Canavarlar məktəb direktorunun qoyunlarını niyə yedilər

“Mən ayrı cür çəkdim. Amma o bunu da qəbul etmədi.

Bu çox qocadır. Mənə elə quzu lazımdır ki, çox yaşasın”

(Ekzüperi, “Balaca şahzadə”)

Xəbər lentində gördüm: Ağdaş rayonunda canavarlar məktəb direktorunun qoyunlarını parçalayıbdır. Maraqlı münasibətdir. Canavarların hərəkətini deyirəm. Görəsən, onlar o boyda rayonda niyə seçib-seçələyib məhz məktəb direktorunun qoyunlarını yemişlər? Guya rayon prokurorunun qoyunları, yaxud icra başçısının xalası oğlunun sürüsü dadsızdır? Ancaq bunlar məktəb direktorunun qoyunlarına dadanıblar.

O cümlədən hörmətli jurnalistlərimiz nə üçün qoyunların məktəb direktoruna məxsusluğunu xüsusi vurğulamışdır? Burada məqsəd nədir? Pedaqoji baxımdan, metodiki cəhətdən, kurrikulumun tətbiqi, ölkəmizdə təhsilin uğurlarına kölgə salmaq tərəfdən bu xəbərin önəmi necədir? Hesab edirəm tezliklə bu temada respublika təhsil ictimaiyyətinin nümayəndələri, həmçinin Etibar Əliyev, Kamran bəy, Şahlar müəllim, Aqiyə Naxçıvanlı və başqalarının iştirakıyla dəyirmi masa keçirilməlidir.

Bəli, əgər canavarların məktəb direktorunun qoyunlarını yeməsində hansısa məna olmasa müxbir bunu heç vurğulamazdı. Nəyinə lazımdır? Siz heç bizim jurnalistikada “Qadın sürücü qəza törətdi”, “Azərbaycanlı adam öldürdü”, nə bilim, “Kürd qayadan yıxıldı” tipində başlıqlar, xəbərlər görmüsünüzmü? Mümkün deyildir. Ona görə də əgər canavarlar məktəb direktorunun qoyunlarını yeyibsə, burada mütləq hansısa ciddi mətləblər gizlənibdir, jurnalist qardaşımız (bəlkə də bacımız – doğrusu mən də bunu xüsusi vurğulayarkən yazarın cinsiyyətindən xəbərsiz olduğumu dərk edərək dərindən kədərləndim) həmin mətləblərə işarə vurubdur. Məncə, səbəb budur: əgər məktəb direktoru vaxtında işini düzgün qursaydı, canavarları tərbiyə etsəydi, indi onlar gəlib onun qoyunlarını yeməzdilər! Harun ər Rəşiddən rəvayət edirlər, deyir bir gün padşah camaata Feysbuk-dan belə link paylaşıbmış: “Əgər haçansa Ağdaşda Kürün qırağında canavarlar qoyunu yesələr, bilin ki, bu da mənim günahımdır”. Bəlkə də səhv yazdım, bu temanın rəvayəti belə olmalı idi: “Nə doğrasan aşına, O çıxar qaşığına”.

Təlim-tərbiyə vacib məsələdir. Yoxsa baxırsan efirdə gədə-güdələr mikrofon götürüb şıllaq atır, xalqın ana-bacısı eşidərkən milli mentalitetimizə zidd söyüşlər söyürlər. Alçaqlar. Heç bizim xalqın dilindən söyüş çıxıbmı? Şəxsən mənim yadıma gəlir, bizdə axırıncı dəfə 92-93-də küçə söyüşləri aləmi bürümüşdü, nəticədə camaat gecələr gəzməyə çıxa bilmirdi. AXC-Müsavat cütlüyü nə yaxşı ki, cəmi 10 il hakimiyyətdə qaldı, yoxsa tərbiyəmiz, qanacağımız təmiz əldən getmişdi. Milli Məclisin binasında, Nazirlər Kabinetində, icra hakimiyyətində, konservatoriyada, Azdramada, Qozqramada (kənd təsərrüfatının fındıqkimilər şöbəsinin elmi adıdır), qəzetdə, jurnalda, məktəbdə, mitinqdə, əsgərlikdə, Azərbaycan Yazıçılar Birliyində… Uzun sözün qısası, söyüş hər yeri başına götürmüşdü. Xalqın qızları lüt-ətcəbala rəqs edirdilər. Muğam oxuyan ağsaqqallarımız utandıqlarından mələməmiş quzu dərisindən tikilmiş qaragül papaqlarını sifətlərinə basırdılar. Ağbirçəklərimiz şallarını bellərinə bağlayıb efirlərə çıxmaq istəmirdilər. Nə yaxşı indi müəyyən abır-həya vardır. Misal üçün, dünən əməkdar artist, xalq artistliyinə real namizəd Ədalət Şükürov sosial şəbəkələrdə nəsə xoşa gəlməyən rəy, şərh yazsalar, paylaşım etsələr öz övladlarının başını kəsəcəyini söyləyibdir. Görün nə qədər mənəvi dəyərlərimizə diqqət, hörmət, ədalət bəsləyən görkəmli şəxsiyyətdir! Biz hamımız belə olmalıyıq. Əgər başqa ölkələrdə də xalqın qabaqda gedən oğulları öz uşaqlarının başlarını kəssəydilər, indiyəcən İnstaqramda, Feysbukda, Tvitterdə, Redditdə, Odnoklasnikidə, Pikabuda əxlaqsızlıq baş alıb getməzdi. Uca tanrı hər bir millətə Ədalət müəllim kimi korifey sənətçi bəxş etsin. Təlim-tərbiyə çox önəmlidir. Əflatun müəllim demişkən: “Valideynlərim məni göylərdən yerə endirdi, müəllimim isə təzədən göylərə qaldırdı”. Vallah, halal olsun, başqa nə deyə bilərik?

İndi söz əlaqədar canavarlarındır – gətirin, kişinin qoyunlarını yerinə qoyun.

Загрузка...