Siyasi arenada yaş söhbəti

İlk dəfə deyil, bu cür polemikalar 20-25 il əvvəl də vardı.

O vaxtın 28-33 yaşlı gənc siyasətçiləri, ölkənin siyasi arenasında “yurd”çular kimi tanınan və AXC(P)-nin daxilində fraksiya kimi fəaliyyət göstərən qrup tələb edirdi ki, siyasətə xalq hərəkatının dalğasında gələn və lider olanlar siyasətdən çəkilsinlər.

Bu qrup əvvəlcə müxalifət düşərgəsindəki hakimiyyəti götürmək, sonra isə bütövlükdə ölkədə hakimiyyətə gəlmək istəyirdi.

Qrupun liderləri o dönəmlərdə sərəncamlarında olan çoxsaylı qəzetlərdə tez-tez “köhnə siyasətçilər”in öz yerlərini “yenilər”ə verməli olduqları barədə müsahibələr verirdilər.

“Köhnə siyasətçilər” adlandırılanların da elə çox yaşı yox idi – 40-45 yaşdaydılar. Hədəf götürülmüş əsas siyasi fiqur İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədov və digərləriydi, bu polemikanın ən qızğın çağında onların 42-44 yaşları vardı.

Ancaq nəyə görəsə bu yaş o zaman bir çoxların gözünə “təqaüd yaşı” kimi görünürdü. Bu o zaman idi ki, hakimiyyətdə 75 yaşlı siyasət ustası və onun rəhbərlik etdiyi yaşlı komanda vardı, amma “gənc siyasətçilər”in onlarla çox da işləri yox idi, əsas hədəf müxalifətdəki “yaşlılar” idi.

Bəzən “gənc siyasilər”in özlərinə də sataşırdılar, yaşlarının azlığına, təcrübəsizliklərinə, universitet auditoriyasından birbaşa prezident aparatına getmələrinə ilişirdilər. Gənc yaşda yüksək dövlət vəzifələri tutmalarının onlarda başgicəllənməsi yaratdığı qeyd olunurdu.

Hətta “Yurd” qrupunun lideri Əli Kərimli özü də sonradan yaşlanıb həmin o “təqaüd yaşı”na yaxınlaşanda bir dəfə ona israrla “gənc siyasətçi” deyən opponentlərinə təpki göstərdi, yaşıyla fəxr etdiyini dedi.

Bəli, gerçəkdən də 40-65 arası yaş siyasətçi üçün ən optimal yaşdır, nə gənc, nə də qoca sayılmaz.

Fəqət bu, vaxtaşırı azad seçkilər keçirilən, demokratik rejimlərin hökm sürdüyü ölkələr üçün keçərlidir.

Bizdə hər 10-15 ildən bir ortaya yeni siyasi qruplar çıxır və onlar hesab edirlər ki, bütün uğursuzluqların səbəbi “yaşlı nəsil siyasətçilər”dir, onlar siyasi arenadan çəkilsələr və gənclərə yol açsalar, vəziyyət radikal şəkildə dəyişər, insanların seçib-seçilmək hüququ avtomatik olaraq təmin olunar.

Bu isə illüziyadır. Nəsillərarası münaqişə heç zaman gənclərin yaşlılardan getmələrini tələb etməsi və onların bu tələbə riayət etməsiylə həll olunmur. Düzdür, zaman öz işini görür, amma bunu öz ritmi ilə, aram-aram həll edir. Bir də görürsən ki, yaşlı nəsildən siyasi arenada heç kim qalmayıb, amma heç tələb edənlər də həmin arenada arzu etdikləri yerlərdə deyillər.

Məsələn, yuxarıda dediyim kimi, 20-25 il öncə siyasi arenanın “yaşlı”lardan təmizlənməsini istəyən qrupun fəalları sonradan siyasət meydanında boy göstərmək imkanı qazandılar, amma nə əldə etdilər? Hansı seçkidə ortaya parlaq nəticələr qoydular? Sələflərindən nəylə fərqləndilər? Hakimiyyətə gələ bildilərmi?

Heç biri olmadı. İndi onların da siyasi arenanın tərk etmələrini istəyənlər var.

Bu gedişlə gün gələcək, bugünkü tələbkarlar da yaşlanacaq, heç nə dəyişməyəcək və siyasətə 2010-cu ildən sonra atılanlar onlara “yaşlı” damğası vuracaq, siyasətlə məşğul olmamalarını tələb edəcəklər.

Bu yolla heç kim uğur qazana bilməz. Siyasət idman sahəsi deyil ki, bir az yaşlanan atlet daha gənc rəqibinə bir sıra parametrlərdə uduzsun və estafeti ona verməyə məcbur olsun. Əksinə, siyasətçi yaşlandıqca daha təcrübəli, daha ağıllı, daha tədbirli olur, daha sanballı qərarlar verir. O, yüz metri 10 saniyəyə qaçası deyil ki, nəfəsi çatmasın.

Həm də adama deyərlər ki, bu biz, o siz, gücünüz çatırsa, bizdən daha ağıllı və bacarıqlısınızsa, bizə qalib gəlin, daha güclü siyasi təşkilat yaradın, hərəkat başlayın, önə çıxın.

Bəlkə bu cür tələblər güclənməyin, təşkilatlanmağın müjdəçisidir? Ola bilər. Amma bu halda tələbkarlar müqavimətlə üzləşəcəklər, ətraflarına toplamaq istədikləri elektoratın bir hissəsini bəri başdan itirəcəklər. Çünki cəmiyyətdə yaşlı nəsil siyasətçilərin tarixi xidmətlərini unutmayanlar, onlara sayğı ilə yanaşılmasını vacib sayanlar, üstəlik, gənc siyasilərin bənzər tələblərini vaxtından tez büruzə verilmiş ambisiya hesab edənlər kifayət qədərdir.

Həm də bu ölkənin siyasi arenasının əsas problemi heç də yaşlı siyasətçilərlə bağlı deyil. Uzun söhbətdir…

Загрузка...