“Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!”
(Sabir, “Qarğa və tülkü”)
Bakıda narkotiklərlə mübarizə üzrə beynəlxalq konfrans keçirilir, tədbirə böyük maraq vardır, hətta ABŞ öz dövlət katibinin müavinini göndərmişdir. (Ermənistanda tədbir olanda dövlət katibi müavininin köməkçisinin müşavirini yollayırlar). Demək, bundan sonra ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin siyahısına enerji, təhlükəsizlik və demokratiya ilə yanaşı narkotiklərlə mübarizə də girir. Ya da sıralama belə olacaq: öncə narkotiklərlə mübarizə, sonra demokratiya. Əslində biz daha çox arzu edərdik yankilər meksikalılarla aralarında tikdikləri hasarın projesini bizə versinlər, biz də bunun birini Rusiya sərhədində, birini İran sərhədində, o birini də Ermənistan tərəfdə tikək. Xəzər istiqamətində hasarımız çoxdan hazırdır. Bunlar tikilib qurtarandan sonra ölkəmiz alınmaz qalaya dönəcəkdir. Sözgəlişi, Tramp müəllimi əlləşib-vuruşub nəhayət konqresmenləri sındırması, hasarın qalan pulunu da dövlət büdcəsindən qopartması münasibətilə qutlayıram. Adam vəzifədə qaldıqca necə uğurlu makler olmasını, var-dövlətə atasının sayəsində çatmadığını isbata yetirməkdədir.
Əgər evdə tədbir keçirirsənsə, gərək ona uyğun maraqlı şeylər də ortaya qoyulsun və son bir ayda ölkəmizdə narkomaniyanı təbliğ edən bambılı mahnıların müəlliflərinə qarşı ov kampaniyasının səbəbləri aydınlaşdı. Yoxsa kim idi “Kazbekə şey basım, zırranım”, “Mal, mal” kimi mahnılara qulaq asan? Biz tarixən “Kimin ağrıyır canı, Qoy çay içsin mərcanı” tipli mahnılar dinləmişik. Hərçənd rəhmətlik əziz dostumuz Brejnevin bir afyorizmi var idi, deyirdi: “Çörək olarsa, mahnı da olar”. Görünür, millətin son maaş artımları sayəsində əli çörəyə çatdığından, sevincək olub ağızlarına gələni oxuyurdular. Nəşəli həyatı səhv anlamışdılar. Yeri gəlmişkən, məncə, sovet şairi Süleyman Rüstəmi ədəbiyyat dərsliyindən nəhayət çıxartmaq yaxşı olardı, çünki onun “Ələmdən nəşəyə” şeiri haradasa elə “Kazbekə şey basım” poeziyası ilə səsləşir.
Tema açılmışkən, bu manısların mahnı mətnlərinə görə həbsləri söz azadlığına ziddir. Özü də dünyanın bir çox yerində marixuana istifadəsinə hüquqi azadlıqlar yaradıldığı dövrdə bizim bu narkotikdən mahnı oxuyanları sıxışdırmağımız trendə uyğun deyildir. Ancaq başqa tərəfdən yeni imkanlar da açır! Misal üçün, indi xoşuna gəlməyən siyasi fəalın üstündən bir büküm marixuana “tapmağa” ehtiyac yoxdur. Ağzından mahnı çıxdı, bəs edir! Hal şahidləri də təsdiq edir ki, qardaş narkotik haqda mahnı oxuyub. Vəssalam. Bas getsin. (Dəli şeytan qulağıma pıçıldayır ki, bir çox klassik ədəbiyyatçılarımız, şairlərimiz pedofiliyanın təbliği maddəsi ilə də qadağan edilə bilər. Misal üçün: “…Öldürə Vaqifi gözü-qaşında, Ya on üç, ya on dörd, on beş yaşında”… Sahə müvəkkilinin bundan xəbəri varmı, görəsən?)
Elə müasir yazarlarımızdan Anar müəllimin “Təhminə və Zaur” dramasını götürək. Guya orada hansı milli-mənəvi dəyərlərimiz təbliğ edilir? Əksinə, ailədən kənar intim əlaqələr, şərab içib serroz olmaq, daha sonra isə dövlət rəhbərliyinə müraciət edib xaricdə müalicə almaq kimi söhbətlər əsərin ana xəttini təşkil edir. Bu arada AYB-nin yaydığı məlumata görə, gələn il qurumun növbəti qurultayı keçiriləcəkdir, təzə sədr seçiləcəkdir. Tapın görək həmin sədr kim olacaqdır. Mərc oyunlarına qoysan, babat pul tutmaq olar. Onu da qeyd edim ki, Anar müəllimin sədrlik elədiyi 30 il bizim yazıçılar birliyinin tarixində ən məhsuldar, ən parlaq dövrlərdən biri kimi tarixdə qalacaqdır. Bu dövr ərzində azı 1 yazıçı bıçaqlanmış, 2 şairin ağzı cırılmış, 3 yazıçı “Galenvaqen” almış, 2000 nəfər yazıçıya təqaüd, 1000 şairə ev, 800 şairə ehtiyat fonddan qafiyə, 500 şairəyə ər verilməsi dövlət tərəfindən təmin edilmişdir. Bir az əsər-məsər sarıdan kasıbçılıqdır, ancaq arada bir-iki nəfər özünün Nobelə namizədliyini irəli sürmüşdür, bunun özü də vacibdir. Xristian olmasalar (mükafat komitəsinin üzvləri) yəqin mükafat alardıq.
Sonda təklif edirəm keçmiş baş nazirimiz Pənah Hüseyni Dövlət Təhlükəsizlik Xidmətində işlə təmin etsinlər. Çünki idarədən qabaq xəbər tutub ki, şimal və cənub bölgələrimizdə təxribat hazırlanır. Qərb bölgəsi əvvəldən pis gündədir. Yeganə şərq bölgəsindən ürəyimiz rahatdır, çünki Pənah bəy orada yaşayır. Allah ömrünü uzun eləsin, həmişə asayişimizi qorusun. Yuxarıda yazdığım hasar projesi düzəlsə, Pənah bəy də bir az rahat olar.