Məşhur bir karikatura var, internet resurslarında vaxtaşırı yayılır. Karikaturada bir konfrans zalı təsvir olunub. Moderator iştirakçılara sual verir: “Dünyanın yerdə qalan hissəsində qida çatışmazlığına dair fikriniz nədir?”
Bu suala cavab olaraq arıq afrikalı deyir: “Qida nədir?” Şişman avropalı: “Çatşmazlıq nədir?”; Uzundraz amerikalı: “Dünyanın yerdə qalanı nədir?”; Başı çalmalı ərəb: “Fikir nədir?”…
Göründüyü kimi, karikatura böyük ölçüdə müasir dünyanın gerçəkliklərini əks etdirir. Karikaturada təsvir olunanların hamısı cahildir, onların dünyaya baxışları dair çərçivədəndir, hər birinin yalnız özünə aid bilgi dairəsi var.
Məncə, burada ən maraqlı cavab amerikalıya məxsusdur. Məhz o deyir ki, “dünyanın yerdə qalanı nə deməkdir”.
Gerçəkdən də Amerikada 10 gün olmuş, ən azı iki şəhərində onlarla amerikalıyla söhbət etmiş biri kimi əminliklə deyə bilərəm ki, amerikalıların əksəriyyəti doğrudan da belədir. Onlardan yalnız diplomatlar, siyasətçilər və jurnalistlər, bir də səyahət həvəskarları bilirlər ki, dünyada Amerikadan başqa da yerlər var. Çoxu bu xüsusda bilgilərdən məhrumdur. Daha pisi isə odur ki, onlar “dünyanın yerdə qalanı” ilə maraqlanmır. Öz 50 ştatlarını gəzmək, bu ştatlarda olub-bitən hadisələri bilmək amerikalılara yetir.
Cənubi Karolinanın paytaxtında bir italyan əsilli universitet professorunun evində qalırdım. Adam hərdən gitarada melodiyalar çalırdı. Bir axşam pozuq ingiliscəmlə onunla musiqi barədə söhbətə başladım. İtalyan əsilli professor dünyaca ünlü italyan bəstəkar Ennio Morrikonini tanımadı. Məcbur qaldım, məşhur “Bir dəfə Amerikada” filminin məşhur saundtrekini mızıldandım, yenə tanımadı, dedi, Avropa musiqisi mənim maraq dairəmdə deyil. Morrikoni isə artıq çoxdandır təkcə Avropa və Amerikanın yox, bütün dünyanın ən böyük sənətkarlarından biridir.
İştirak etdiyimiz konfranslarda, hətta ştatın siyasətçilərinin, politoloqlarının və tanınmış jurnalistlərinin iştrakı ilə keçirdiyimiz brifinqdə ölkəmizin harada yerləşdiyini izah etməkdən yorulduq. Axırda çarəsini tapmışdıq. Biz Azərbaycan deyəndə kal-kal baxanlara ingiliscə dörd söz deyirdik: “Bitvuin Raşə ənd İran”. Belə deyəndə bilirdilər.
Bu baxımdan bizim bir toy müğənnisinin Amerika haqqında geniş bilgisinin olmaması böyk faciə deyil, amma qəbahətdir. Elə minimumlar var ki, hər bir yetkin adam onu bilməlidir. Dünyanın böyük dövlətlərinin harada yerləşməsi, paytaxtları, iqlimi, daxili vəziyyəti haqqında hər birimizin bilməyimiz lazımdır. Yoxsa pis olar. Məsələn, bu saat o müğənniyə desələr ki, gəl, sənə 100 min dollar verək, gedək, Suriyada konsert ver, xanım getməz. Çünki Suriyada müharibə getdiyini bilir. Amma desələr ki, al o qədər pulu, gedək CAR-a, Keyptauna, bəlkə də gedər. Çünki yəqin ki, müğənni xanım o şəhərin nə qədər kriminal yer olduğundan xəbərsizdir.
Əslində bəzi dövlətlər də düz eləmir, öz məşhur şəhərləri qalır qıraqda, kiçik şəhəri özlərinə paytaxt edirlər, camaatı çaşdırırlar. Məsələn, Braziliyanın ən məşhur şəhəri Rio de-Janeyrodur, amma paytaxtı Braziliyadır, Avstraliyanın ən məşhur şəhərləri Melbrun və Sidneydir, amma paytaxtı Kanberradır. Türkiyənin ən məşhur şəhəri İstanbuldur, paytaxtı Ankaradır. Qazaxıstan, İsveçrə, Kanada və başqaları da onlar kimi…
Ömründə qəzet-kitab oxumayan, Google-də axtarış verib müvafiq bilgilər toplamayan adam nə bilsin, hara haradır. Onların işi içində “gözlərinə vurulmuşam, ay gülüm”, “Darıxmışam, qayıt gəl”, “atdın, getdin, vəfasız”, “sənsiz yaşaya bilmirəm” kimi sözlər keçən yüzlərlə mahnıdan birini oxumaqdır, bahalı markadan yeni avtomobil almaq və reklam etməkdir (“bunu mənə naməlum pərəstişkarım bağışlayıb”), sırf piar üçün kiminləsə dalaşmaqdır (“qalmaqal yaratmaq”), öz barəsində intim şayiələr (“onu filankəs saxlayır”) yaydırıb, sonra təkzib etməkdir və sair və ilaxır.
Ona görə də biz diplomatlarımızdan ummalı olduğumuz intellekt səviyyəsini müğənnilərdən, başqa sənət adamlarından ummamalıyıq. Onlardan gözləməli olduğumuz şey o olmalıdır ki, gəlsinlər, bacardıqları işi layiqincə görsünlər və sussunlar. Onlar 150 kilo ağırlığı olan ştanqı qaldıra biləcək atlet olmadıqları kimi, dərin mövzularda fikir yürüdəcək qədər də bilgili deyillər. Susmaq isə adamı ağıllı göstərə biləcək yeganə aktdır.