“4 günlük” aprel müharibəsinin üçüncü ildönümü yaxınlaşır. İşğalçı ordunun “məğlubedilməzlik” mifini darmadağın edən və o vaxtkı Sərkisyan rejiminə ağrılı bir qulaqburması kimi tarixə düşən bu blits-hərbi uğurun müəllifi Azərbaycan əsgəri idi.
Erməni tərəfinin həmin lokal müharibə və hərbi uğursuzluqla bağlı qaldırdığı vay-şivən o vaxt heç bir nəticə vermədi. Vasitəçi dövlətlərdən Azərbaycanın (işğala məruz qalan ölkənin!) cəzalandırılmasını, separatçı rejimin “müstəqilliyini” tanımağı həyasızcasına tələb edən İrəvan yetkililərinin arzusu ürəyində qaldı. Az sonra Serj Sərkisyan irəli sürdüyü ön şərtlərdən vaz keçib Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə bir araya gəlməli oldu.
3 il öncəki “4 günlük müharibə”nin əsas dərsi də budur: Azərbaycan öz qanuni ərazisi daxilində işğalçı qüvvələrə qarşı yenə də lokal hərbi əməliyyatlar keçirərsə, buna dünya, Ermənistanın təmsil olunduğu “Rus NATO-su” heç nə deməyəcək. Erməniləri neçə vaxtdır təlaşlandıran da Azərbaycanın müharibə haqqını öz əlində saxlamasıdır.
Bu gün yenə Vyanada iki ölkənin rəhbərləri – İlham Əliyev və Nikol Paşinyan bir araya gələcəklər. Bu, onlar arasında ilk rəsmi təmas olacaq. Lakin ciddi siyasi ekspertlər bu görüşdən də nəticə gözləmirlər. Ən azından, erməni baş nazir Paşinyanın Vyana görüşü ərəfəsi sərgilədiyi mövqe, verdiyi absurd bəyanatlar nikbinliyə yer saxlamır.
Ancaq nəticəsizlik də özlüyündə nəticədir. O mənada ki, Vyanada Nikol Paşinyana Qarabağ məsələsində tezliklə konstruktiv mövqe tutmazsa, 3 il öncəki ağrılı “aprel qulaqburması” bütün ciddiliyi ilə xatırladıla bilər. Nəzərə alsaq ki, Bakı bundan sonra danışıq xətrinə danışıq aparmağı məqbul saymır, o zaman bugünkü görüş müharibə öncəsi son təmas da ola bilər…
Paşinyanın devirdiyi sələfinin yolu ilə getməsi absurd olmaqla yanaşı, ona və hakimiyyətinə sələfi kimi yaxşı heç nə vəd eləmir. Burası dəqiqdir. Çünki bu, blokadanın güclənməsinə, dağıdıcı müharibəyə aparan bir yoldur. Seçimi indi qoy o, özü eləsin. İşğal rejimini uzunömürlü eləmək üçün gətirilən ənənəvi bəhanələr daha işləmir. Belə bəhanələrdən artıq vasitəçilər də bezmiş kimi görünürlər. Odur ki, Paşinyan dönəmində ya sülh prosesində nəhayət, müsbətə real dönüş olacaq, ya da müharibə bu il qaçılmazdır.
Deyirlər, ən pus sülh müharibədən yaxşıdır. Bəlkə də. Fəqət, bu pis sülh illər ərzində normal sülhə gətirmirsə, onda necə? Əlbəttə, normalda heç kim gənc əsgərlərin ölümünü, dağıntı-fəlakət istəməz. Ancaq bunu gərək işğalçı tərəf də istəməsin, danışıqları imitasiya eləməkdən vaz keçsin. Belə imitasiyanın sonu bir gen gəlməlidir və mütləq gələcək. Atəşkəs on illər ərzində sülh sazişi ilə yekunlaşmırsa, deməli, savaşla yekunlaşacaq…
Neçə gündür “Sasna Tser” adlı radikal qruplaşma Dağlıq Qarabağda bölgənin Ermənistana birləşdirilməsi üçün imza toplayır. Ancaq ciddi nəticə əldə edə bilməyib. Separatçı rejim maneə yaradır. Deyirlər, “bizə birləşmə yox, Dağlıq Qarabağın ”müstəqilliyi” lazımdır”. Amma biz ki, ermənilərin son hədəfini yaxşı bilirik – “miatsum” (“birləşmə”).
Ermənilər beləcə, həmişə bizimlə məkrli oyun oynayıblar. İşğalçı ölkədə hakimiyyətlər dəyişsə də, iqtidarda 1 ildir “demokrat” Paşinyan ola da, “miatsum” oyununun mahiyyəti dəyişməyib. Bu oyunu pozmaq zamanıdır. Ya silahla, ya da güclü və çevik diplomatiya ilə. İşğalçıya sülhə gəlmək üçün axırıncı dəfə konkret vaxt, lap elə ultimatum verməyin zamanı çatıb.
Şəksiz, belə danışıqları ərazilərimizin azad olunmasına gətirən vasitə deyil. Biz sülhpərvər ölkə kimi bu cür danışıqlara getməklə dünyaya yalnız bir şeyi nümayiş etdirməliyik: Ermənistan sülhə hazır deyil, sülh üçün heç nə etmir, sülhə şans saxlamayıb və müharibə olacaqsa, bizim günahımızdan olmayacaq. Azərbaycan və Ermənistan rəhbərlərinin bugünkü görüşü ən əvvəl bu xüsusda önəmlidir və dönüş nöqtəsi ola bilər…