Yer üzündə nə ideal dövlət var, nə də ideal dövlət başçısı. İdealistlər olub, amma onlar da ideal ola bilməyiblər. Mümkün deyil. 200-dən artıq dövlətin rəhbərlərinin içində Uruqvayın asketik həyat tərzi keçirən, pul-para toplamayan, hətta öz maaşını belə tam almayan sabiq prezidenti Xose Mujika da var, öldürüləndən sonra 100 milyard dollara yaxın şəxsi sərvəti aşkarlanan, amma özünü sadə həyat yaşayırmış kimi göstərən, Moskvaya gedəndə çadır qurduran sabiq Liviya lideri Müəmmər Qəzzafi də.
Axtarsan, məlum olacaq ki, Qəzzafinin ardıcılları, müdafiəçiləri Mujikanınkından çoxdur. Araşdırsan, ortaya çıxacaq ki, 20 və 21-ci əsrin ən kristal, ən gözütox lideri olmuş Mujikanın tənqidçiləri də bəs qədərdir.
Bu işlər belədir: tənqid dövlət başçılarının alın yazısıdır. Onlar barmaqlarının beşini də bal eləyib tənqidçilərə yedirsələr, mümkün olmayacaq, yenə tənqid eşidəcəklər.
Bu xüsusda yeganə çıxış yolu tənqidə dözümlü olmaq, tənqidi rəylərin körükləndiyi ocaqları vaxtında söndürmək, tənqid dalğasının böyüməsinə imkan verməməkdir.
Yaponlar zəlzələ ilə iç-içə yaşamağı öyrəndikləri kimi, dövlət və hökumət başçıları, yüksək ranqlı məmurlar da vəzifə başında qaldıqları müddət ərzində (hətta sonra da) müntəzəm tənqid hədəfi olacaqlarını gözə almalıdırlar.
Dünyanın hər yerində belədir: hər kəs dövlətdən və onu idarə edənlərdən umur. Hətta dövlətin mənafeyi üçün ömrü boyunca əlini ağdan-qaraya vurmayan, dövlətə qara qəpik xeyri olmayan adamlar da işləri bərkə düşəndə dövlətin üstünə qaçırlar.
Görünür, belə olmalıdır. Dövlət böyük bir ailə deməkdir və heç bir ailə öz işləməyən, ailə büdcəsinə fayda verməyən fərdini bayıra atmır, daima himayə edir.
Bu baxımdan “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara dövlət yardımının göstərilməsi yaxşı addımdır, amma onu da tənqid edənlər var.
Dövlət zərərçəkən sahibkarlara yardım etməsəydi, tənqid dalğası daha şiddətli olacaqdı. Bu dəfə “vətəndaş dövlət üçün deyil, dövlət vətəndaş üçündür” deyənlər meydana çıxacaq və haqlı şüarlar səsləndirəcəkdilər.
Hazırda isə “dövlət öz üzərinə sığorta şirkətlərinin funksiyasını götürməməlidir” deyənlər fəaldır və onların fikrində həqiqət payı var.
Başqa sözlə, söhbəti hansı səmtə döndərsək, məsələyə hansı tərəfdən yanaşsaq belə, tənqid üçün material tapılacaq.
Amma haqq-ədalət deyilən bir şey də var. Adamların illərlə pul toplayıb əldə etdikləri mağaza, əmtəəyə yatırdıqları pul vəsaiti bir saatın içində külə və tüstüyə çevrilib, yox olub.
İndi bu dar günlərində bu binəsib vətəndaşların qolundan dövlət də tutmasa, kim tutacaq? Buna görə dövləti, sahibkarlara yardım göstərilməsinin təşəbbüskarlarını qınamaq insafdan olmaz.
Bir də adlarına böyük-böyük “sahibkar” deyilməsinə baxmayın, onlar sadəcə, ticarət sektorunun fəhlələridir və dünyanın parasını qazanmırlar, bir ortabab avtomobilləri olur, bir babat evləri, bir də xeyirdə-şərdə iştirak etmək üçün bir az pulları. Qalan hər şeyləri ticarətini apardıqları əmtəəyə yatırılmış olur. O da olmayandan sonra bu şəxslər gerçəkdən də yeddi yetimlə bir dərədə qalmışa dönürlər.
Məsələnin bir başqa tərəfi də var, bu da ictimaiyyətdə narahatlıq doğurur. Bir çoxları hesab edir ki, sahibkarlara dəymiş fantastik məbləğli ziyan (hazırda 200-300 milyon) həddən artıq çoxdur və bu rəqəm gələcəkdə süni şəkildə şişirdiləcək. (Onu da qeyd edək ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə dövlət büdcəsində bu qədər pul yox idi).
Bu, “Allah verdikcə bəndə gümana gələr” situasiyasıdır. Gerçəkdən də elə adamlar var ki, 50 min ziyana düşübsə, 150 min manatlıq zərər çəkdiyini iddia edəcək, istədiyini ala bilməyəndə hay-küy qaldıracaq, şantaja keçəcək, mətbuatda açıq məktublar yazacaq, mitinqlərə qoşulacağını, hətta vətəndaşlıqdan imtina edəcəyini bəyan edəcək.
Belə pəstəhaları çox görmüşük. Bir çox fəndgir, kəmfürsət adamların dövlətə sağmal inək kimi baxdıqları, imkan yaranan kimi onu sümürməyə çalışdıqlarını illərdir hamı görür. Bəzi əndişələr bu üzdəndir. Əslində bunu vətəndaşın dövlətə sahib çıxması cəhdi kimi da yozmaq olar.
Haqlı-haqsız tənqidlərə gəlincə, tənqid inkişafın təkanverici qüvvəsidir, qorxulu deyil, zəruridir. Yetər ki, ortada şərləmə, qəsdən gözdənsalma, yüngül narazılıqları körükləyib qızışdırma halları olmasın.