İnstitutdan yeni məzun olduğum vaxtın söhbətidir. Bir yaxın adamın toyundaydım. Toyu aparan müğənni də tanışlığımız, münasibətimiz olan adam idi. Arada o, həmin vaxtlar dəb olan “Rəna, can, Rəna” mahnısı oxudu. Adamlar ortalığa tökülüşüb bu ritmik sədalara oynayırdılar. Yadımda qaldığı qədər mahnının belə sözləri vardi: “Gəl görüşək, yar, Rəna, can, Rəna”. Bir də fikir verdim ki, müğənni “Gəl, görüşək, yar, Rəna, can, Rəna”dan sonrakı misranı bu cür deyir: “Gəl, güləşək, yar, Rəna, can, Rəna”.

Əvvəlcə elə bildim ki, qulağım məni aldadır. Nəqarəti dübarə dinşəyəndə əmin oldum ki, müğənni qardaş məhz “gəl güləşək” deyir və belə deməklə də qalmır, gülə-gülə çalğıçılara göz vurur.

Bir az keçdi, müğənni qardaş siqaret fasiləsinə çıxıb mağaranın arxa tərəfinə keçəndə, yaxınlaşdım, dedim, qardaş, elə bilmə, heç kim bilmədi, amma bayaq mahnı oxuyanda Rənaya güləşmək təklifi edirdin. Müğənni sağa-sola baxdı, əvvəlcə sifətinə ciddi görkəm verdi, sonra dedi ki, bunsuz olmur e, gərək deyək-gülək, zarafatlaşaq, manıs tayfasının işi, xasiyyəti budur.

Bəlkə də mahnının o cür oxunduğunu məndən başqaları da bilmişdi, amma heç kəs özünü o yerə qoymadı. Hərçənd ortalıqda oynayan xanımlardan birinin adı Rəna olsaydı, şübhəsiz ki, qanqaraçılıq, biabırçılıq olardı. Rənanın qohum-qardaşlarından biri mühəqqəq ortaya yeriyib deməzdimi, sən kimə güləşmək təklif edirsən.

Hətta indiki kimi, hər əldə bir audioyazan, videoçəkən telefon olsaydı və kimsə müğənninin o cür oxuduğunu lentə alsaydı, sonradan mütləq onu sosial şəbəkədə yayardı, yenə qalmaqal olardı.

Müğənninin “manıs tayfasının xasiyyəti”nə dair sözlərə gəlincə, sonradan dəfələrlə əmin oldum, bu ifadədə böyük həqiqət var. Onlar qədər deyib-gülən, zarafatlaşan, saysız-hesabsız lətifələr, olmuş əhvalatlar bilən, həm də onları bəzəyə-bəzəyə, biədəb-biədəb danışan ikinci bir peşə sahibləri yoxdur. Hər manıs bir Cem Yılmazdır – belə sanın.

Ona görə də böyük sənətkarımız Yaşar Nurinin bacısı oğlu Rüfət Axundovun tv ekranında çıxardığı pəstəha, canlı yayımda məşhur “İnsaf da yaxşı şeydir” mahnısının “Görən deyir, bu göyçək hansı bəxtəvərindir” sözlərini biədəb sözlərlə dəyişdirərək oxumasını “manıs tayfasının xasiyyəti” qrafasına aid edirəm.

Bunlar belədir, tam əksəriyyətinin ağzı pərtödür, latayırlıdır, beyinlərinə bir məzəli, amma ədəbsiz söhbət düşdüsə, söz gəldisə, mütləq danışacaqlar, deyəcəklər. Təbii ki, minlərlə tamaşaçının baxdığı verilişin auditoriyası ilə “palatka toyu”nun auditoriyası eyni deyil. İkisi də biabırçılıqdır, amma biri daha böyükdür.

Hətta bizim çox ciddi adam kimi tanıdığımız, bazburutda, zabitədə öz dövrünün nazirlərindən ötə olan məşhur müğənnilərimizin “repertuar”ında da o sayaq, sonradan lətifəyə dönmüş əhvalatlar var.

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs 15-16 il öncə Türkmənistanda turnedə olarkən başına elə bir hadisə gəlib. Əhvalat prezident Saparmurad Türkmənbaşının da iştirak etdiyi konsertdə olub. Türkmənbaşı lap ön cərgədə oturub İboya və rəqqasə Pınara heyranlıqla baxır, ürəkdən alqışlayırmış. Tatlısəs də istəyib ki, prezidentə iltifat eləsin. O, prezidentin ünvanına bir-iki xoş söz deyib, adını çəkmək lazım olanda ağzını əsas mikrofondan ayırıb, qulağında başqa bir mikrofonun olduğunu unudub və çalğıçılara tərəf dönərək, “bu kim oldu” mənası verən söz işlədib. Həmin ifadəni burada olduğu kimi yazmaq imkansızdır, amma siz hesab edin ki, İbo çalğıçılardan belə soruşub: “Bu xiyarın adı nə oldu?”

Həmin axşam İbrahim Tatlısəsə gecəylə ölkəni tərk etmək göstərişi verilib. O da məcbur olub rəqqasə Pınarla birlikdə Aşqabadı tərk edib və ona Türkmənistanda qadağa tətbiq edilib

İndi Rüfət Axundova da efir qadağası tətbiq edilib. Yəqin ki, bir müddət başqa tv-lər də onu efirə, verilişlərə, canlı yayımlara çağırmayacaqlar və haqlı olacaqlar. Çünki tamaşaçıya, sənət yoldaşlarına bunca sayğısızlığın bir bədəli olmalıdır.

Ancaq bir-iki gündən sonra bu hadisə illərlə danışılan və hər zaman gülüş doğuran lətifədən başqa bir şey olmayacaq. Görən deyir, bu olay çox gülməlidir.

Загрузка...