Bu əhvalatı 3-4 il öncə türkiyəli jurnalist Yılmaz Özdil yazmışdı, mən də ondan götürüb bir yazımda istifadə etmişdim. İndi yenə yeri gəlib.
Demək, Türkiyədə ölüm hökmü, ağır cəzalar, bağışlama-filan kimi mövzular növbəti dəfə qızışanda telekanalların biri tolk-şou təşkil edir və studiyaya bir liberal yazar da dəvət edir. Həmin liberal yazar dünyaya gələn hər bir şəxsin yaşamaq hüququ olduğunu deyir, qatillərin, hətta qadınları zorlayıb öldürənlərin də edam olunmamasını vacib sayır, bu mövqeyini, türkün sözü, şiddətlə savunur. Üstündən 15-20 gün keçir, məlum olur ki, kitab piratları həmin yazarın yaxşı satılan bir kitabını qaçaq yolla nəşr ediblər, sataraq çoxlu pul qazanıblar və yazara maddi ziyan vurublar. Telejurnalistlər yazardan açıqlama istəyirlər. O da çox hiddətli şəkildə kameralar qarşısında deyir ki, belə korsanları (pirat) infaz (edam) etmək gərəkdir…
Adamda ədalətə baxın, xalqın qızını, gəlinini zorlayıb öldürənlərə verilən ağır cəzaya qarşı çıxır, amma özünə 5-10 min lirə zərər dəyib deyə edam hökmü tələb edir.
Biz də o gündəyik. Ədalətimiz o qədərdir – nə az, nə çox.
İndi ortaya xeyli müdafiəçilər çıxıb, “”Kazbek”ə şey basım zırranım” deyə mahnı yazaraq, açıq şəkildə narkotik maddə təbliğatı aparanların, eləcə də 3 gənc qızı içirdib, soyundurub, oxudub, videoya çəkərək ölkədə rüsvay edənlərin cəzalandırılmasına qarşı çıxırlar. Ay, nə bilim, insan haqları, pis presedent olacaq-filan.
İndi baxaq, görək, o adamları müdafiə edənlər həmişə belə müdafiəçi olardılarmı. Məsələn, sabah bir başqası da gedib həmin şəxsin bacısını, qızını içirdib, soyundurub, kamera qarşısında oxudub, videosunu çəkib, Vanuatudan Kanadaya, Yaponiyadan Çiliyə qədər 7 milyard insanın seyr edəcəyi bir məkanda yaysaydılar, onları sözün birbaşa mənasında rüsvayi-cahan etsəydilər, bu insan haqları müdafiəçiləri yenə də həmin dillə danışardılarmı?
Əsla danışmazdılar. Onların bir az qoçağı və cürətlisi cibinə dönər bıçağı qoyub gedərdi həmin o videonu çəkənin qapısına, yortub girərdi türməyə. Daha ağıllısı isə hüququ yollara baş vurardı, əlaqədar orqanlara şikayət edərdi, videoların silinməsini, onları rüsvay edənlərin ağır şəkildə cəzalandırılmasını tələb edərdi. Başına bu cür iş gələn və heç bir tədbir görülməsini tələb etməyən zəiflərin adını isə el arasında cayıllar çoxdan müəyyən ediblər. Bu, insanın baş nahiyəsi ilə aşağı ətrafını birləşdirən, onurğa sütununun başlanğıc nöqtəsi sayılan, bir adı da “ənsə” olan əzayla bağlı sözdür.
Hansısa ilan bizə dəymirsə, başqalarını çala-çala gedirsə, ona dözümlü oluruq, əfv edirik, elə ki ilan başını qaldırıb öz üstümüzə “fıss” elədi, deyirik, ordan çomaq gətirin, əfinin başını əzək.
Bir dəstə adam da var, TV-lərdə, sosial şəbəkələrdə baş alıb gedən müxtəlif əxlaqsızlıq təzahürlərini, özünü ortaya qoyanları tənqid edənlərin adlarını “əxlaq polisi” qoyurlar, onları susdurmağa çalışırlar.
Yaxşı, bəs necə olsun? Gündən-günə zayı çıxan, düzəni pozulan cəmiyyətdə bir qoruq-qaytaq olmasınmı? Xalqın əxlaqını pozan, şüuruna pis şeylər yeridən, murdarlıqlar, iyrəncliklər yayan adamlar ictimai qınağa tuş gəlməsinmi?
Siz ictimai qınağı xəfifə almayın. Onun olduğu və olmadığı durumlara dair çoxlu misal çəkə bilərəm.
Təyinat yerində işlədiyim rayonda iki kənd vardı – biri dağın ətəyində, biri çayın vadisində yerləşirdi. Aralarında 6-7 km məsafə olardı. Çayqırağı kəndin camaatı it oyanadan, hər şeyə bir söz qoşan, xırda bir qələti olanı kəndin içində biabır-dəsgah edənlərdən ibarət idi. Sırf dilə-dişə düşməməyin dərdindən o kəndin adamları özlərini ciddi aparmağa, nəfslərini boğmağa məcbur idilər. Ancaq dağətəyi kənd təxminən Bombey kimi bir yer idi. Camaat ailə-məişət zəminindəki söz-söhbətlərə belə təmkinli yanaşırdı, heç kim bir-birini işinə qarışmaz, bir-birini qınamazdı. Nəticədə dağətəyi kəndin cavanlarının bir çoxu əsgərlikdən qayıdanda yanıbalalı gəlirdi, bəzi kişilər başqasının evindən gecə əyilə-əyilə çıxanda tutulurdu, subay qızların hamilə qaldığı vaqiələr olurdu… və s. və i.a. Kəndin adı pis çıxmışdı, amma bu, onların vecinə deyildi.
Özünüz də görürsünüz ki, ölkəni o kəndə döndərmək istəyənlər var. Hər kəs ağlına gələni eləsə, əndazə, hədd tanımasa, biabırçılıq olar, küçəyə çıxmaq, normal uşaq böyütmək mümkün olmaz. Deməli, hər kəs öncə öz əxlaqına, davranışlarına, sonra da başqalarının hərəkətlərinə diqqət etməlidir ki, papirosa anaşa doldurub çəkməyi reklam edənlər, lüt soyunub mahnı oxuyanlar hərəkətlərinin normal, hətta nümunəvi olduğunu düşünməsin.
Pis şeylər yoluxucudur, sirayət edə-edə gedir. Sonra cəmiyyət təpə başından yellənmiş K-700 traktoru kimi olar, tormozu tutmaz, dərəyə dığırlanıb darmadağın olar.