Regionun ən şanslı kürd icması hansı ölkədə yaşayır, bilirsinizmi?
Kürdlər Avropada çoxdurlar, vəziyyətləri pis deyil, yerli cəmiyyətlərə adaptasiya oluna bilmirlərsə də, demokratik və firavan ölkələrin yüksək rifahından onlar da barınırlar. Amma kürdlər Avropada mühacirdirlər, geniş hüquqları yoxdur.
İranda kürdlər böyük toplum halında yaşayırlar, gizli təşkilatlara malikdirlər, hərdən baş qaldırır, muxtariyyat, əlavə hüquqlar tələb etmək istəyirlər. Amma sərt İran rejimi onların istənilən separatçılıq hərəkatlarını qanla boğur. İranda terrorçuları, silaha əl ataraq dağa çəkilmiş partizanları tutub gətirib uzun-uzadı mühakimə etmirlər, hansı ağacın altında tutublarsa, elə o ağacdan asırlar, hansı qayanın arxasına sığınıb atışırsa, qanı elə o daşlarda qalır.
İraqda kürdlərin muxtariyyəti var, bir neçə iri şəhər əllərindədir, amma mərkəzi hökumətlə, ətrafda yaşayan başqa etnik qruplarla münaqişə vəziyyətindədirlər. ABŞ-ın xüsusi dəstəyi, himayəsi olmasa, İraq ərəbləri onları ram etməyi bacarar.
Suriya kürdləri on ilə yaxındır silahla yatırlar. Gah bu və ya digər yaşayış məntəqəsini ələ keçirir, öz bayraqlarını sancırlar, gah da həmin yaşayış məntəqəsini tərk etməyə məcbur olurlar. Bir sözlə, Suriya kürdləri də xoşbəxt deyillər, çarpaz müharibənin ortasındadırlar, heç bir muxtariyyətə, hakimiyyətdə rəsmi təmsilçiliyə malik deyillər.
Türkiyədə isə Şərqin bu çoxsaylı etnik qrupunun durumu xeyli fərqlidir. Düzdür, bu ölkədə də xeyli sayda kürd PKK terror təşkilatının sıralarında dağlarda döyüşür, meqapolislərdə gizli dərnəklərdə fəaliyyət göstərirlər, amma hakimiyyət oqranlarında da böyük ölçüdə təmsil olunurlar.
Məsələn, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində kürdlərin əsas siyasi partiyası HDP-ni təmsil edən namizədlər 8 vilayətdə, onlarla rayonda, yüzlərlə qəsəbədə bələdiyyə sədri vəzifəsinə seçilib, real hakimiyyət əldə ediblər.
Bu vilayətlər aşağıdakılardır: Diyarbəkir, Mardin, Batman, Van, Siirt, Hakkari, Qars, İğdır.
Həmin vilayətlərin ərazisi toplamda ölkəmizin ərazisindən böyükdür. Əhalisi də az deyil. Bu vilayətlər illərdir ki, kürd əsilli siyasi liderlər tərəfindən idarə olunur. Onlardan bəziləri hətta açıq-aşkar terror təşkilatının üzvü olmuş və ya ona rəğbət bəsləyən adamlardır.
Əslində, bu kürd millətinin həmin bölgədə sırf siyasi mübarizə nəticəsində əldə etdiyi qeyri-rəsmi muxtariyyat deməkdir. Bundan başqa, hər dəfə parlament seçkilərində kürdlər həmin bölgələrdən, eləcə də kompakt yaşadıqları iri şəhərlərdən 80-dən artıq deputat seçib TBMM-ə göndərə bilirlər.
Bütün bunlar ona görə baş verir ki, Türkiyə demokratik dövlətdir, burada hakimiyyətlər seçki yoluyla, xalqın iradəsi ilə formalaşır. Kürdlər isə digər bölgələrdə yaşayan etnik azlıqlar kimi öz konstitusion hüquqlarından istifadə edir, öz vilayət, şəhər, qəsəbələrini özləri idarə edirlər.
Ancaq məlum olduğu kimi, onlar hüquqlarının bu şəkildə təmin olmasından çox da məmnun deyillər, başqa arzuları, iddiaları da var və onu təmin etmək üçün siyasi mübarizə ilə yanaşı, silahlı mübarizədən də əl çəkmirlər. Hər halda Türkiyə dövlətinin heç cür PKK-nin sonuna çıxa bilməməsini məşhur ifadə ilə izah etmək olar: “Qaçağı el saxlar”. Gerçəkdən də ölkənin cənub-şərqində yaşayan etnik kürdlər vaxtaşırı olaraq PKK-nı silah-sursatla, maliyyə vəsaitləri və insan resursu ilə təmin edirlər.
Əslində kürd siyasətçiləri bir az səbrli və uzaqgörən olsalar, öz istədiklərini demokratik Türkiyə dövlətindən yavaş-yavaş, zamanla, siyasi yollarla ala bilərlər. Prosesin təbii axarı o səmtə aparır. Ancaq, görünür, kürdlərin öz istədiklərini siyasi yollarla əldə etməsi bir sıra xarici qüvvələrə sərf etmir, onlar Türkiyədə silahlı mübarizənin davam etməsində maraqlıdırlar.
Bəs bu, necə diktatura rejimidir ki, özünü ən qatı müxalifət partiyası adlandıran HDP ölkənin mühüm bir hissəsində, 8 vilayətdə iqtidardadır, 80 deputatı var? Heç bir real diktatura rejimində bu cür mövqelərə sahib olmaq mümkün deyil.
Tarixən azərbaycanlıların çoxluq təşkil etdiyi Qars və İğdır vilayətlərində kürd əsilli namizədlərin bələdiyyə sədri seçilməsinə gəlincə, açıqca görünür ki, bu vilayətlərdə köçürülmələr hesabına demoqrafik durum dəyişib. Bir də məlum olur ki, türk əsilli namizədlər öz aralarında rəqabət apardıqları halda, bu vilayətlərdə çoxluq təşkil etməyən kürdlər sırf mütəşəkkillikləri hesabına, bir namizəd ətrafında sıx birləşmələri sayəsində siyasi hakimiyyət orqanlarını götürə bilirlər.