Xoş gəldin, balaca

“- Çünki, – əcnəbi qara quşların axşamın sərinliyini duyaraq səssizcə süzdüyü göyə baxdı, – Annuşka artıq günəbaxan yağını alıb, alıb nədi, hətta dağıdıb da. Ona görə də iclas baş tutmayacaq”

(Bulqakov, “Master və Marqarita”)

On milyonuncu vətəndaşımızın doğulması çox yaxşı haldır, şəxsən mən – hardasa 5 milyon 100 mininci azərbaycanlı (təxmini hesablamalarıma görə doğulduğum 1973-cü ildə Azərbaycan SSR əhalisi bu qədər olmuşdur) onu təbrik edir, uzun ömür, cansağlığı, inşallah, yüz milyonuncu azərbaycanlının doğulmasını görənə qədər yaşamağı arzu edirəm. Yazda doğulmaq xüsusən ümidvericidir, vətəndaşımızı xoşbəxt gələcəyin gözlədiyini anons etməkdədir. Ancaq soğanın bahalaşdığı vaxtda doğulmaq bir az yaxşı olmadı. Bəlkə də biz hökumətdən xahiş eləyək, soğanı ucuzlaşdırsınlar. Ortada bu cür təntənəli səbəb də vardır.

Bir anda mənim yadıma 7777777 azərbaycanlının doğulduğu 90-cı illər düşdü. O zaman biz bu rəqəmi Koroğlunun dəlilərinə işarə sayıb “Hurrey” demişdik, Qarabağda hücuma keçmişdik, ancaq nəticələr acınacaqlı oldu. Az qalmışdı Yevlaxı da itirək. İndi güman etmək olar ki, 10 milyonuncu vətəndaşımız, nəhayət, Cıdır düzündə iməkləyib, İsa bulağından əmziklə su içib, Topxana meşəsində göbələk yığacaqdır. Başqa yolumuz yoxdur. Zaman tələb edir. Xüsusilə, düşmən azalır, biz artırıqsa, niyə torpağımızı geri almayaq?

Hərçənd, statistikaya çox arxayın olmaq da lazım deyildir. Örnək üçün, Azərbaycan əhalisinin 1920-ci ildə neçə nəfər olması rəsmi statistikada məlumdur: 1 milyon 952 min nəfər. Bax o zaman bizim respublikanın ərazisi 114 min kvadrat kilometr idi. 7 milyona çatanda 86,6 min qalmışdı. Bundan 15-20 faizi plyus-minus elə. Yerdə nə qalacaq? Acı göz yaşları. Yəni, soğanın pərakəndə satış qiyməti.

Əlbəttə, bu əziz gündə qan qaraldan söhbətlərin vaxtı deyildir, hər bir kəs 10 milyonuncu vətəndaşa töhfəsini verməyə çalışır. Misal üçün, ekologiya naziri Ağdaşda 100 hektar nar bağı salacaqdır. Ali məhkəmə 10 nəfəri türmədən buraxmağa söz veribdir. Yol idarəsi 100 kilometr asfaltı yeyintisiz basacaqdır. Avtobus idarəsi 10 milyonuncu sərnişinə qabaq qapıdan düşməyə icazə verəcəkdir. Mən özüm 10 milyon köşə yazaraq oxucuları sevindirəcəyəm. Düşünürəm ki, 10 milyonuncu vətəndaşımıza hara gəldiyi haqda müəyyən informasiyalar versək, necə deyərlər, yol xəritəsi əlində olsa, yaxşıdır. Qarabağı, soğanı-filanı yuxarıda yazdım, qalır o biri məsələlər.

İlk növbədə, doğum evinin şəraitinə diqqət eləməlidir. Bizdə səhiyyə pulsuzdur, hər doğulan körpəyə görə də valideynlərə 200 manat, nənəyə 500 manat, qaynanaya 600 manat, babaya 100 manat kompensasiya verilir. Uşaq bağçasına pulsuz yerləşdirmə, orta məktəbdə pulsuz oxumaq, ödənişsiz ali məktəblər və sairə də öz yerində. Bacı, sən cənnətə düşmüsən, xəbərin yoxdur! Axırda da adamı pulsuz işlədirlər. Zarafat edirəm, bizdə ən aşağı maaşı deputatlar alır, onlar da düymə basmaq kimi gərgin, sosial şəbəkələrdə söyülmək kimi zərərli iş rejiminə görə ayda 2 min manatı qatlayırlar. Oğlan doğulsan əsgər getmək, ordumuzun sıralarında vətənə şərəfli xidmət kimi həzzləri də yaşayardın, ancaq ta bu qismət deyildir, neyləyək. Hərçənd, Azərbaycanda qız doğulmaq daha böyük şansdır. Camaat UZİ-yə gedir ki, oğlu olmasın. Vallah. Bir qonşum var, yeddinci oğlunun adını Kifayət qoyubdur.

Demokratiya, söz azadlığı, müxalifətə yaradılan dövlət şəraiti baxımından da çox ideal vətəndə doğulmusan, bil! Böyüyəndə görəcəksən ki, bizdə müxalifətçilər var, sən doğulandan 25 il qabaqdan mitinq eləyirlər, hələ də hakimiyyətə gələ bilməyiblər. Hökumət necə ideal şərait yaradıbsa, bütün müxalifətçilərin uşaqları xaricdə oxuyur, Allah sənə də qismət eləsin. O cümlədən, varlığa nə darlıq, müxalifətin azı on dənə qanadı var. Sən böyüyənə qədər 10 milyon qanad olar, inşallah.

Qısası, xoş gəlmisən, balaca, “əlindən öpürəm” yazardım, ancaq infeksiya keçər, lazım deyil. Bu dəqiqə hamımız asqırırıq.

Загрузка...