Türkiyədəki son bələdiyyə seçkiləri az qala, prezident və parlament seçkilərindən də gərgin atmosferdə, sərt rəqabət şəraitində keçdi, ölkə hüdudlarından kənarda belə, yaxşı mənada rezonans doğurdu, diqqət çəkdi. Bu, qardaş məmləkətdə siyasi həyatın nə qədər canlı, diri olduğunu nümayiş etdirməklə bahəm, xalqın öz taleyi üçün ayaqda olduğunu, demokratik dəyərlərə sadiqliyini və yüksək siyasi mədəniyyətini bir daha göstərdi. Bundan o yanası isə ikinci dərəcəli məsələlərdir.
Hakim partiya bu seçkilərdə ölkənin böyük şəhərlərində uduzdu. Ancaq strateji olaraq, Ərdoğan və partiyası uduşda oldu. Ona görə ki, bu seçkilərlə Türkiyənin demokratik imici gücləndi. Güclənən imicdən isə AKP iqtidarına da “pay” düşür. Hər necə olmasa, hakim partiya seçkilərə haram qatmadı, toplumun iradəsi ziddinə heç nə eləmədi. Qalib demokratiya oldu. Ümid edək ki, İstanbulda səslərin təzədən sayılması ətrafında AKP və CHP arasında 3 gündür davam edən çəkişmə bu demokratikliyə xələl gətirməyəcək. Narazılıq tezliklə və şəffaflıq şəraitində aradan qalxacaq. Məğlub qalibi təbrik edəcək.
Adətən seçkinin nəticələrindən müxalifət narazılıq edir. Amma biz hakim AKP-nin nümayəndələrindən gileylər eşidirik. Bu da 31 mart seçimlərinin əslində bərabər rəqabət mühitində keçdiyinin özünəməxsus təsdiqidir. Çünki hakim qüvvənin ixtiyarında həmişə inzibati resurslar olur.
Bişəkk, son seçkilərdən sonra Türkiyə cəmiyyəti daha dayanıqlı və özünə güvənli bir hala gələcək. Ölkənin xarici sərmayələr üçün daha cəlbedici olacağını da proqnoz eləmək mümkündür. Ən ümdəsi, 31 mart seçkiləri “müsəlman ölkədə dürüst seçkilər təşkil eləmək, plüralist cəmiyyət qurmaq mümkünsüzdür” deyənlərin ağzından vurdu, “Türkiyədə diktatura var” söyləyənləri pərt elədi. Diktatura rejimlərində ədalətli, bərabər seçkilər nə gəzir.
31 martdakı yetərincə azad və demokratik seçkilər eyni zamanda, qardaş məmləkətin dost-düşmənlərinin səfinə yeni işıq saldı. Ölkənin Avropa Birliyinə üzvlüyü çoxdan haqq etdiyini, lakin sırf müsəlman amili səbəbindən bu üzvlüyün əngəlləndiyini dünyaya nümayiş etdirdi. Odur ki, AKP-nin iri şəhərlərdəki məğlubiyyəti (hakim partiya ölkə üzrə ən çox səs alıb) əslinə qalsa, məğlubiyyət deyil, qələbəyə bərabər məğlubiyyətdir.
Əlbəttə, günün birində R.T.Ərdoğan və komandası da iqtidardan gedəcək. Ancaq bu, yalnız Türkiyə seçicisinin iradəsi ilə olacaq. Bəzi əyər-əskikliklərə və qüsurlara, davam edən narazılıqlara rəğmən, son seçkilərin ikinci mühüm yekunu, bizcə, budur. Bu, həm də dünyaya açıq bir ismarışdır ki, Türkiyədə xarici amillərin, pulun-paranın diktəsi və təsiri ilə hakimiyyət dəyişikliyinə, hərbi çevrilişlərə nail olmaq, ölkəni qarışdırmaq xam xəyaldır. Yəni yalnız seçki yolu.
Belə fikir var ki, 31 mart seçkiləri müxalifətə “nəfəs” verəcək, çünki hakim partiya üçün referendum xarakterli olan son seçkilərdə AKP ilk dəfə ənənəvi elektoral bazasında itki ilə üzləşib, 3 böyük şəhərin rəhbərliyinə öz adamının seçilməsinə nail ola bilməyib.
Olsun. Siyasi müxalifətin gücü artsın, “nəfəsi” açılsın. Müxalifətin güclü olması millətin, dövlətin nəfinədir, sağlam tənqid ab-havası deməkdir. Müxalifəti zəif olan güclü məmləkət varmı? Yox. Ötə yandan, 3 şəhərə başqanlıq əldən gedibsə də, bütövlükdə ölkəyə rəhbərlik və parlament hələ ki AKP-nin nəzarətindədir. 2023-ə kimi dövlətin sükanı Ərdoğan və komandasının əlində. Qoy uğursuzluq və boşluqlardan nəticə çıxarıb Türkiyə naminə daha yaxşı çalışsınlar.
Başqa tərəfdən, enində-sonunda müxalifət də dövlətin qüdrətlənməsini, xalqın daha yaxşı yaşamasını istəyir. İstanbulun, Ankaranın, İzmirin başında duracaq şəxslər düşmən millətdən deyil hər halda, erməni, PKK-çılardan da deyil…
Nəhayət, Türkiyənin artan gücü, dünyada möhkəmlənən demokratik imici sözsüz ki, ən çox Azərbaycanın gücünə güc qatacaq. Çünki iki ölkə nəinki qardaş, artıq “ət-dırnaq” kimidir. Bu “simbiozluq” Azərbaycana həm də qardaş ölkənin qabaqcıl seçki təcrübəsindən faydalanmaq şansı yaradır…