Paşinyan sərsəm iddialarına və bəyanatlarına ara vermir. Guya Qarabağ məsələsinin həllinə “kreativlik”, pozitivlik gətirmək istəyir. Əslində isə onun vaxtı uzatmağa çalışdığı az qala uşağa da bəllidir.
“Münaqişənin həlli hər kəs üçün qəbuledilən olmalıdır: həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqı üçün. Mən Azərbaycan prezidentinin də məsələyə bu cür yanaşacağını gözləyirəm”. Erməni baş nazirin srağagünkü növbəti bəyanatındandır.
Paşinyan gözləmədə imiş. Bizdən erməniləri qane edəcək “ədalətli mövqe” gözləyirmiş. Nəyi gözləyirsən bizdən? “Dağlıq Qarabağ xalqı” adında uydurma bir xalqın olduğunu etiraf etməyimizimi?
Doğrudanmı bunun mümkünlüyünə Paşinyan səmimi şəkildə inanır? Doğrudanmı o, unudub ki, savaş başlayanda Dağlıq Qarabağda rəsmi statistikaya görə, vur-tut 150 min əhali yaşayıb? Onun da 40 mini azərbaycanlı idi. Yerdə qalan 110 minlik Qarabağ ermənisi bizim balaca bir rayonun əhalisi qədərdir.
İndi belə çıxır, biz – 8 milyonluq xalq (o vaxt üçün) uşaqlı-qadınlı-qocalı ortalama 100 minlik bir “xalqla” müharibə aparmış və 30 min itki vermişik (onun 14 mini hərbçidir)? Biz uşaq-muşaqla savaşdamı uduzmuşuq? Üstəlik, 100 minlik, təxminən Dəvəçi əhalisi qədər olan “Qarabağ xalqı”, sən demə, nəinki 8 milyonluq xalqa qarşı uğurla dirəniş göstərib, Dağlıq Qarabağ ətrafında daha 7 rayonu işğal edibmiş?!
Dünya bu nağıla daha inanmır. Heç Ermənistanın simsarı olan dövlətlər, onun işğal ortağı Rusiya, “böyük bacı” Fransa da zərrəcə inanmır. Yoxsa Qarabağdakı kriminal rejimi bir ildir birbaşa danışıqlara qoşub Ermənistanı suçsuz çıxarmağa çalışan Nikola “danışıqlar formatı dəyişməz qalmalıdır” deyib ağzından vurmazdılar. Əgər onlar da münaqişədə yalnız 2 tərəfin olduğunu deyirsə, biz niyə 3 olduğunu qəbul eləməli, bununla da “Dağlıq Qarabağ xalqı” adlı qondarma xalqın varlığına rəsmən şəhadət verməliyik? Başımıza at təpib? Hər şey qırağa, bəs BMT-nin, digər mötəbər beynəlxalq təşkilatların Ermənistanı işğalçı kimi tanıyan qərar-qətnamələri necə olsun?
Nağıl bitdi. Gəl ki, erməni nağılı, erməni hiyləsi bitmir ki bitmir. Görünür, bədnam qonşularımız Gebbelsin (Faşist Almaniyasının təbliğat aparatının rəhbəri olub – Z.S.) məşhur üsulunun enində-sonunda effektli olacağına hələ də inamlarını itirməyiblər. Yəni ki, “Yalanı nə qədər çox desən, ona inananlar bir o qədər artar”.
Ancaq dünya artıq həmin dünya deyil. Dünya bunu da indi yaxşı bilir ki, Azərbaycan təkbətək savaşda nəinki “Dağlıq Qarabağ xalqı”nın, yaxud Ermənistanın, onların ikisinin cəm ordusunu qısa zamanda darmadağın edər. Bunu qarabağlı erməni də, Ermənistan hayı da anlamamış deyil. Ona görə də rusun qoltuğuna sığınıblar. 1997-ci ildə Ermənistanla Rusiya arasında 50 illiyə hesablanmış (2047) siyasi siğə sazişi boşuna imzalanmayıb ki?
Odur ki, qoy biz yox, qarabağlı, irəvanlı ermənilər qarışıq, erməni toplumu dəqiqləşdirsin: onlar özlərini müstəqil və suveren xalq sayırlarmı? Yox, özlərini başqa xalqın vassalı, köləsi, maşası hesab edirlərsə, bundan qürur duyurlarsa, onda biz niyə onlarla, hələ üstəlik, 2 erməni münaqişə tərəfi ilə (İrəvan və Xankəndi) danışıq aparmalıyıq? Elə erməninin ağası olan rusla danışıb anlaşarıq da!..
Nəhayət, Paşinyanln dediyi kimi, Yer üzündə belə bir xalq mövcuddursa, o zaman nədən Ermənistan özü birinci onun, “dqr”in müstəqilliyini, varlığını tanımır? Cavab bəsit: çünki Ermənistan heç özü də müstəqil deyil. O da məlum ki, müstəqil olsaydı, heç Azərbaycana qarşı torpaq iddiasında bulunmağa cürət eləməz, Qarabağ konflikti də yerli-dibli olmazdı. Türkiyəyə qarşı əsassız iddialar da eləcə.
Demək, biz öncə ermənilərin yiyələri ilə dil tapmalıyıq. Ən azından onların neytrallığını təmin edib işimizi görməli, Qarabağı, digər ərazilərimizi “çağırılmamış qonaqlar”dan, quldur-başkəsənlərdən, işğalçılardan təmizləməliyik. Həm də vətəndaşlarımız olan “Dağlıq Qarabağ xalqı”nın rifahı və təhlükəsiz gələcəyi naminə. Öz müstəqilliyini de-fakto çoxdan itirən Ermənistan belə rifahı təmin edə bilmədi. Edə bilməzdi də. “Keçəl çarə tapsaydı, öz başına tapardı…”