Esma əfsanəsi və ya yanıq gənclər fenomeni

Cibimə tələbə bileti qoyub ali məktəb auditoriyasına qədəm qoyduğum gün əyləşdiyim partanın üstündə bir qadın adı oxudum: “Esma”. O ad partanın hər santimetrində vardı.

Dərhal anlaşılırdı ki, bu adı daşıyan hər kimdirsə, olduqca gözəl və yumşaldıb-yumşaldıb desək, komplekssiz bir xanım olub.

Çünki partanın üstündəki yazılarda o qadına həsr olunmuş ədəbsiz şeirlərlə yanaşı, erkək meymun fantaziyasından xəbər verən arzular, istəklər də vardı. Söyüşlərə də rast gəlinirdi. Bəziləri hətta yüngül həyat tərzi keçirən qadınlara el arasında deyilən ən konkret yarlığı onun adından əvvələ yapışdırmışdılar.

İkinci dərsdə başqa bir audotiriyada başqa partada oturası olduq. Burada da partanın üstü o xanımın adıyla, ona həsr olunmuş müxtəlif fikirlərlə doluydu. (Bir sözlə, institumuzda toplam 50 min parta vardısa, 50 mini də Esmanın adıyla bəzənmişdi).

Tənəffüs zamanı istər-istəməz bir-birimizdən soruşduq: “Ay uşaqlar, bu Esma kimdir? Partaların üstü onun adıyla doludur”.

1-ci kurs uşaqları, təbii ki, Esmanın kimliyini yalnız təxmin edə bilərdilər. Əvəzində yuxarı kurs uşaqları onu tanıyırdılar. Onlardan öyrəndik ki, Esma 2-3 il əvvəl institumuzun hansısa fakültəsinin rus bölməsində oxuyan gözəl bir qız olub və babalı deyənlərin boynuna, guya institutun gənc müəllimləri və bəzi tələbə yoldaşları ilə eşq macərası yaşayıb.

Beləydi, belə deyildi, onu dəqiqliyi ilə o xanımla eşq münasibətində olanlar bilər, amma burası dəqiq idi ki, Esma institutumuzun seks-simvoluna dönmüşdü, adı dillər əzbəriydi.

Ən qəribəsi o idi ki, məzun olub getməsindən 2-3, hətta 4-5 il keçəndən sonra da Esma unudulmurdu, onun adı əfsanə olaraq qalırdı və yeni partalara yazılmaqda davam edirdi. Hətta bir ara partalara fanerka və linoleuma oxşayan materialdan üzlük çəkdilər, bir həftədən sonra onların da üstü Esma haqında iyrənc sözlərlə dolub-daşdı. Bunları yazanlar isə o qızın üzünü belə görməmişdilər, eləcə ənənəni davam etdirirdilər.

Esmanı üzbəsurət görmək şərəfinə və xoşbəxtliyinə nail olmuş yuxarı kurs tələbələri danışırdılar ki, o qız heç də adının dillər əzbəri olmasından, 3-5 min tələbənin onu “fahişə” kimi tanımasından və belə adlandırmasından, hətta söz atmalarından sıxılmırmış, burnu dik şəkildə, nazlana-nazlana, deyə-gülə gəzirmiş, üstəlik, gözləri ilə onu yeyən yüzlərlə gənc tələbəyə yanıq verirmiş.

Esmanın haqqında yayılan ən populyar fikir “gəzmədiyi oğlan qalmayıb” olsa da, belə məlum olurdu ki, əslində institutun ən yaraşıqlı oğlanları – idmançıları belə ona yaxınlaşa bilməyiblər.

Sonralar başqa məktəblərdə təhsil almış dost-tanışlarla söhbətdən hali olduq ki, bu fenomen digər təhsil ocaqlarında da olub. Onlarda da adı partaların bəzəyi olan, məktəbin seks-simvoluna çevrilən, barəsində “ordan getdi, burdan gəldi” əfsanələri qoşulan, “gəzmədiyi oğlan qalmayıb” iftirasına məruz qalan qızlar olub.

Bu, güman ki, cinsi hissin artıqlığı və cinsi məmnunluğun olmamasından doğan “fenomen”dir. Erkən gənclikdə seksual partnyor tapa bilməyənlər gücü çənələrinə, dillərinə və əllərinə verirlər – danışırlar, qeybət edirlər, partaya, divara öz fantaziyalarını yazırlar. Bəzilərində isə məmnuniyyətsizlikdən yaranan qəzəb hissi ifrata varmış qisas duyğusu oyadır və onlar təyin etdikləri seks-simvolu “fahişə” adlandırır, onun barəsində iyrənc söhbətlər yayırlar – guya ki, qızın əxlaqsızlıq etdiyini öz gözləri ilə görüblər.

Bu iftira və qır-qeybət selinin qarşısını almaq praktik olaraq mümkün deyil. Çünki hərənin bir ağzı var və onları süzmə-qatıq torbası kimi büzüb-bağlamaq olmur. Yalnız bircə yol var ki, bu duruma salınmış qız başına gələni evdə anasına, qardaşına, atasına danışa bilər və hiddətlənmiş qardaş bir gün məktəbə gələr, bacısına sataşanların 3-4-nü məktəbin qarşısında şapalaqlayar. Bəlkə, ondan sonra bir çoxları qorxudan dilini dinməz qoyar. Təcrübə göstərir ki, yiyəsi olan qızları “təqib olunan seks-simvol”a çevirmək çətin olur.

Ancaq indiki dövrdə qardaşın və ya atanın məktəbə gələrək tərbiyəsiz gəncləri şillələməsi də mümkün deyil. Adamın etdiyi hərəkətləri telefonla çəkib yayacaqlar, sosial şəbəkə istifadəçiləri də məhz onu yerdən-yerə vuracaqlar, ta deməyəcəklər ki, bu balaca manyaklar bir məsum qızı intihar həddinə çatdırmaqla məşğul idilər.

Xüləs, uzun söhbətdir. Sonda üzümü Esmanın nəvələrinə tutub demək istəyirəm ki, bu yazıda məqsəd simvol nənənizin keçmişini qurdalamaq deyildi, bizim 35-40 ildən bəri hələ də düzəlmədiyimizə diqqət çəkmək idi.

Загрузка...