ReAl Partiyası ilə AXCP arasındakı qovğa, ritorika o qədər tanış gəlir ki…

Son 25 ildə bu kimi ixtilafları, nifaqları çox görmüşük, ondandır.

Tərəflərin hansının haqlı olduğunu birmənalı şəkildə demək mümkün deyil. İki tərəf də, el dilində desək, öz sözünün göyçəyini deyir.

Amma ötən günlərə yüngülvari ekskurs edəndə göz önündə bənzər mənzərələr canlanır.

Təxminən 20 il öncələr idi. Müsavat partiyasının sürətlə güclənən, təşkilatlanan vaxtlarıydı. Təbii ki, iqtidar düşərgəsi artıq bu partiyanın əsas rəqib olacağını düzgün proqnozlaşdırmışdı və əlindəki resurslarla ona qarşı mübarizə aparırdı. Eyni zamanda, Müsavata qarşı daha bir güc fəaliyyət göstərirdi. Bu, Müsavatla eyni blokda (Demokratik Konqresdə) təmsil olunan AXCP-nin daxilindəki “Yurd” qruplaşmasıydı.

AXCP-nin sədri, milli azadlıq hərəkatının lideri, eks-prezident, əksər müsavatçıların sevimlisi, Müsavat başqanı İsa Qəmbərin şəxsi dostu Əbülfəz Elçibəy belə həmin qrupun öhdəsindən gələ, onlara “mənim müttəfiqimlə, dostumla işiniz olmasın” deyə bilmirdi. “Yurd” liderləri isə müxalifət düşərgəsinin “oliqarx”larıydı. Onlar parlamentdə təmsil olunur, hökumət adamları ilə birgə səfərlərə gedir, Strasburqdan vurub Brüsseldən çıxırdılar. Qürbət ellərdə birgə şənliklər təşkil edirdilər. Əllərində 10-a qədər qəzet vardı, telekanalların studiyalarında tez-tez qonaq olurdular. Hətta bir dəfə AzTV Əli Kərimlinin Süleyman Dəmirəllə görüşündən süjet vermiş, onun parlamentin plenar iclasında etdiyi uzun bir çıxışı yaymışdı.

Bu qrup sərəncamında olan qəzetlərdə özünü “islahatçı” və “konstruktiv müxalifət qüvvəsi” adlandırır, iqtidarın əsas rəqibi Müsavatı destruktivlikdə ittiham edirdilər. Hərdən ortaya daha ağır iddialar atırdılar. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi məsələsi ictimai müzakirə predmeti olan zaman hansısa jurnalistin sualına cavab olaraq Müsavat başqanı İsa Qəmbər demişdi ki, əslində bu neft kəməri İran üzərindən, azərbaycanlıların yaşadığı ərazilərdən keçsəydi, iqtisadi baxımdan daha sərfəli olardı.

Ortada bir neçə milyardlıq qənaətin və neft kəmərindən gələcək tranzit haqqının Cənubi Azərbaycan ostanlarına qalmasının söhbəti vardı.

Ancaq görün “Yurd” nə etdi? Qrup funksionerləri öz qəzetlərində tozanaq qopardılar (şükür ki, arxivlər, qəzetlərin cildlənmiş nüsxələri qalır, maraqlananlar qaldırıb baxa bilər), Müsavatı İrana işləməkdə, İsa Qəmbəri İranın adamı olmaqda suçladılar. Məqsəd güclənməkdə olan bu partiyanı İranmeyilli qüvvə” kimi tanıdaraq, Azərbaycanda marağı olan qüdrətli güclərin, xüsusilə də ABŞ-ın gözündən salmaq idi.

Ən ümdəsi, iddiaların heç bir əsası yox idi, ortada ciddi bir şərləmə kampaniyası vardı.

Fəqət, bir-iki ildən sonra kartlar açıldı, maskalar düşdü. AXCP-nin daxilində yuva salmış “Yurd”un bir çox rəhbərləri gizli-gizli əməkdaşlıq etdikləri hakimiyyət qüvvələri ilə açıq, leqal əməkdaşlığa keçdilər. Açıq və barışmaz müxalif mövqeyə keçən AXCP isə Əli Kərimliyə qaldı.

Partiyanın yeni rəhbərliyi də “şərləmə kampaniyası”ndan əl çəkmədi. Bu xüsusda çox hekayətlər var, ancaq ən sonuncusu axırıncı parlament seçkilərində oldu. Müsavat Partiyası Milli Şuranı tərk etmişdi. AXCP rəhbərliyi iddia edirdi ki, Müsavat hakimiyyətlə anlaşıb. Hətta ayrı-ayrı funksionerlər konkret “bağ”lardan danışırdılar, deyirdilər, İsa Qəmbər parlamentin vitse-spikeri Bahar Muradova ilə gizli danışıqlar aparıb, özünə və bir neçə partiyadaşına mandat verilməsinə dair təminat alıb.

O iddiaların, ittihamların sonu necə oldu, bilirsiniz.

İndi eyni partiya ReAl Partiyasının rəhbərliyini eyni cür ittihamlara məruz qoyub. Adam köhnə şərləmələri yadına salanda inanmaq istəmir.

Demək, siyasətlə məşğul olanlar gərək etibarlarını itirməsinlər, yalançı çobana dönməsinlər ki, sözlərinin də çəkisi, mötəbərliliyi qalsın.

ReAl rəhbərlərindən olan Natiq Cəfərlinin dilə gətirdiyi “bütün bunlar qısqanclıqdan doğur” ifadəsi isə daha tutarlı çıxır. Görünür, AXCP son illərdə ABŞ və Avropada “qələminin qırıldığı”nın və stavkanın ReAl-a edildiyinin fərqindədir.

Bir vaxtlar AXCP özü Avropanın sevimlisi idi, qrantlar sel kimi gəlirdi. İndi vəziyyət dəyişib. İndi İrana meyilli qüvvələr AXCP-nin aksiyalarında həvəslə iştirak edirlər, ayrı-ayrı mömin liderlər bu partiyadan yararlandıqlarına dair bəyanatlar səsləndirirlər.

Dünya, dövran, mövqelər dəyişib, amma mübarizə üsulları dəyişməyib – şərləmə yenə effektiv yol sayılır.

Загрузка...