“İstanbulun fəthi” sona yaxınlaşır - İmamoğlu, yoxsa Yıldırım...

Əhəd Məmmədli: “İstanbulda son sayılan səsə qədər…”

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı proses səngimək bilmir. Hakim AK Parti ilə ana müxalifət sayılan CHP arasında “İstanbulun fəthi” uğrunda mübarizə qızışır. Ölkənin ən böyük şəhərində seçkilərdə qanun pozuntularının olması ilə bağlı AKP iqtidarının şikayətinin ardından səslər yenidən sayılır.

Hazırkı vəziyyətlə bağlı son məlumatı mətbuatla bölüşən CHP sədrinin köməkçisi Muharrem Erkek deyib ki, bu ana qədər sandıqların 72 faizində səslərin təkrar sayımı bitib. Bu məlumatdan belə aydın olur ki, seçkilərdə qalib elan olunan CHP namizədi Əkrəm İmamoğlu AK Partinin iddiaçısı Binəli Yıldırımı 17.132 səs fərqi ilə qabaqlayır.

Amma bu da heç nə demək deyil. Belə ki, milyonlarla seçicisi olan İstanbulda 17 min səs elə də böyük fərq deyil. Nəticələr hər an dəyişə bilər.

Seçki prosesi ətrafında daha bir hadisə yaşanıb. Ə.İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri kimi Anıt qəbiri ziyarət etdiyi üçün ona qarşı cinayət işi açılıb.

O, Türkiyə Cinayət Məcəlləsinin 262.1 maddəsi ilə (ictimai vəzifəni qanunsuz olaraq boynuna götürmək) ittiham olunur. Cinayət elanı ərizəsini Samsun Ədliyyəsinə aparan vəkil Elif Özge Çankaya bu barədə məlumat verib. O bildirib ki, YSK seçki nəticələrini tam açıqlamamış 2 aprel tarixində Əkrəm İmamoğlu Anıt qəbir ziyarətində olmuş, İstanbul Böyükşəhər Bələdiyyə başçısı adıyla Anıt qəbir dəftərini imzalayıb. Buna görə Samsun Respublika Prokurorluğu cinayət işi açıb.

Ekspertlərin gedən proseslərlə bağlı mövqeləri müxtəliflik təşkil edir. İstanbul uğrunda yeni seçkilərin olub-olmayacağı müzakirələrin əsasını təşkil edir.

Politoloq Əhəd Məmmədli hər sürprizlərin yaşana biləcəyini ehtimal edir: “İstanbul böyük meqapolisdir və nəinki Türkiyənin yerləşdiyi tarixi, mənəvi, strateji, siyasi yerinə görə dünyanın mərkəzidir. Bu şəhər əsrlərdir dünyaya meydan oxuyan Osmanlı Türkiyəsinin paytaxtıdır. İstanbul qiyamət gününə qədər vacibliyini qoruyub saxlayacaq. Yeni seçkilərin olacağına inanmıram. İstanbulda səslərin sona qədər sayılmasına imkan verilsə, Türkiyə tarixinin son baş naziri Binəli Yıldırım qalib gələcək. Bu olan təqdirdə müxalifət xaricdəki havadarlarının tapşırığı, dəstəyini alaraq ölkəni qarışdırmağa çalışacaq. Artıq bunun siqnallarını almaqdayıq. İstanbulun nəticələri rəsmi elan edilməmiş müxalifətin namizədi Anıt qəbirdə rəsmi törənlə qarşılanır. Bu, bir provakasiyadır. Hökumət və ordu daxilində bu provakasiyaya yol verənlər, iştirak edənlər dərhal araşdırılıb, cəzalandırılmalıdır. İstanbul uğrunda seçkilər həmişə belə gərqin olur. Xatırlayırsızsa, referendumda İstanbulda ”xeyr” çıxdı. Prezident seçkilərində isə İstanbulda “Cümhur İttifaqı” qalib gəldi. İndi bələdiyyə seçkilərində də İstanbul uğrunda gərgin mübarizə gedir.

“İstanbulun fəthi” sona yaxınlaşır - İmamoğlu, yoxsa Yıldırım...

Son illərdə bütün növ seçkilərdə İstanbul, Ankara, Antalya iqtidardan-müxalifətə, müxalifətdən-iqtidara keçir. Bunun səbəbləri kimi biz xaricdən gələn iqtisadi təzyiqləri, lirəyə bilərəkdən edilən hücumları da göstərə bilərik. İstanbulda CHP-nin hələlik irəlidə olmasının səbəbi Səadət Partiyası oldu. Səadətin 1%-dən bir az çox yığması AKP-nin elektoratından alınan səslərdir. Ankarada isə CHP HDP-nin hesabına qalib gəldi. İstanbulda AK Partiya üzvlərinin məntəqələrdə passivliyi, bəzi yerlərdə ümumiyyətlə olmamasının günahı da çox oldu, hakim partiyanın Türkiyənin ən böyük şəhərində geri qalmasında. Son nəticələr Binəli Yıldırımın xeyrinə olsa, qardaş ölkədə Gezi olayları, hətta Venesuela ssenarisinin təkrarlanması cəhdləri ola bilər. Lakin əminəm ki, türk dövləti bütün sabotajların, provakasiyaların, xain saldırılarının qarşısını bu dəfə də yerindəcə alacaq. Əksinə, bütün bu baş verənlər demokratiyanın ən yüksək səviyyədə göstəricisidir. Görün Türkiyədə demokratiya nə qədər üstün səviyyədədir ki, hər səs uğrunda mübarizə gedir. Türkiyə bəlkə dünyanın yeganə ölkəsidir ki, orada səsləri iqtidar deyil müxalifət saxtalaşdırır. Niyə indiyə qədər belə olmayıb? Son seçkilərə nəzər yetirin, CHP-nin şikayətinə uyğun bir neçə dəfə bəzi bölgələrdə səslər yenidən sayılıb. Ortada fakt var və bu fakt araşdırılıb ədalətli nəticə alınmalıdır. İstanbulda son sayılan səsə qədər heç kəs qalibin kimliyi haqqında dəqiq heç nə söyləyə bilməz. Yenə təkrarlayıram, qardaş ölkədə şikayətlər nəticəsində, özü də əsasən müxalifətin şikayətləri nəticəsində səslər dəfələrlə sayılıb. Yəni indi də qeyri-adi heç nə baş verməyib. Ona görə hər kəs sakitcə səslərin sayılmasının sonunu gözləyib, ədalətli nəticə ilə razılaşmalıdır”.

Politoloq onu da qeyd etdi ki, Türkiyədə seçkilər dünyanın ən nəhəng demokratiyası ABŞ-dan da daha şəffaf keçirilir:“Ortada saxtakarlıq var və kimliyindən asılı olmayaraq bu saxtakarlıqda iştirak edənlər məsuliyyətə cəlb edilməlidir. Qərb dairələrinə Türkiyənin daxili işlərinə qarışmağa bəhanə lazımdır. İmamoğlu olmasın başqası olsun, imperialist sionist qüvvələr onsuz da Türkiyəyə yönəlik öz məkirli planlarını əsirgəməyəcəklər. Lakin bütün olanlara rəğmən əminliklə söyləyə bilərəm ki, türk dövləti güclüdür, daha da güclənir və daxildən və xaricdən bütün hücumların, xain planların qarşısını indiyə qədər necə alıbsa, yenə də alacaq. Gələn seçkilər 4 ildən sonra olacaq. Bu müddətdə ”Cümhur İttidaqı”nın siyasi, iqtisadi, hərbi yöndə hədəflərə çatmaq, olan əskiklikləri düzəltmək üçün vaxtı olacaq. Düşmənləri də qorxudan məhz budur. Ona görə də bu bələdiyyə seçkilərinə son şans kimi baxırlar. İstanbulda ixtilaf, fitnə, qarşıdurma yaratmaq cəhdləri ola bilər. CHP-HDP-Səadət-FETÖ-DAİŞ-PKK və AK Partiyadan küsənlər də xarici qüvvələr tərəfindən istifadə edilə bilər. Bunun qarşısında “Cümhur İttifaqı”-Xalq birliyi durur. Türkiyəmiz bu bələdiyyə sınağından da çıxacaq və gələn 4 ildə çox işlər görüləcək, HDP-PKK-FETÖ kökündən tamamilə məhv ediləcək. Rəcəb Tayyib Ərdoğan-Dövlət Baxçalı birliyi qardaş ölkəni qırmızı almaya doğru daha da yaxınlaşdıracaq..!”

Загрузка...