Bir sazişin sirri

Bakıdan naməlum bir şəxs (amma burasını bilirəm ki, ya xandı, ya İran mollası) götürüb mənə föhş yazır və sübuta yetirir ki, dünyada şöhrətli və əzəmətli şəhərlərin əvvəlincisi Təbrizdi, çayların əvvəlincisi Araz çayıdı və kəndlərin əvvəlincisi Danabaş kəndidi və bunu da yazır ki, İran hökumətinin az-çox tənəzzüldə olmağına bais məhz Molla Nəsrəddindir. Tiflisdə… Görüm nə istəyirdim deyim… Yadımdan çıxdı…”

(“Molla Nəsrəddin” jurnalı, 26 may, 1906-cı il)

Deyir cəhənnəmdə bir daş varmış, götürən də peşman olurmuş, götürməyən də. Bu məsəlin məkan olaraq yerini zülmət kimi də göstərən variantı var. Ancaq hər iki halda məsəl nə üçün yaranıbdır, mənası nədir, şəxsən mən bilmirəm. Son günlər nəsə tez-tez yadıma düşür.

Keçən yazımda Gürcüstanda kitab, kitabxana işlərinin inkişafından bəhs eləmişdim, bir fakt yadımdan çıxmışdı: indi orada 21-ci Beynəlxalq Kitab Festivalına hazırlaşırlar. Festival 30 may-2 iyun aralığında Tiflisdəki “Expo Georgia” sərgi mərkəzində keçiriləcəkdir. “11-ci pavilyon təhsil və nəşriyyat sektoruna, 6-cı pavilyon isə keçənilki kimi uşaq ədəbiyyatına həsr olunacaqdır. İştirakçıların qeydiyyatı aprelin 19-na qədər davam edəcəkdir” – tədbirin anonsunda deyilir.

Bizdə də neft-qaz sərgiləri, maşın yarışları keçirilir. Gürcülər qoy paxıllıqdan çatlasınlar. Onlarda belə tədbirlərin elanında adətən axırda “giriş sərbəstdir” yazırlar. Bizdə isə maşın “vıjj” edib keçəcəksə, ona qıraqdan da baxa bilməzsən – hasar çəkirlər. Üstəlik, mən onların beynəlxalq kitab festivalının tarixçəsinə fikir verdim. 21-ci festival. Ciddi tarixdir. Deməli, bu işi başdansovdu, biratımlıq etmirlər, ənənəyə çevirə biliblər. Relsə salıblar. Özü də 2019-cu ildən geri sayıb 21 il qayıtsaq düşürük 1998-ci ilə. Elə bir vaxt ki, bütün Qafqaz, Gürcüstan da içində olmaqla xaosun, vətəndaş savaşlarının əlində inləyirdi. Şahidlər deyir ki, o zamanların Gürcüstanında yolkəsən banditlərin əlindən harasa rahat getmək imkansız idi. Korrupsiya da tüğyan edirmiş. Ancaq buna baxmayaraq kitab festivalı başladıblar. Biz isə o zaman, deyəsən, SİDSUH-un hansı marşrutla yürüş keçirməsini müzakirə edirdik. Ya da Əbülfəz bəyin Kələkidən nə üçün gec qayıtmasını. 1998-in 12 sentyabrında isə Pənah bəyin başını yarmışdılar, Sahil bağının yanında qanı şoralanmış gedirdi. Yadımda deyil başqa nələr olmuşdu. Hər halda, kitab sərgisini müzakirə eləmədiyimiz dəqiq yadımdadır. O dövrdən ədəbi mühit adına bir xatirə yadımda qalıb: rəhmətlik şair Ələkbər Salahzadə İstiqlaliyyət küçəsində AYB-nin orqanı “Ulduz” jurnalının hələ kiməsə satılmamış redaksiyasında rayon şoru ilə ucuz araq içir, gənc şairlərə poeziyanın əzablı yollarından danışırdı. Ələkbər müəllim oranın redaktoru olmalıydı. Dəhlizin bir tərəfində isə “Azərbaycan” ədəbiyyat jurnalının redaksiyasını “bomjlar” yandırmışdılar, mən isə bu münasibətlə jurnalın şefi Yusif Səmədoğlundan açıqlama almışdım. Yusif müəllim jurnalistlərdən şikayətlənmişdi: “Bir qəzetdə yazıblar ki, Yusif bəyin kabineti yanıb, lakin bədbəxtlikdən baş redaktor içəridə olmayıb. Gör nə bədxahdırlar, mənim ölməyimi istəyirmişlər”. Məni gülmək tutmuşdu, çünki o qara yumoru başqa imza ilə özüm yazmışdım.

Ermənilərin də ən azı bir beynəlxalq kino festivalı var, “Qızıl ərik” adlanır. 15 ildir davamlı, hər il İrəvanda keçirirlər. Bizdə isə Rüstəm müəllim “Şərq-Qərb” festivalı düzəldib heç olmazsa öz filmlərinə “Qran pri” verirdi, hökumətin xoşuna gəlməyən uşaqlara qoşulandan onu da qadağan eləmişik.

Gürcülərin bizdən bir önəmli fərqi isə Avropaya yaxınlaşmaqda çox qabaqda olmalarıdır. Artıq Şengen vizası olmadan gürcüstanlılar Avropanın 22 ölkəsində (Almaniyadan Fransaya, Danimarkadan İspaniyaya qədər) sərbəst gəzə bilirlər. Biz isə guya mayda Avropa İttifaqı ilə hansısa saziş bağlamalıydıq, saxladılar payıza. Deyirlər Azərbaycan hakimiyyəti ilə Avropa qurumları hansısa məsələlərdə razılığa gələ bilməyiblər. İşin gülünc tərəfi isə odur ki, biz millət olaraq heç o razılaşılması çətinlik törədən məsələlərin nə olmasını bilmirik! Necə qəribə dostluq-qardaşlıqdırsa, hamıdan gizli saxlanılır. Yəqin istəmirlər göz dəysin. Hərçənd ortalıqda olmayan bu razılaşma və sazişin üstündə bizim müxalifətçilər arasında qırğın qopmuşdu. Bunlar niyə dalaşırdılar, camaata o da sirr qaldı.

Загрузка...