İşgəncə sərgisi

“- Bizim hökm sərt deyil. Dırmıx məhkumun bədənində pozduğu qaydanı həkk edir. Örnək üçün, bunun – zabit məhkumu göstərdi, – bədənində ”Öz rəisinə hörmət et!” yazısı yazılacaqdır”

(Frans Kafka, “Cəzaçəkmə müəssisəsi”)

Bakımızın nəqliyyat şəbəkəsi gündən-günə yeniləşir, gözəlləşir. Texniki, keyfiyyət, yeni stansiyaların açılması və paytaxtın daha səmərəli əhatə edilməsi baxımından olmasa, metro da bu inkişafın tərkibində iri addımlarla irəliləyir. Misal üçün, qabaqlar metro keçidlərində dükan açırdılar, indi stansiyaların üstündə ticarət mərkəzləri tikilir, camaat qatardan düşüb birbaşa dükana girir. Novruz bayramında isə bəzi stansiyaların tunelində kənd təsərrüfatı yarmarkaları açılmışdı. Metro rəisi Yerəbaxan müəllim vəd edib ki, özümüzü yaxşı aparsaq gələcəkdə vaqonların içində yumurta, pendir, ucuz dağ balı, qaymaq satışı təşkil ediləcəkdir.

Metroda ən sevindirici hallardan biri isə mədəniyyətə, incəsənətə geniş rol ayrılmasıdır. Yox, mən Səyyad Əlizadənin metroda çəkdiyi klipi nəzərdə tutmuram, hərçənd, bunun özü də hardasa andeqraund sənət sayılmalıdır. Hazırda bir çox metro stansiyaların keçidlərində, eskalatorların yanında rəsm əsərləri, fotolar, kino sənətimizi əks etdirən şəkillər və sairə asılıbdır. Sanki insanlarımız da bu rəsmlərə baxdıqca daha mədəniləşir, indi qatarda bir-birinə yapışmırlar. Mən fikir vermişəm, qatar stansiyada dayanarkən qapının ağzını kəsdirib camaatın düşüb-minməsinə əngəl törədənlərin, böyürən, şıllaq atan, anqıran bəzi canlıların da sayında sanki azalma vardır. Ötən ilin müvafiq dövrünə nisbətən cari ildə 16 faiz. Yəqin onlar həmin tablolara baxıb istər-istəməz mədəniyyət əldə edirlər. Dahi rəhbərimiz Lenin demişkən, insanın tərbiyə edilməsində rəssamlığın rolu böyükdür. “Sahil” metrosunun çıxışında eskalatorun yanına vurulan pişik, göbələk, bulud, ağac rəsmləri, “Uşaqlar bizim sevincimizdir”, “Gəlin uşaqları metroya buraxaq!”, “Eskalatordan düşərkən, uşaqların fırtığını silin”, “Qoy həmişə anam olsun”, “İnsan sürtündükcə, parıldayır” kimi dəyərli aforizmlər ölkəmizdə mədəniyyətə, humanizmə, təlim-tərbiyə və pedaqoqikaya, metodika və informatikaya nə qədər önəm verildiyinin bariz nümunəsidir.

Nəyə görə “Sahil”i xüsusi qeyd elədim, mənası vardır. Bu yaxında o stansiyadan çıxırdım, rəsmlərə baxır, öz-özümə düşünürdüm ki, görəsən bizdə niyə dünya muzeyləri ilə mədəni əlaqələr zəifdir. Çünki baxırsan hansısa qonşu ölkəmizdə tanınmış bir dünya muzeyindən eksponatları gətirib göstərirlər, camaat növbəyə durub baxır, böyük maraq olur. İstər rəsm əsəri olsun, istər heykəl-zad olsun. Bizdə isə çöldən və içəridən qəşəng təmir edilmiş bir neçə muzey var, lakin hələ oralarda nəsə maraqlı şey göstərilsin – yadımıza gəlmir. Səbəbini bilmirəm. Bəlkə pul verib gətirməyə imkan yoxdur? Bəlkə muzey menecmentimiz zəifdir? Ya 90-larda mədəniyyət nazirimizin içində hətta Rembrandtın rəsmi olmaqla muzey eksponatlarını çırpışdırıb satmasını eşidiblər, qorxurlar öz muzey əşyalarını bizə göndərsinlər?

Uzun sözün qısası, elə bu qəmli fikirlərə qərq olub gedərkən qəfil elan gördüm: “Bakıda, Şirvanşahlar saray kompleksində ölkəmizdə indiyəcən bənzəri olmayan sərgi açılmışdır”. Nə gözəl, nə əla! Ancaq sərginin məzmunu bir az kefimi pozdu, çünki fikirləşirdim arvad-uşağı da yığım aparım, sərgidən zövq alsınlar, evdə mənim günüm xoş keçsin. Niyə kefim pozuldu, buyurun: sən demə, sərgidə orta əsr işgəncə alətləri nümayiş edilir. Xristian dini məhkəməsinin – inkvizisiyanın camaata verdiyi əzabların alətləri.

Əcəb işdir. Sanki Bakıda nümayiş etdirməyə ayrı dünya sərgisi tapılmayıbdır, indi biz gedib orda inkvizisiyanın camaata çaldığı pazlara, dırnaq çəkən, dəri soyan, bizləyən, dişləyən və sairə işgəncə mexanizmlərinə baxmalıyıq. Guya özümüzün işgəncəmiz azdır. Pis anlamayın, Qarabağ dərdimizi nəzərdə tuturam. Yəqin burada hökumət bir sərgi ilə iki dovşan tutur, camaata mesaj verir ki, buyurun, bu da sizin tərifli Avropanız, müxalifəti payaya keçirirmişlər. Yenə sağ olsun bizim mollalar, heç belə məhkəmə qurmayıblar, uzağı falaqqa, şallaq, paya, dəri soyma, şaqqalama, it sürütməsi, at quyruğuna bağlama kimi yüngülvari cəzalarımız olmuşdur. Tarixdə. İndi belə şeylər olmur. Bütün müsəlman aləmi, həmçinin, bizim ölkə tolerant formada yaşayır.

Gəlin, biz Avropanın yaxşısını götürək, pisini ataq. Yaxşı olar bu sərgi sonra Gəncədə də göstərilsin. Pis anlaşılmasın, sadəcə qafiyəli alınır: “Gəncə – işgəncə”. Van Qoq-un sərgisi olsa, bunu Sumqayıta aparmağa dəyər. Bosx-un yeri Kürdəmirdir, Rodeni isə Səngəçala, son dövrün o məşhur villasına yığa bilərik.

Qaldı uşağı sərgiyə aparmaq, yəqin aparacağam. Məktəbdə və həyatda lazımı olar. Çox ipini buraxmışıq, qoy dərs alsın.

Загрузка...