülən bina dayanır. Həmin binada mağazaları olan şəxsləri mən heç bir əlavə ödəniş almadan keçmiş İnqilab – indiki Həsən Əliyev küçəsində tikdiyim binada eyni sahəli mağazalarla təmin etmişəm. Eyni zamanda sökülən binanın bəzi sakinlərini də məcburiyyətdən biznes mərkəzi kimi tikdiyim bu binada yerləşdirmişəm.

Vergilər Nazirliyi bu köçürmədən sonra o binanı dəfələrlə yoxlayıb, hər dəfə də hər hansı pozuntunun aşkarlanmamasına dair rəy verilib. Birdən-birə 2017-ci ilin dekabrında götürüb mənə cərimə yazıblar. Bina tikintisi ya sadələşmiş vergiyə cəlb oluna bilər, ya da Əlavə Dəyər Vergisinə. Bunlar götürüb hər ikisini hesablayıblar. Ayın 10-da məhkəməydi, nə qədər sual versəm də, düz-əməlli cavab verə bilmədilər.

Mən bunu özümə qarşı böyük haqsızlıq hesab edirəm. Ona görə də cənab prezidentə müraciət etmişəm. Cənab prezident həmişə haqsızlığa məruz qalan vətəndaşının yanındadır – istər sıravi şəxs olsun, istər sahibkar, iş adamı. Mən də bir iş adamıyam, bu qədər böyük zərər vurulub. Özü də cənab prezidentin tapşırığı ola-ola.

Əminəm ki, cənab prezidentimizin xəbəri yoxdur ki, onun tapşırığına əməl etməyiblər, mənim pulumu verməyiblər. Axı biz prezidentimizi yaxşı tanıyırıq, bilirik ki, o, buna yol verməz, laqeyd qalmaz. Bu yaxınlarda ticarət mərkəzi yandı, bütün sahibkarlara məhz prezidentin tapşırığı ilə dövlətdən yardım edildi. Belə bir prezidentin ona sadiq olan iş adamına qarşı haqsılığa laqeyd qalmayacağını çox yaxşı bilirik.

-Hazırda biznes fəaliyyətinizi davam etdirə bilirsinizmi?

-Xeyr. Barəmdə cinayət işi var, biznes fəaliyyətimə qadağa qoyulub, ev dustaqlığındayam. Bu yaxınlarda əvvəldən tikdirdiyim bir əmlaka qeydiyyat çıxarışı almaq istəyirdim. Xahiş elədim ki, şəxsiyyət vəsiqəmi versinlər, etibarnamə verim yaxınlarıma. Ona da icazə vermədilər ki, cinayət işi yekunlaşmamış olmaz.

-Məhkəmə prosesindən gözləntiniz nədir? Proses nə zaman yekunlaşacaq, sizcə?

-Məhkəməyə zərərçəkmiş kimi xeyli adam çağırırlar: çoxusu gəlmir, gələnlər də məndən heç bir şikayətinin olmadığını deyirlər. Bəzilərini polis gücünə gətirirlər, bəziləri adının məhkəmə işində keçməsini istəmir və sair. Adamlar gəlmədiyi üçün proses uzanır. Bu baxımdan, prosesin nə zaman yekunlaşacağını söyləmək mümkün deyil.

– Uşaqlarınızı məktəbdən çıxarıblar deyirsiniz. Niyə çıxarırlar?

– İki övladımı keçən idən çıxarıblar, biri qalırdı. Onun da ödənişini 10-15 gün yubatmışdıq deyə məktub yazdılar ki, daha məktəbə gətirməyin. Bu, mənə çox pis təsir etdi, necə ola bilər ki, bu qədər alacağım ola-ola 500-600 manata görə mənim uşağımı məktəbdən çıxarsınlar?! İnsaf da yaxşı şeydir axı… Bütün evlərim, uşaqlarımın yaşadığı evlər, maşınlarımız əlimizdən gedib, kirayələrdə qalmışıq…

Mən bir daha cənab Prezidentə üz tuturam, ondan prosesə müdaxilə etməsini xahiş edirəm. Əminəm ki, o, həmişə dövlətin, dövlətçiliyin, şəxsən cənab Prezidentin tərəfində olan bir iş adamına qarşı bu haqsızlıqları durduracaq.

Musavat.com

Загрузка...