Qaraçı uşağın təsəvvürləri

“Çipollino Çipollonenin oğlu idi. Özünün də yeddi qardaşı vardı:  Çipolletto, Çipollotto, Çipolloçça və sairə, bunlar soğan ailəsinə ən uyğun adlar idi. Düzünü desək, onlar yaxşı adam idilər, ancaq bəxtləri heç gətirmirdi. Nə edə bilərsən, soğan olan yerdə göz yaşı da olacaq”

(Canni Rodari, “Çipollinonun macəraları”) 

“Soğan olsun, nağd olsun” ata sözü hazırda qüvvədən düşmüş vəziyyətdədir, çünki soğanın qiyməti kəlləçarxa qalxıbdır. Bəzi dükanlarda kilosunu 1 manat 50 qəpikdən satırlar. Unsiya hesabı eləsək, hətta soğan bu dəqiqə qızıl-gümüşə bərabərdir. Camaat soğan soymağa imkanı olmadığı üçün qan ağlayır. İqtisadçı ekspertlər, hökumət nümayəndələri, müxalifət, QHT-lər, Milli Şura, Antimilli Şura, canım sənə desin, Xalq Hərəkatı və Qarabağ Azadlıq Təşkilatı soğanın bahalaşmasından çox narahat olmuşdur. Hamı bunun səbəblərini axtarır. Gələn həftə şənbə günü “Məhsul” stadionunda yer götürüb soğan əkəcəyik, daha doğrusu, mitinq keçiriləcəkdir. Şüarlar Bakı polis idarəsi ilə razılaşdırılıb: “Bizi soğan kimi soymayın, Küçələrdə qoymayın!”, “Atan soğan, anan sarımsaq, Hardan oldun gülməşəkər!?”, “Hər evə Hövsan soğanı!”, “Cıdır düzündə bitər soğan, Filan-filan olsun erməniləri doğan!”, “İş, soğan, Qarabağ!”, “Qış da dönər soğana, Səs versək Etibara!” və sairə.

Soğanın qəfil bahalaşmasının iqtisadi, siyasi, sosial, geopolitik, etnoqrafik, ekoloji səbəblərini araşdırmaq üçün hazırda AMEA Aqrar İnstitutu nəzdində Soğan Araşdırmaları Mərkəzi (SAM) yaradılmışdır. İlkin ehtimallara görə, bu bahalaşma ABŞ prezidenti Trampın Meksika ilə sərhəddə hasarı tikmək cəhdləri, Putinin qışda Baykal gölündə çimərkən soyuqlaması, “Diqlas”dakı yanğın, İrandakı sel, Türkiyədəki yağışlarla əlaqədardır. Həmçinin çinli alimlər süni insan klonu qayırmışlar, bu da gələcəkdə soğanın genetikasına təsir edə bilər, Ağcabədi fermerləri isə buna əmindirlər.

Ancaq Kənd Təsərrüfatı Nazirliyinin baş soğan idarəsinin mətbuat açıqlamasında deyilir ki, guya məhsulun bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Necə yoxdur? Lap qəşəng də var. Ümumiyyətlə, bizim ölkədə iqtisadi əsassız heç zad ola bilməz. Adicə bazar kisəsini külək havaya qaldırıb uçurdur, bunun da baxırsan hardasa kökü, əsası, yiyəsi vardır – zibil zavoduna gedib çıxır. Misal üçün, görürsən dükan yanır, yiyəsi acıqla küçəyə çıxıb mitinq edir, deyir orada 200 min manatlıq malım yanıb, indi evdə uşağa verməyə şar tapmıram. Dövlət baba da dilini dişləyir ki, ey dadi-bidad, bu yoldaş 200 min manatlıq mal alıbsa, yəqin şar da ala bilərmiş. Bəs niyə almayıb? Çünki şar 20 qəpikdir. Biz qlobal işlər görürük. Həm də bütün pulunu mala verməsən, ta bunun nəyi millət üçün işləmək oldu? Biz isə hamımız millət üçün işləyirik. Ona görə görürsən dükançı deyir: “10 ildir gecə-gündüz burda əziyyət çəkmişəm”. Elə bil hansısa elmi kəşf üzərində işləyirmiş, indi nazirlik buna Nobel mükafatı verməlidir.

Sözgəlişi, təzəlikcə bir balaca qaraçı uşaqla söhbət edirdim. Çox maraqlı ölçü sistemi var idi, hər şeyi… “Galenvaqen”lə ölçürdü: “Əmi, sənin Galenvaqenin varmı?”; “Dünən məni bir polis tutmuşdu, polislərin o qədər pulu var ki, istəsələr on dənə Galenvaqen alarlar”; “Mən böyüyəndə özümə Galenvaqen alacağam” və sairə. Belə başa düşdüm ki, bizim qaraçılar arasında qızıl diş kultu artıq öz önəmini itirmişdir. Yeni pərəstiş obyekti “Galenvaqen” maşını olmuşdur. Şirin uşaq idi, ağıllı nəticələri də var idi, misal üçün, dəmiryolu vağzalının yanında Qarabağda şəhid olmuş dəmiryolçuların şərəfinə düzəldilən xatirə guşəsindəki fotoları mənə göstərib dedi: “Əmi, bunların hamısını qatar vurub. Sən dəmir yolunu keçəndə ehtiyatlı ol”. Güldüm, ona yanıldığını izah elədim, dedim, bunlar vətəni qoruyarkən həlak olan qəhrəmanlardır. Yenə öz dediyindən dönmədi: “Yox, sən bilmirsən. Düzdür, onları ermənilər öldürüb, ancaq qatarla vurublar”.

Kim bilir, bəlkə də balaca boyu ilə məni ələ salırdı.

Загрузка...